Türkiyə səfiri: "Bakıda Nuru Paşaya abidə qoyulmasını arzu edirik"
12:19 – 13 Sentyabr, 2017

"Bizi birlikdə daha da möhkəm edən bir-birimizə olan inamımızdır".

 

APA TV-nin məlumatına görə, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakının erməni işğalçılarından azad olunmasının 99-cu ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.

 

Səfir qeyd edib ki, Türkiyə və Azərbaycan hər zaman bir-birinə dəstəkdir və bunu kimsə dəyişə bilməyəcək. E.Özoral həmçinin növbəti ilin Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 100-cü ildönümü olduğunu xatırladıb və ölkəmizdə Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsini arzu etdiklərini dilə gətirib: "Bakıda Nuru Paşanın abidəsinin ucaldılması hər türkün təbii olaraq istədiyi bir xüsusdur. İnşallah, bu, 100-cü ildönümü vəsiləsi ilə həyata keçər. Buradakı çıxışlarda da həmin tələb dilə gətirilib. Önəmli olan təbii ki, Azərbaycandakı qardaşlarımızın bunu istəyib, bu işin arxasınca getməsidir".

 

Millət vəkili Qüdrət Həsənquliyev isə qeyd edib ki, tarixən ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırım siyasəti yaddaşımızda silinməz iz buraxıb. Qardaş Türkiyə ilə bir millət-iki dövlət olduğumuzu xatırladan deputat bizi bir-birindən ayrı salmaq cəhdlərinin hər zaman olduğu kimi iflasa uğrayacağını deyib.

 

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu isə deyib ki, əgər Qafqaz İslam Ordusu olmasaydı, Azərbaycanı SSRİ-nin tərkibinə müttəfiq respublika kimi deyil, kiçik subyektlərdən biri olaraq daxil edəcəkdilər.

 

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qafqaz İslam Ordusunun Azərbaycan Cümhuriyyətinin taleyində oynadığı rol, Türkiyə-Azərbaycan münasibətlərinin formalaşması və inkişafı mövzularında çıxışlar olub.

 

X

XƏBƏRLƏR
BÖYÜT