Yeni tədris ilində hansı dəyişikliklər gözlənilir?
17:49 – 15 Sentyabr, 2017

Bu gündən Azərbaycanda yeni tədris ilinə start verilir. Yeni tədris ilinin başlanğıcı olan sentyabrın 15-i Azərbaycanda “Bilik günü” qeyd edilir. 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib. Bəs yeni tədris ili əvvəlkindən nə ilə fərqlənəcək?  Bu il təhsil sistemində hansı yeniliklərin şahidi olacağıq? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.

Təhsil Nazirliyinin ümumi təhsil və məktəbəqədər təhsil şöbəsinin baş məsləhətçisi Əhliyət Adıgözəlov deyib ki, bu il ölkə üzrə 64.049 şagird tam orta məktəblərə qəbul olunmuşdur. Məktəbəqədər hazırlıq qruplarından danışan Ə.Adıgözəlov, məşğələlərin oktyabrından 1-dən başlanacağını deyib. Bundan əlavə qurum rəsmisi pedaqoji mühazirələri də nəzərdə tutulduğunu söyləyib.

 Bakı Şəhər Təhsil İdarəsinin ümumtəhsil sektorunun müdiri Lamiyə Şərəfxanova məktəbəhazırlıq qruplarında məşğələlərin ödənişsiz şəkildə aparıldığını söyləyib: "Bu sistemdə artıq 20.000 şagird qeydiyyatdan keçib". L.Şərəfxanova təmayül siniflərdən də danışıb. O deyib ki, bu il 212 məktəb üzrə yuxarı sinif şagirdləri üçün təxminən 449 qrupda 4 əsas təmayül istiqamətini təmin etmişik.

Əhliyət Adıgözəlov əcnəbilərin uşaqlarının tam orta məktəblərə qəbul olunması barədə də danışıb. O deyib ki, bu proses miqrasiya rəsmiləşdirilməsindən sonra həyata keçirilir: "Burada dil istiqaməti mühüm rol oynayır".

L.Şərəfxanova hazırda Bakı şəhəri üzrə məktəblərin 70%-də rus bölmələrinin fəaliyyət göstərdiyini qeyd edib: "Təhsil Qanununda da göstərilmişdir ki, tədris dili Azərbaycan dilidir. Valideynlərin seçiminə hörmət əlaməti olaraq rus bölməsində fəaliyyət göstərən qruplar, siniflər saxlanılıb". Xarici ölkələrdən müvəqqəti gələn əcnəbilərin övladlarının ara siniflərinə qəbul olunduğunu söyləyən qurum rəsmisi, bunun Bakı Şəhər Təhsil İdarəsində fəaliyyət göstərən və uşaqların bilik səviyyəsini yoxlayan komissiya tərəfindən aparıldığını qeyd edib.

Ə.Adıgözəlov bu il 4.500 000 dərslik və metodiki vəsaitin nəşr olunduğunu vurğulayıb: "Azərbaycanda artıq uzun illərdir ki, şagirdlər pulsuz dərsliklərlə, müəllimlər isə metodiki vəsaitlə təmin olunub. Dərslik problemimiz demək olar ki, yoxdur. Çatdırılmasında problem yoxdur".

Lamiyə Şərəfxanova dərsliklərin paylanılmasında komanda işinin mövcud olduğunu bildirib: "Biz sentyabr ayının 8-ə qədər bütün dərsliklərin şagirdlərə paylanılması prosesini nəzarətdə saxlamışıq. Kitabxana müdirləri və sinif rəhbərlərinin birgə fəaliyyəti ilə sadaladığım məsələlərin tənzimnlənməsinə riayət olunmuşdur".

Əhliyət Adıgözəlov tam orta məktəblərdə təmayülləşmə prosesinə də aydınlıq gətirib: "Bu bir növ ali məktəbə qəbula istiqamətləndirməkdir. Dörd istiqamət üzrə - texniki, humanitar, təbiət və riyaziyyat-iqtisadiyyat  - istiqamətləri üzrə təmayül siniflər təşkil olunmuşdur. Bu o deməkdir ki, artıq uşaqlar seçdiyi peşə ixtisası üzrə hazırlığın təməlini qoymuş olur. Biz ötən ilin nəticələrinə baxanda görürük ki, təmayül sinfində oxuyan şagirdin repetitor yanına getməyə ehtiyacı olmur". 

X

XƏBƏRLƏR
BÖYÜT