Qəbələdə FHN əməkdaşları arasında yarış başa çatdı
22:57 – 13 Sentyabr, 2017

Qəbələ rayonunda Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubu və FHN İşçilərinin Həmkarlar Təşkilatı tərəfindən birgə keçirilən səmti müəyyən etmə idman növü üzrə FHN-in V respublika çempionatının final mərhələsi başa çatıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, sentyabrın 13-də Qəbələ rayonundakı meşə massivində keçirilən yarışın bağlanış mərasimində Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev, FHN İşçilərinin Həmkarlar Təşkilatının sədri Mehman İsmayılov çıxış edib. Bildirilib ki, FHN-in qurumları arasında keçirilən səmti müəyyən etmə idman növü üzrə V ölkə çempionatında 19 qurumdan 19 komanda olmaqla 91 kişi və 5 qadın idmançı iştirak edib. İki gün davam edən yarışın final mərhələsində komandaların mübarizəsi ilə yanaşı, FHN-nin əməkdaşları şəxsi birincilik üzrə də öz bacarıqlarını nümayiş etdiriblər.

 

Məlumat verilib ki, FHN əməkdaşlarının baş verə biləcək fövqəladə hadisələrə hazırlığını yoxlamaq məqsədilə meşə şəraitində keçirilən bu yarışda kişi və qadın iştirakçılar kompas və xəritədən istifadə etməklə 4 kilometr məsafədə yerləşən 11 nəzarət məntəqəsini hamıdan tez taparaq finiş xəttinə çatmaq uğrunda mübarizə aparıblar. Burada hər bir idmançıya 2 saat vaxt verilib. Həmin vaxtda nəzarət məntəqələrini tapıb geri qayıda bilməyən iştirakçılar yarışdan kənarlaşdırılıb və qaliblər müəyyən edilib.

 

Yarışda FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası birinci yeri tutub. Qızlar arasında şəxsi yarışlarda FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva  kişilərin yarışında FHN-nin Aviasiya Dəstəsinin əməkdaşı Pərvin Əliyev birinci yerə çıxıb. Sonda ilk 3 yeri tutan idmançılara medal, diplom, kubok və qiymətli hədiyyələr təqdim olunub.

 

Qeyd edək ki, FHN-in əməkdaşları səmti müəyyən etmə idman növü üzrə Azərbaycan milli yığma komandasının heyətinə cəlb olunaraq dünya və Avropa çempionatlarında iştirak edəcək. 

 

X

XƏBƏRLƏR
BÖYÜT