Toy tortları haqqında bunları bilmirdiniz - REPORTAJ
13:56 – 14 Sentyabr, 2017

Son illər toy məclisləri üçün hazırlanan şirniyyatların dizaynına xüsusi diqqət yetirilir. APA TV-nin məlumatına görə, məclis sahibləri irihəcmli - iki-üç mərtəbəli, bəzən üç-dörd metr uzunluğunda tortlar sifariş edirlər.

 

Aqşin usta 17 ildir ki, şirniyyatçı işləyir. Deyir ki, hər işdə olduğu kimi, bu işin də asan və çətin tərəfləri var: “Ən asan tərəfini hələ ki, bilmirəm. Amma ən çətin tərəfi vaxtında çatdırmaqdır. Aydın məsələdir ki, toy tortları bir günə əmələ gəlmir. Hazırlıq axşamdan başlanır, ta ki tort məclisdə verilənə qədər”.

 

Usta deyir ki, son zamanlar sifarişçilər sanki bir-biri ilə rəqabət aparırlar. Hər müştəri istəyir ki, onun məclisində təqdim olunan tort fərqli olsun. Bunun üçün də ən ağlagəlməz dizaynlar təklif edirlər. Məsələn, bəzi tortlarda fontan quraşdırılır: “Elə tortlar var ki, 1 həftə, 10 gün, bəzən 20 günə hazır olur. Qəsr maketi olub qüllələrlə. O maket bizi həddən artıq çətinə salıb. Baxırdın ki, iş azdır, amma işlədikcə iş çıxdı. O iş bizim üç həftə vaxtımızı aldı”.

 

Aqşin usta sözünün əvvəlində maket sözünü işlətdi. Diqqətimizi çəkdi deyə soruşduq. Və çox maraqlı bir sirrin üstünü açmış olduq: "Axır ki, siz də bu gün öyrəndiniz bunu. Çox adam elə bilir ki, bu böyük tortlar həqiqidir. Bu tort deyil, maketdir. Sadəcə, bu hissədə (göstərir) gəlin və bəy üçün tort yerləşdirilir. Qonaqlara isə başqa tort təqdim olunur. Bu maketin hazırlanmasına 10-12 gün vaxt sərf olunub. Maketlərin hazırlanmasında elə tortlar üçün lazım olan materiallardan istifadə olunur, sadəcə, böyük həcmdə: marçipan, krem və s".

 

Ustanın üzərində işlədiyi tort üçün 50 kq-dan artıq marçipandan istifadə olunub. Maket üçün istifadə olunan detalları da ustanın çalışdığı komanda təmin edir. Sahibkar İlqar Abdinovun sözlərinə görə, üzərində son tamamlama işləri gedən maketə güllər, şamlar və digər kiçik bəzəklər əlavə olunacaq: “Həm maket, həm də tort kimi təqdim oluna bilər. Lakin bizim toyların proqramı çox sıx olduğu üçün servis, qonaqlara paylanması ilə əlaqədar çox zaman tələb olunur və belə maketin təqdim olunması daha məqsədəuyğun hesab olunur. Bu, dünya təcrübəsində də var. Praktikamızda olub ki, müştəri böyük həcmli əsl tortun təqdim olunmasını istəyib, lakin servis uzun çəkib”.

 

Qiymətlərə gəlincə, maketdən asılı olaraq, 500 AZN-dən 5 min AZN-dək ola bilər. Bu, tortlara aiddir. Maketlərin qiyməti də 500 AZN-dən 5 min AZN-dək dəyişir.

 

Təki həmişə toy, ağzımız da şirin olsun!

 

X

XƏBƏRLƏR
BÖYÜT