Niyə tamaşaçılarımız seriallardan razı qala bilmir?
13:37 – 18 Sentyabr, 2017

Son dövrdə televiziyalarımızda bir serial bumu yaşanmaqdadır. Amma təbii ki, seriallarımıza münasibət heç də birmənalı deyil. Bir qisim hesab edir ki, seriallarımızda hələ də problemlər var, yəni estetik məsələlər, rejissor işi, ssenari baxımından mövcud problemlər həll olunmalıdır. Digər qismi isə işə  yeni başladığımız səbəbindən, problemlərin təbii olduğunu qeyd edir. Bəs nə üçün tamaşaçılarımız milli seriallardan razı qalmır? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu sual ətrafında müzakirə aparılıb.

 

Aktyor Kamran Yunis hesab edir ki, bütün problemlərinə baxmayaraq, Azərbaycanda çəkilən seriallar qənaətbəxş hesab oluna bilər: "Mənə belə gəlir ki, uğurlu hesab etmək olar. Qüsurlar var, amma məncə nikbin baxmaq lazımdır".

 

Ssenari müəllifi Reyhan İsayevanın sözlərinə görə əgər sadə tamaşaçı ekrana pərçimləyərək, onun gündəlik rejimini qurmaq istəyiriksə, burada bir qədər sadə süjet xəttinə üstünlük verməliyik: "Başlanğıcda həftəlik seriallara üstünlük verdik, indi artıq gündəlik seriallar var". Ssenarist deyib ki, əgər tamaşaçılar seriallara baxmadıqlarını iddia edirlərsə, onda nə üçün hər il bu qədər serial çəkilir? "Biz tamaşaçı üçün çalışırıq, məcburuq primitiv süjet yaradaq. Amma ildən-ilə inkişaf var" - Reyhan İsayeva belə deyib.   

 

Aktrisa Mələk Heydərova seriallarda nəzərə çarpan inkişafın olduğunu deyib: "Uşq vaxtı mən Braziliya seriallarına baxırdım, amma indi dönüb həmin seriallara baxanda adamı gülmək tutur". 

 

Kamran Yunis təhsil məsələsinə də toxunub: "Əgər Mədəniyyət və İncəsənət Universiteti oxumaq üçün 5 il vaxt veribsə, mən 25 ildir ki, öyrənirəm".  Tempo-ritmin vacib olduğunu vurğulayan aktyorun sözlərinə görə bu ilk növbədə ssenaridən irəli gəlir: "Elə rejissor var ki, deyir ssenariyə toxunma. Bu Quran ayəsi deyil axı?! Vergülü dəyişmək aktyorun ixtiyarındadır".

 

Serialın ciddi sənət növü olmadığını deyən Reyhan İsayeva, burada əsas yükün aktyorların üzərində cəmləndiyini söyləyib: "Aktyor onu o qədər oynayır ki, ssenarist də düşünür ki, nə gözəl mətn yazmışam. Həm də serialda aktyorun işləməyə vaxtı azdır. Biz aktyora mətni əvvəlcədən mətni verə bilmirik. Biz meydançada aktyora deyirik ki, hansı sözü özünüzə uyğunlaşdıra bilmirsinizsə, onu dəyişin".  

 

Kamran Yunis deyib ki, serial rahat sənət növü deyil: "Serial müharibədir. Peşəkarlıq budur ki, sən artıq mətni götürəndə  hazır olmalısan. Sənət əsəri insan ruhunun sərbəst yaradıcılıq məkanıdır".

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT