Paytaxtda kompensasiya davası - REPORTAJ
17:48 – 08 Sentyabr, 2017

Nəsimi rayonunda Yusif Səfərov küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsini birləşdirən yeni yolun tikintisi layihəsi ərazidə yaşayan sakinlərin etirazına səbəb olub.

 

APA TV-nin xəbərinə görə, sakinlər yaşadıqları binanın sökülməsinə görə bazar şərtlərinə uyğun kompensasiya verilməməsindən narazıdırlar.

 

Artıq mənzillərin sökülməsi ilə bağlı onlara bildiriş göndərilib. Bildirişdə qeyd olunan kompensasiyanın məbləği sakinləri qane etmir. Deyirlər ki, təxminən bir ay öncə Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri sakinlərlə görüşüb və yaxın vaxtlarda binanın söküləcəyi ilə bağlı xəbərdarlıq ediblər: “Biz sakinlərə ədalətli kompensasiyanın veriləcəyi vəd olundu. Amma vədlərinə əməl etmədilər. Belə ki, 22.08.2017-ci il tarixdə bizə bildiriş verilib və 1 kvadrat metr üçün təqribən 1500 manat kompensasiyanın veriləcəyi qeyd olunub. Məlumat üçün bildirək ki, binadakı mənzillərin kvadratmetri 1 otaqlılar 14-28 kvadrat metr, 2 otaqlılar isə 30-40 kvadrat metr arasında dəyişir”.

 

Bu məbləğdə kompensasiyanın bazar şərtlərinə uyğun olmadığını bildirən sakinlər bildirir ki, onların yaşadığı ərazidə verilən kompensasiya hesabına ev almaq qeyri-mümkündür: “Yaşadığımız 28 May metrosu ətrafında, Kövkəb Səfərəliyeva küçəsi ərazisində binalarda mənzillərin tam təmirsizi 1 kvadrat metr üzrə minimum 2500 manata satılır. İndi bizim tələbimiz odur ki, ya digər pilot layihələrdə olduğu kimi, bizə də elə bir kompensasiya məbləği verilsin ki, mənzillərə uyğun şəhərdə başqa mənzil ala bilək, ya da elə binanın yerləşdiyi ərazidəki yeni tikililərdə mənzillərlə təmin olunaq. Bizə elə bir kompensasiya məbləği verilsin ki, mənzilimizə uyğun bir mənzil ala bilək. Yaxud elə binanın yerləşdiyi ərazidəki yeni tikililərdə mənzillərlə təmin olunaq. Qeyd edək ki, bu ərazidə 1 otaqlı mənzillərin minimum qiyməti 85 min manat təşkil edir”.

 

Sakinlər ədalətli kompensasiya tələb edirlər: “Bildirişdə qeyd olunan məbləği daşınmaz əmlakın sahibi olaraq qəbul etmirik və bazar şərtlərinə uyğun təzminat istəyirik. Əks halda, biz razılığa getməyəcəyik”.

 

Məsələyə münasibət bildirən Nəsimi Rayon İH-nin şöbə müdiri Hamlet Baxışov qeyd edib ki, bununla bağlı təmsil etdiyi quruma sakinlər tərəfindən müraciət olunub: "Məsələnin mahiyyəti ondan ibarətdir ki, Kövkəb Səfərəliyeva 25 saylı binanın sökülməsinə dair qərar "Azəryolservis" ASC tərəfindən həyata keçirilən layihələrlə bağlıdır. Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı həyata keçirilir. Bu tədbirlər planı çərçivəsində həmin yol birləşmələri üzrə layihələr reallaşdırılır. Sözügedən bina ötən əsrin ortalarından tikilmiş binadır. Şəhərin ümumi simasına xələl gətirən binalar kimi istismar müddəti başa çatır. Bu bina həm də yataqxana tiplidir. Burda həm şəhər sakinləri, həm də məcburi köçkünlər məskunlaşıb. Müraciətin əsas məğzi də məhz sakinlərin əksəriyyətinin söküntüyə etirazı  və təzminatla bağlıdır. Artıq tərəfimizdən müvafiq sənədləşmə işləri aparılıb. Sakinlərin bir çoxunun orda hüquq müəyyənedici sənədləri mövcuddur. Bu da aidiyyəti qurumlara təqdim olunub".

 

"Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli isə xatırladıb ki, bu ilin mart ayında Kövkəb Səfərəliyeva küçəsi 26-da binaların qarşısındakı əlavə tikililərin söküntü işlərinə başlanıb. Yeni tikilən yol avtonəqliyyat vasitələrinin  birbaşa Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyev küçəsinə, oradan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkət etməsinə imkan yaradacaq, bu isə öz növbəsində Yusif Səfərov küçəsində hərəkət intensivliyini xeyli azaltmış olacaq: "Layihəyə uyğun işlər aparılıb. İki mərtəbəli bina, köhnə həyət evlərinin söküntüsü həyata keçirildi. Növbəti mərhələdə isə qeyd etdiyiniz növbəti ünvanda yataqxananın sökülməsi nəzərdə tutulub. Bu istiqamətdə müstəqil qiymətləndirici bazara uyğun olaraq qiymətlər müəyyənləşdirib. Artıq həmin qiymətlərə uyğun olaraq sənədləri toplamışıq, aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilib. Sakinlər üçün kompensasiyanın ödənilməsi istiqamətində maliyyə vəsaiti ayrılıb. Sakinlərin bir neçəsi kompensasiyanın məbləği ilə razılaşıb. Alqı-satqı müqaviləsi də artıq imzalanıb. Bəzi sakinlər isə kompensasiya məbləğinin az olması ilə bağlı hətta bizə iki dəfə müraciət ediblər. Tərəfimizdən qiymətləndirici şirkətə yenidən müraciət olunub ki, yenidən qiymətləndirmə işləri aparılsın və bizə təqdim olunsun. Biz də yenidən həmin sənədləri müvafiq icra orqanına təqdim edək ki, əgər hər hansı bir dəyişiklik olarsa, müvafiq icra hakimiyyəti orqanından əlavə vəsaitin ayrılması təmin olunsun".

 

Belə... Tərəfləri dinlədik. Ümid edək ki, məsələ qarşılıqlı razılaşma əsasında, hamının razı qala biləcəyi şəkildə həll olunacaq. 

X

XƏBƏRLƏR
BÖYÜT