OPEK ümidlidir, ABŞ yenidən fəaliyyətə keçir - NEFT BAZARINDA QEYRİ-MÜƏYYƏNLİK
11:03 – 13 Sentyabr, 2017

Dünya bazarında xam neftin qiymətlərində qeyri-stabillik davam edir.

 

APA TV-nin məlumatına görə, ötən gün axşam satışlarında "Brent" markalı neft 54,38 dollara qədər bahalaşıb. Sonradan ucuzlaşan bu markadan olan neft hazırda 54,17 dollara satılır.

 

Qiymətlərə müxtəlif səbəblər təsir edir. OPEK-in mart ayının sonundan etibarən istehsalı daha altı ay dondurmaq niyyətində olduğu bildirilir. Bu arada Liviyada neft hasilatında gündəlik 112 min barel azalma var. ABŞ-da isə qaya neftinin istehsalı iki həftə öncə başlayan "Harvi" qasırğası səbəbindən böyük ziyan görüb. Neft emalı zavodlarının 25 faizi öz işini dayandırmışdı. Hazırda Meksika körfəzi sahilində yerləşən neft emalı zavodları öz işinə bərpa etməyə başlayıb.

 

Qərbi Texas (WTİ) nefti ötən gün axşam saatlarında 48 dollara satılırdısa, hazırda 48,24 dollara təklif olunur. Qasırğa səbəbindən iki marka arasında yaranan 6 dollarlıq fərq hələ də qalmaqdadır.

Qaya neftinin 50 dollardan ucuz olması, "Brent" neftinin isə bahalaşması OPEK və qeyri-kartel ölkələrinə sərf edir. ABŞ hasilatçıları isə yerli neftin qiyməti 50 dollardan baha olanda istehsalda maraqlı olurlar.

 

ABŞ-da özəl sektorun açıqlamalarına görə, neft ehtiyatları ötən həftə 6,18 milyon barel artıb. Bununla belə qasırğanın təsiri ilə azalan istehlakın yenidən artması da gözlənilir.

X

XƏBƏRLƏR
BÖYÜT