"Lütfi Zadənin nəzəriyyəsi dünyaya gəlir gətirib" - MÜZAKİRƏ
16:07 – 08 Sentyabr, 2017

Sentyabr ayının 6-da, dünya şörhətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, böyük azərbaycanlı Lütfi Zadə (Lütfəli Ələsgərzadə) vəfat etdi.  Zəngin həyat və fəaliyyət yoluna malik olan Lütfi Zadə öz vəsiyyətinə görə Azərbaycanda dəfn olunacaq.  Bəs Lütfi Zadədən nə qaldı? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında Lütfi Zadə irsindən danışılıb, onun dünya elmi qarşısındakı xidmətləri sadalanıb.

 

"Lütfi Zadəyə biz sadəcə Azərbaycan prizmasından baxmamalıyıq. Lüt Zadə dünya səviyyəli bir alimdir" - bu fikirləri millət vəkili Qənirə Paşayeva söyləyib.  Alimi Aristotel, Nyuton, Enşteynlə müqayisə edən millət vəkili, bu gün dünya elmində daha çox qeyri-səlis məntiq nəzəriyyəsinə istinad olunduğunu deyib: "Lütfi Zadə elmdə yeni bir inqilabın əsasını qoyub". Millət vəkili öz narazılığını da bildirib: "Lütfi Zadə əgər erməni, gürcü, yəhudi köklü olsaydı, indi Ermənistan, Gürcüstan, İsrail... Baxardıq oradakı insanların mövqeyi, yanaşması nədir? Kim deyir ki, Lütfi Zadə dedi ki, mən Azərbaycana heç nə eləmək istəmirəm, hamısı yalan danışır. Lütfi Zadə Azərbaycanı sevən insan idi".

 

Fizika-riyaziyyat elmləri namizədi, dosent Naqif Nəbiyev Lütfi Zadənin elmdəki yerini çox sadə misal ilə qeyd edib: "Say sistemimiz var. Bir, tamları saymaq üçün idi. Natural ədədlər deyirik. sonra tamı hissələrə bölmək üçün kəsirləri kəşf elədilər. Sonra komplekslər, vektorlar... Bu qarışıq dünyanı idarə etmək üçün bir riyazi dil lazım idi. Bu riyazi dili Lütfi Zadə tapdı. Məntiq sistemlərinin ən mürəkkəbini. Bu adamın nəzəriyyəsi praqmatik insanlar tərəfindən istifadə olundu. Çox böyük gəlir gətirdi bir çox firmalara". N.Nəbiyev deyib ki, Lütfi Zadə bütün ömrü boyu özünü azərbaycanlı saydı və bununla fəxr etdi.

 

Fəlsəfə elmləri doktoru Füzuli Məhəmmədoğlu Lütfizadənin həyat və fəaliyyətin yolundan bəhs edib. O deyib ki, Bakıda, Novxanıda doğulan görkəmli alimin Amerikadakı elmi fəaliyyəti 1946-cı ildən başlayıb: "Keçən əsrin 50-60-cı illərində Qərbdə bir neçə yeni cərəyanlar formalaşmağa başladı. Onların sırasında qeyri-xətti riyazi modelləri öyrənmək üçün yeni riyazi modellər təklif olunurdu. Bu zaman elm meydanına bir neçə istiqamətdə fərqli düşünənlər çıxdı. Onlardan biri də bizim həmyerlimiz Lütfəli Ələsgərzadə idi. Onun əsərlərinə baxanda görürük ki, o dövr üçün inqilabi adlana biləcək yenilik idi. Söhbət təkcə riyazi aparatın dəyişməsindən getmirdi. Elmi yanaşmada yeni mərhələnin başlanmasından gedirdi". F. Məhəmmədoğlu onu da qeyd edib ki, qeyri-səlis yanaşma elmində yeni imkan açaraq, sözün kompüterdə və rəqəmdə ifadə edilməsini yaratdı: "O sözün ifadəsinin arxasında isə müasir robotlar, elektrotexnikalar kompüterlər və sairələrin mikrosxemləri dayanır". 

 

Qənirə Paıayeva Lütfi Zadənin Azərbaycanda dəfn edilməsi məsələsinə toxunub: "Bəzi insanlar Lütfi Zadənin Azərbaycanda basdırılması yaxşıdır, pisdir düşünənlər bir şeyi bilməlidirlər ki, Lütfi Zadə o insanlardandır ki, basdırıldığı torpağı şərəfləndirən böyüklərdəndir. Bu Azərbaycan üçün çox müsbətdir".

 

Lütfi Zadəni Pifaqorla müqayisə edən Naqif Nəbiyev, onun riyaziyyat elminə yeni rəng çalarları gətirdiyini söyləyib.

 

F.Məhəmmədoğlu görkəmli alimin dünya şöhrətli mükafatlarından da danışıb: "Lütfi Zadə 1946-cı ildə Edinger mükafatını alan adamdır. Edinger mükafatı yeniliyi olan ideyası olan adamlara verilirdi. İlk həmin mükafatın müəllifi azərbaycanlı Lütfi Zadə olub. Lütfi Zadə Bencamin Franklin adına mükafatın da sahiblərindən biridir. O Keller Fridman kimi böyük adamlara verilmiş mükafatlardandır".  

X

XƏBƏRLƏR
BÖYÜT