Yüksək dövlət vəzifələrini imtahanla tutmaq olacaq
14:29 – 14 Sentyabr, 2017

Bu il dövlət qulluğuna qəbul üzrə müsabiqənin ilk mərhələsi - test imtahanları oktyabrda keçiriləcək.

 

APA TV-nin xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov bildirib.

 

O qeyd edib ki, bu imtahan bütün dövlət qulluğu vəzifələri üzrə olacaq: “İmtahanlarda iştirak edənlər sonda sertifikat alacaqlar. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Həmin sertifikatı alanlar hansısa bir vakant vəzifə üzrə müsahibənin keçirilməsi üçün elan verildikdə, şərtlərə uyğun gəlirlərsə, növbəti müsahibə mərhələsində iştirak edə biləcəklər. Sertifikat almaq üçün dövlət qulluğuna test imtahanlarında müvafiq keçid balları olacaq. Namizədlər müvafiq qruplar üzrə müəyyənləşən keçid ballarını topladıqları halda sertifikatı əldə edə biləcəklər”. 

 

Bəhram Xəlilov deyib ki, hazırda ölkədə vakant dövlət vəzifələrinin sayı çoxdur. Onların arasında yüksək vəzifələr də var. Sədr müavini hesab edir ki, dövlət orqanlarında yüksək kateqoriyalı vakant vəzifələrə də seçimin aparılmasına başlamaq lazımdır: "Burada söhbət dövlət orqanlarının maraqlarından deyil, qanunvericilikdə nəzərdə tutulan tələblərin həyata keçirilməsindən gedir. Bütün dövlət orqanları vakant yerləri açıq elan etməli və Dövlət İmtahan Mərkəzinə təqdim etməlidirlər. Hazırda Dövlət İmtahan Mərkəzində dövlət orqanlarında 1000-dən çox vakant yer barədə məlumat var. Bunlar Dövlət Əmlak Komitəsi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyindədir".

 

Qeyd edək ki, Azərbaycanda dövlət qulluğuna edilən dəyişiklərə əsasən, dövlət qulluğu vəzifələrinin tutulması üçün şərtlər və qaydaların layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Layihədə bütün dövlət qulluğu vəzifələrinə namizədlərin ixtisasına, xüsusi biliklərinə və bacarıqlarına dair şərtlər yer alıb.

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT