Aygün Kazımova konsertində uçacaq - 30 İLLİK ARZUSU GERÇƏK OLACAQ
18:36 – 12 Sentyabr, 2017

Xalq artisti Aygün Kazımova 30 illik səhnə fəaliyyətinin hesabatını verməyə hazırlaşır.

 

APA TV-nin məlumatına görə, o, sentyabrın 22-də "Baku Cristal Hall"da solo konsert verəcək.

 

Bununla əlaqədar olaraq xalq artisti jurnalistlər üçün konfrans təşkil edib, konsertin bəzi detallarını açıqlayıb. Mətbuat katibi Aynur Hacıyeva bildirib ki, bu, milyonluq layihədir, 60-70 nəfərlik komanda gecə-gündüz çalışır.

 

Müğənni isə bu hesabatın onun üçün heç də asan olmayacağını bildirib: “Hər zaman konsert bitəndən sonra böyük depressiyaya düşürəm. Amma indi depressiyadan çıxmaq yolunu tapmışam. O da 30 il səhnə fəaliyyətimdən sonra. Bu dəfə tapdığım yol odur ki, Redha ilə işbirliyimiz davam edir. Bu dəfə depressiyaya düşməyəcəyəm”.

 

Layihənin rəhbəri Şahin Qurbanov, rejissor və xoreoqrafı fransalı Redha Benteifour, bədii rəhbəri əməkdar artist Rəşad Haşımov, texniki direktoru Mübariz Abdullayevdir.

 

2 saat davam edəcək konsertdə Aygün Kazımovanın ən sevimli mahnıları səslənəcək: “Tamaşaçılar tərəfindən ən çox sevilən mahnılar olacaq repertuarda. Köhnə mahnıların hamısı yeni aranjemanda olacaq. Repertuar seçimi çox çətin idi. Rəşad iş prosesinə mart ayından başlayıb. Ən çətin məqamlardan biri mahnı seçimi idi. Rəşadla birlikdə dəfələrlə zəngləşib görüşdük. Mən orada 50 mahnı oxuya bilmərəm. Konsertimizin formatı tamam başqadır. Nələrəsə tabeyik, çərçivədən çıxa bilmirik”.

 

Formatdan söz düşmüşkən, təşkilatçılar çox iddialı danışdılar. 2 saatlıq proqramda hər saniyə belə nəzərə alınacaq və bununla da Azərbaycanda bir ilkə imza atılacaq: “Çox böyük məktəb keçirəm. Hər zaman həsrətində olduğum məktəbi keçirəm. O məktəbi biz keçməmişik. Bu, Avropa məktəbidir. Tamam fərqli məktəbdir, mənə çox şey verib. Siz 30 ildən sonra səhnədə tamam fərqli bir insanı görəcəksiz”.

 

Aygün xanımın tamaşaçılara sürprizi də var: "2 saat ərzində özüm ifa edəcəyəm. Duet ortağım olmayacaq. Gənc reperimiz olacaq. İlk dəfə səhnəyə çıxacaq. Komandamızın bir üzvüdür. Adını açıqlamayacağam. Sürpriz olsun. Bu, onun yaradıcılığı üçün gözəl başlanğıc olacaq”.


Redha Benteifour isə xalq artisti ilə bağlı bunları deyib: “Bildiyimə görə, Aygün iki sözün birləşməsindən əmələ gəlib. Aygün xanım bu iki sözü öz istedadında birləşdirib. O, məsuliyyətli və peşəkardır. Hədəfinə çatmaq üçün çox çalışır. Bir çox ulduzlarla çalışmışam. Bu layihədə çalışmaqdan zövq alıram. Bu işbirliyi bir başlanğıcdır”.

 

Texniki direktor Mübariz Abdullayev bildirib ki, səhnə möhtəşəm olacaq. 200 tonluq avadanlıqdan istifadə olunacaq. Tamaşaçılara işıq və lazer şousu təqdim olunacaq.

 

Xalq artisti 30 illik hesabat konsertində arzusunu da reallaşdıracaq. O, sözün əsl mənasında qanad açıb uçacaq: “Bəli, planda belə bir şey var. 4 nəfərlik heyətlə bu edəcəyik. Bu layihə vasitəsilə bir çox arzularımı həyata keçirəcəyəm”.

 

Qeyd olunub ki, konsertin başqa ölkələrdə də keçirilməsi planlaşdırılır.

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT