Sosial şəbəkələrdən və texnologiyalardan asılılığın səbəbi nədir?
19:07 – 07 Sentyabr, 2017

Müasir texnologiyaların yaratdığı asılılıqlar bütün dünyanı bürüməkdədir. Bəs bu asılılıq nəyə gətirib çıxarır? İnkişafa, yoxsa tənəzzülə? Sosial şəbəkələr, kompüter oyunları, mobil telefonlar insanların yalnız vaxtını alırmı? 
Ümumiyyətlə bu vərdişlərin fəsadları nə ola bilər? APA TV-nin "Bizim həftə" layihəsinin növbəti buraxılışında bu suallar ciddi müzakirə edilib.

 

Psixoloq Təhminə Çələbi deyib ki, uşaqlar bu gün evdə, valideynlərinin nəzarəti altında virtual həyat yaşayırlar: "Bu xoş hal deyil, əgər müəyyən baryeri keçibsə. Müəyyən baryeri aşıbsa, artıq asılılıq dərəcəsinə gəlib çıxır. İnternetdə, sosial şəbəkələrdən çox istifadə ediriksə, insan özü özünə sual verməlidir ki, bununla həyatımda baş verən hansı boşluğu doldururam". Psixoloqun fikrincə uşaqların internetdən istifadə yaşının aşağı düşməsi, insanların emosional halını kütləşdirmiş olur.

 

Jurnalist Seymur Zəkəryayev hesab edir ki, valideynlər uşaqlara vaxt ayırmamaq üçün onlara planşet verirlər: " Müəyyən yaşdan sonra bu uşağın psixologiyasında müəyyən bir asılılıq yaradır. Hər bir insan özünə hesabat verməlidir ki, bu mənə verir?"  S.Zəkəryayevin sözlərinə görə internetdən saatlarla əyləncə kimi istifadə etmək - oyun oynamaq, tanışlıq saytlarında olmaq neqativ nəticələrə gətirib çıxarır.

 

Əməkdar artist Hüsniyyə Mürvətova oğlunu dərsləri ilə əlaqədar internetdən ayırdığını qeyd edib. Aktrisanın internetdən, sosial şəbəkələrdən fəaliyyəti ilə bağlı istifadə etdiyini deyib: "İnternet mənim üçün iş, PR baxımından maraqlıdır. Amma sənət adamlarının şəxsi həyatına daha çox maraq göstərirlər". H.Mürvətova neqativ məlumatların yayıldığına görə "facebook"dan uzaqlaşdığını söyləyib.

 

"Belə bir məsəl var. Bıçağı biz çörək kəsmək üçün istifadə edirik, qatil cinayət törətmək üçün. Ondan istifadəmiz məqsədəuyğun, normal və şəxsi fəaliyyətimiz üçün lazımlıdırsa, deməli bu artıq normasındadır. İnternet asılılığı peşəsindən kimliyindən asılı olaraq çox insanda var" - psixoloq belə deyib.

 

Seymur Zəkəryayev internetin asılılıqla yanaşı, onun zamanla ayaqlaşmağa imkan yaratdığını söyləyib. Jurnalistin sözlərinə görə xaricdə uşağa müəyyən yaşa qədər instagramda qeydiyyata icazə vermirlər: Xaricdə buna qarşı müəyyən qadağalar var. Amma çox təəssüf ki, bizdə belə qadağalar yoxdur. Problem odur ki, valideyn uşağa vaxt ayırmaq istəmir. Planşeti uşağın qabağına qoyur ki, onunla işi olmasın. Bu da gətirib fəsadlara çıxarır".

 

Hüsniyyə Mürvətova valideynlərə uşaqlarına daha çox vaxt ayırmağı, onları mümkün qədər internet oyunlardan kənar tutmağı tövsiyə edib.

 

Təhminə Çələbinin sözlərinə görə internetdən istifadə edən hər kəsin özünə görə bir səbəbi var: "Burada məsələni kökündən həll etmək istəsək, gəlib ailələrə çıxırıq. Siz fikir versəniz, parklarda, yaxud hansısa əyləncə yerlərində valideynlərin əlində telefondur. Uşaq özü üçün orada nə isə edir, biz bilmirik. Avropada hansısa bir parka fikir versəniz, valideyn qumun üstündə uzanaraq, uşaqla böyük həvəslə nə isə düzəldir. O uşaqlığını paylaşır".       

 

Seymur Zəkəryayev zəruri məlumatları internet vasitəsilə əldə etdiyini söyləyib.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT