Mustafa Abbasbəyli: "Azərbaycanda daşınmaz əmlakın sığortalanması aşağı səviyyədədir"
18:17 – 11 Sentyabr, 2017

Azərbaycanda vətəndaşların sığortaya marağının az olması dəfələrlə vurğulanıb. Başqa məqsədlər üçün rahat pul xərcləyən insanlar əmlaklarını sığorta etdirmədiklərinə görə çox hallarda qınanılır. Amma vəziyyətin bu həddə çatmasında sığorta şirkətlərinin də rolu az deyil. Vətəndaşlar əmlaklarını sığortalatsa da, bəzən hadisə baş verəndə sığorta ödənişlərini ala bilmir. Ona görə də mütəmadi sığorta sahəsi ilə bağlı ən müxtəlif narazılığın şahidi oluruq. Bəzi vətəndaşlar niyə sığorta şirkətlərindən narazılıq edir? Sığorta sahəsində problem nədən qaynaqlanır və günah əsasən kimdə olur? Bu suallar APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında  müzakirə edilib.

 

Verilişin qonağı, sığorta sahəsi üzrə ekspert Mustafa Abbasbəyli hesab edir ki, sığortalıların qarşılaşdıqları problemlərin heç də hamısı sığorta şirkətləri ilə bağlı deyil: "Müştəri tərəfdə də səbəblər var, sığorta şirkətləri tərəfdə də səbəblər var. Sığorta şirkəti ilə müştəri arasında yardımçı rol oynayan dövlət yol polisinin və digər orqanlarını da səbəb kimi göstərmək olar".   M.Abbasbəylinin sözlərinə görə Kasko sığortasına görə yol polisindən forma 4 arayışının gecikdirilməsi sığorta şirkətinin işini ləngitmiş olur. Ekspert bununla bağlı çətinliklərin hələdə aradan qaldırılmadığını söyləyib.  

 

Ekspert deyib ki, sığorta şirkətləri ilə müştəri arasındakı mübahisəli məsələlərdən birincisi sığortanın verilib verilməməsi ilə bağlıdır: "Burada təcrübəyə əsasən müəyyən şirkətlər var, onlar dəymiş zərərin avtomatlaşdırılmış şəkildə qiymətləndirilməsini həyata keçirir. O qiymətləndirmə əsasında ödəniş sığortalıya verilir".

 

Hansı hallarda sığorta ödənişi verilməməlidir sualını cavablandıran ekspert bunun sığorta növlərindən asılı olduğunu deyib: "Əgər şəxs yol qəza hadisəsi nəticəsində zərər çəkibsə, yəni sığorta olunan  avtomobil digər avtomobilə zərər vurubsa, zərərçəkən halda istənilən halda dəymiş zərəri almalıdır. Təqsiri olan şəxs içkili vəziyyətdə digər avtomobilə ziyan vurubsa, zərərçəkən sığorta şirkətindən ödənişi alır, amma sığorta şirkəti verdiyi ödənişi, içkili olan sürücüdən, təqsirkar sürücüdən geri alır". Ekspert deyib ki, son sənədi təqdim edən şəxs 7 iş günü ərzində ya sığorta ödənişini, ya da sığorta ödənişinin verilməsini əsaslandıran yazılı məktub almalıdır: "Bu müddətdə ala bilməsə, sığorta sahəsinə nəzarət edən maliyyə bazarlarına nəzarət orqanı var, ora şikayət edə bilər. Bundan əlavə şəxs istənilən halda məhkəmə orqanına müraciət edə bilər".

 

Əmlakla bağlı məsuliyyətə görə sığortanın 5.000, səhhətlə bağlı məsuliyyətə görə isə 50.000 müəyyən edildiyini söyləyən ekspert, bunu kifayət qədər ciddi məsuliyyət həddi kimi qiymətləndirir.

 

Sığortanı yol polisi tərəfindən çağırılması məsələsinə münasibət bildirən ekspert deyib ki, qanuna əsasən 1.000 manata qədər olan zərərlərdə yol polisinin iştirakına ehtiyac yoxdur: "Daha yüksək zərərlərdə isə dövlət yol polisi dəvət olunur. Polisin müvafiq arayışları əsasında  sığorta ödənişi verilir. Kimin dövlət yol polisini çağırması elə də prinsipial deyil".

 

Daşınmaz əmlakın sığortasına toxunan M.Abbasbəylinin sözlərinə görə icbari olmasına baxmayaraq, daşınmaz əmlakın sığortalanması aşağı səviyyədədir: "Burada məcburi şəkildə sığortalanma mexanizmləri demək olar ki, yoxdur. Məsələn Bakı şəhərində 50 manat ödəmək müqabilində illik 25.000 manatlıq təminat almaq mümkündür".  Ekspert deyib ki, qanuna yerli icra orqanları daşınmaz əmlakın sığortası ilə bağlı araşdırma aparmalı, olmadığı təqdirdə müvafiq cərimə tətbiq etməlidir.

 

Ekspertin deyib ki, sığorta şirkəti müflis olduqda, qanunvericiliyə əsasən icbari sığorta üzrə ödənişləri  İcbari Sığorta Bürosu tərəfindən həyata keçirilir: "Qəsdən törədilmiş hər hansı sığorta hadisəsində sığorta ödənişi heç bir halda verilmir".

 

M.Abbasbəyli sığortaya tətbiq edilən vergi və sosial ödənişlərlə də bağlı danışıb. Ekspertin sözlərinə görə, qanunvericiliyə əsasən minimum 3 il müddətində sığorta şirkətinə istiqamətləndirilən sığorta haqqı tam olaraq vergidən və sosial sığorta haqlarından azaddır.

 

Könüllü sığorta növlərinə toxunan ekspert deyib ki, bu cür sığorta növlərinin də inkişafı icbari sığortadan keçir.  

X

XƏBƏRLƏR
BÖYÜT