Rəsulzadənin nadir fotosu, Ağaoğlunun sürgün gündəliyi - ŞƏXSİ KOLLEKSİYADAN SEÇMƏLƏR
17:32 – 07 Sentyabr, 2017

Dilqəm Əhməd üç-dörd ildir ki, mühacirət və Cümhuriyyət arxivini toplamaqla məşğuldur: "Bu materialları İstanbulda toplayıram. İstanbul bizim mühacirlərin yerləşdiyi ən mühüm mərkəzlərdən biri idi. Bir çox mühacir orada fəaliyyət göstərib, orada vəfat edib, orada dəfn olunub. Ona görə də onlara aid fotoşəkillərin, məktubların, müxtəlif sənədlərin auksionlara çıxması təbii bir haldır".

 

Arxiv materiallarının bir qismi auksionlar və əntiq əşyalar satılan dükanlarla yanaşı, həmin mühacirlərin övladlarından, nəvə-nəticələrindən də əldə edilir. Bunun üçün isə onların etimadını qazanmaq şərtdir: "Bu gördüyünüz fotoşəkil Azərbaycanda ilk dəfə ortaya çıxdı. Ona görə də biz onu kitabımızın üz qabığına vurduq. Bu, 1918-ci ildə İstanbulda hoteldə çəkilib. Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Azərbaycan nümayəndə heyəti o zaman Türkiyədən dəstək almaq üçün getmişdilər. Heyət 4 nəfərdən ibarət olub - Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədli, Aslan bəy Səfikürdski və Əhməd bəy Pepinov".

 

Araşdırmaçının arxivində Məhəmməd Əmin Rəsulzadənin Polşadan göndərdiyi üç  məktub da var: Bu məktublar Rəsulzadənin öz xətti ilədir. Sağlamlığı ilə bağlı İstanbuldakı dostlarına məlumat verir. Rəsulzadəyə aid digər çox nadir foto onun Finlandiyada çəkilmiş fotosudur. 1922-ci ildə Finlandiyanın Hyvinkaa şəhərində çəkilib. Rəsulzadə Peterburqdan qaçanda ilk Hyvinkaa şəhərinə gedib. Orada bu tarixi foto çəkilib. Fotoda Abdullah Battal Taymas, Lütfi İshaki, Mustafa Salah və Rəsulzadə təsvir olunub".

 

Tədqiqatçının arxivində Cümhuriyyətin rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzetinin redaksiya heyətinin fotosu da var: "Burada yenə qəzetin redaksiya heyətindən Rəsulzadə var, qəzetin rus dili versiyasının redaktoru Şəfi bəy Rüstəmbəylidir. Türk dilində, yəni Azərbaycan dilində olan buraxılışının redaktoru Üzeyir bəy Hacıbəylidir.

 

Rəsulzadə ilə bağlı iki önəmli foto da var. Bunlar mühacirətdə çəkilib. Cümhuriyyətin ildönümünü qeyd ediblər, müxtəlif tədbirlərdən sonra çəkilib.

 

Məhəmməd Əmin Rəsulzadənin Abidin adlı azərbaycanlı tələbə tərəfindən Ədirnədə qara karandaşla çəkilmiş portreti də var.

 

Məhəmməd Əmin Rəsulzadənin bir imzalı kitabı da var. Onun ən məşhur "Azərbaycan şairi Nizami" kitabıdır. Kitabı Koreya müharibəsi qəhrəmanlarından Ənvər adlı bir şəxsə imzalayıb".

 

Dilqəm Əhmədin arxivinə təxminən 5-7 min dollar pul xərclənib. O, sosial şəbəkələrdə kampaniya keçirir, şirkətlərə layihələr yazaraq bu sənədləri əldə etmək üçün pul toplayır: "Türkiyədən alınası kitablar çoxdur. Cənab prezident də 100 illiklə bağlı sərəncam verib. 100 illiklə bağlı bizim bir neçə kitab layihələrimiz var. Arxivlərin alınması üçün də bizə dəstək olsa, biz onları əldə edərdik. İlk dəfə üzə çıxacaq yeni materiallardan kitab yazardıq. Müəyyən sahələrdə çalışıb qazandığımız pulları başqa şeylərə xərcləmirik. Pulları toplayıb hər ay, heç olmasa, bir neçə foto almağa çalışırıq".

 

Tədqiqatçı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə ciddi hazırlaşır: "2018-ci ilə "Mühacirlərin dönüşü" kitabımın ikinci hissəsini hazırlamaqla məşğulam. Orada da bir çox Cümhuriyyət xadimlərinin mühacirətdəki həyatından bəhs olunacaq. Nadir, ilk dəfə yayımlanan materiallar olacaq".

 

Bu isə Cümhuriyyətin ilk gerbidir: "Gerbin təsviri Abxaz knyazı Servaşidze  tərəfindən çəkilib. Müsabiqədə onun əsəri qalib gəlib. Təəssüf ki, gerbin Cümhuriyyət işğal olunduğuna görə rəsmi formada qəbul edilməsi mümkün olmayıb. Ancaq sonralar Rəsulzadə başda olmaqla mühacirlər jurnallarında təsvirini verib. 1920-ci illərdə sulu boya ilə çəkilmiş orijinal əsərdir.

 

Azərbaycan dövlətinin İran Qacar dövlətindəki səfirliyinin açılış fotosu var. Arxasında bir qeyd var. Səfir Adil xan Ziyadxanlı ortada dayanıb. Qeyddə yazılıb ki, Azərbaycanın bayrağı Qurani-Kərimin altından keçirilib, ucaldıldı Tehranda. Burada da gördüyünüz kimi, xalçaların üzərində Azərbaycanın üçrəngli bayraqları asılıb.

 

Layihəmiz var ki, Cümhuriyyət dönəmini əks etdirən foto-albom hazırlayaq. Sonra Cümhuriyyət xatirələri kitabı layihəmiz var. Mühacirətdə Cümhuriyyət dövrü ilə bağlı yazılan xatirələri bir kitab halına salmaq fikrimiz var".

 

Tədqiqatçı təkcə sənədləri, fotoları yox, eyni zamanda mühacirlərimizin məzarlarını da diqqətdə saxlayır: "Ən böyük layihələrdən biri də İstanbuldakı Feriköy məzarlığı haqqında bir kitab yazmaq istəyidir. Çünki orda bizim otuza yaxın mühacirimizin qəbri var, onlar arasında nazirlərimiz də, vəkillərimiz də var. Başda Əhməd bəy Ağaoğlu, Xosrov Paşa Sultanov olmaqla. Onların bir-bir məzarlarının təsviri, onlar haqqında ensiklopedik bilgilər də var. Biz həmçinin Azərbaycana Məhəmməd Əmin Rəsulzadənin dəfn albomunu da gətirdik. 34 fotodan ibarət albomdur. Cənazə namazının qılınmasından son mənzilə yola salınmasına kimi hamısı var".

 

Dilqəm Əhməd Ağaoğlular ailəsinə aid arxiv materiallarını da toplayır: "İstanbuldan gətirdiyim ən böyük sərvətlərdən biri də Əhməd bəy Ağaoğlunun Malta adasında sürgündə ikən yazdığı gündəlikdir. Əhməd bəy orda qəzetlərdən materiallar kəsib, onların təhlilini yazıb. Həm də öz gündəlik xatirələrini yazıb. Sonradan bu xatirələri özünün rəhbər olduğu "Axın" qəzetində hissə-hissə çap edib. Ancaq bu o xatirələrin orijinalıdır. Əski yazı ilə türk dilində".

 

Son sözü də tədqiqatçı desin: "Pul gəldi-gedərdir. Ancaq alınan bir foto Azərbaycan tarixinə düşür, həmişəlik qalır. Auksion elə bir şeydir ki, daha bir imkanlı şəxs hər an həmin sənədi ala bilər, öz kolleksiyasına qoya bilər. Biz həmişəlik ondan məhrum ola bilərik".

X

XƏBƏRLƏR
BÖYÜT