Əsrə bir il qaldı - Bakının qurtuluşu
16:38 – 15 Sentyabr, 2017

1918-ci ilin sentyabr ayının 15-də Bakı İslam Ordusu Bakını ernəni-daşnak-bolşevik işğalından azad etdi. Beləliklə bu tarix Azərbaycanın müstəqillik tarixində önəmli bir mərhələ açdı. Əslində Azərbaycan faktiki olaraq öz müstəqilliyinə qovuşdu. APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında Bakının işğaldan azad olunması tarixi və dünyasını dəyişmiş, böyük sənətkar, Aşıq Ədalət yad edilib.

 

ATİB-in İdarə Heyətinin sədri Camal Yanğın deyib  ki, Nuru paşaya olan sevgini Bakıya gələndən sonra öyrənib: "Bunun adı niyə Qafqaz İslam Ordusu olub? Bu çox maraqlıdır. Mən bunu Azərbaycanın ziyalılarından dinlədim. Qafqaz İslam Ordusu könüllülərdən yaranmışdı, nizami ordu deyildi. Heç kim bilmir ki, Nuru paşa Camal paşanın qardaşı olaraq bu ordunu yolüstü, könüllülərdən topladı. Yolda soruşurdular hara gedirsən? Cavab verirdilər Azərbaycana, amma silahım yoxdur. Deyirdilər silahın yoxdursa, kürək götür. Bax ordu belə yığılırdı".

 

Tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl hesab edir ki, 15 sentyabr 28 may tarixinə bərabər bir gündür: "Bu ordu 1918-ci ilin mayın 25-də artıq Gəncə şəhərində idi, amma hüquqi əsası yox idi. Rəşid Behbudovun dillər əzbəri olan "Lalələr" mahnısı məhz Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi şərəfinə yazılmışdı. Orada bir misra var: nə vaxtdır Bakının gözü yoldadır, bir qonaq gələsiniz, bizə lalələr".

 

Dosent Faiq Qəzənfəroğlu deyib ki, 1918-ci ildə Azərbaycanda yaranan mürəkkəb vəziyyətin kökləri 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən irəli gəlirdi: "Nuru paşa Azərbaycana gedən əsgərlərə deyirdi ki, siz ora şəhid olmağa gedirsiniz". F.Qəzənfəroğlunun sözlərinə görə Bakının azad edilməsi "Böyük Ermənistan" planını xeyli dərəcədə pozmuş oldu.

 

Şair tədqiqatçı Əkbər Qoşalı həmin dövrdə ağır vəziyyətdə, faktiki olaraq işğal altında olmasına baxmayaraq Osmanlı dövlətinin qəhrəmanlıq göstərərək Azərbaycanın köməyinə gəldiyini vurğulayıb: "Çox ağır şərtlər altında ordunu bura göndərmişdilər". Ə.Qoşalı onu da əlavə edib ki, Nuru paşa ilə Azərbaycan milli hökuməti arasında fikir ayrılıqlarının olması təbii halda idi: "Çünki Nuru paşa hərbiçi idi. Buradakılar isə hərbiçi deyildi. Kitabdan-dəftərdən gəlmiş adamlar idilər. Amma nəticə etibarilə onlar eyni hədəfə vururdular". 

 

Camal Yanğın, Azərbaycanda həlak olmuş türk əsgərlərinin məzarlarını qoruyan ailələrlə yaxın tanış olduğunu deyib: "Elə əziyyətlər çəkiblər, elə qorxulu günlər keçiriblər ki... Mərəzəli Çavuş deyilən insanın ailəsini tapdıq. Cənab səfirə müraciət etdik və cənab səfirin yoldaşı bu işə dəstə verdik. Biz iş adamları da yığışaraq o ailənin evini yenidən təmir etdik, Bu elə bir borcdur ki, pul ilə qaytarılmır".  Camal Yanğın hesab edir ki, Nuru paşanın şərəfinə Azərbaycanda - Bakıda abidə ucaldılmalıdır.

 

Cavid İsmayıl deyib ki, Nuru paşanın Gəncədə erməni qırğınının qarşısını alması, Bakıdakı müsəlmanları qorumaq siyasətindən irəli gəlirdi. Tarixçi Nuru paşanın Azərbaycan hökuməti tərəfindən qaçırılması məsələsinə də toxunub: "Nuru paşa həbs olunandan sonra Azərbaycan Cümhuriyyəti onun azadlığa buraxılması üçün işlərə başlayır. Azərbaycan Cümhuriyyəti özünün ən ağır vaxtında Nuru paşanın həbsdən azad olunması üçün 200.000 manat qızıl pul ayrıldı. Nuru paşanı qaçırtmaq üçün Azərbaycan könüllülərindən ibarət Batuma dəstə göndərildi".

 

Verilişdə dünyasını dəyişmiş Aşıq Ədalət də anılıb. Əkbər Qoşalı deyib ki, Aşıq Ədaləti fərqləndirən sənətə vurğunluğu və vurğunluğu professional bir müstəvidə həll etməsi idi. 

X

XƏBƏRLƏR
BÖYÜT