Kərkükə kim sahiblənəcək: İraq, Bərzani, yoxsa Türkiyə?
16:05 – 18 Sentyabr, 2017

Bazar günü İraqın Məsud Bərzaninin nəzarəti altında olan bölgəsində dırnaqarası müstəqillik referendumu keçiriləcək. Bu, Bərzaninin ilk avantürası deyil, bundan əvvəl də qondarma “Kürdüstan” qurmaq üçün analoji referendumların keçirilməsi barədə qərarlar qəbul edilib. Lakin Bərzani son dəqiqədə Türkiyənin və digər dövlətlərin təzyiqi ilə həmin referendumları təxirə salmışdı. Bu dəfə isə vəziyyət fərqlidir. Bərzani nəinki referendum keçirərək müstəqillik elan etməkdə israrlıdır, hətta Kərkükü də referendum keçiriləcək ərazilər sırasına daxil edib. Daha doğrusu Kərkük Əyalət Məclisi referendumda iştirak qərarı qəbul edib. Bərzaninin son addımları qonşu ölkələrdə və bölgədə maraqları olan güclər tərəfindən narazılıqla qarşılanıb, buna rəğmən sentyabrın 25-də Ərbil və ətraf bölgələrdə İraqdan ayrılaraq müstəqillik elan etməyə dair referendum keçirilməsi ehtimalı hələ də çox yüksəkdir. APA TV-nin "Panoram" layihəsinin növbəti buraxılışında İraq və Suriya türkmənlərinin son durumu geniş müzakirə edilib.

 

Kərküklü siyasi fəal Yəhya Əli Mehdi deyib ki, bu gün Kərkükdə yaşananlar, təkcə Kərkük üçün deyil, bütün Türk dünyasına böyük təhdiddir: "Əgər referendum keçirilərsə və Kərkük Kürdüstana bağlanarsa, o zaman həm Türkiyə, həm də Azərbaycan bundan ziyan görmüş olarlar. Biz ona görə Azərbaycandayıq ki, bütün Azərbaycan xalqı həqiqəti bilsin. Bilsin ki, orada da eyni dildə danışan bir Türk xalqı var. Kərküklər İraqda yaşayan qədim Türk toplumudur. Kərkük deyəndə ürəyimiz ağrıyır".  Siyasi fəalın sözlərinə görə 2003-cü ildə Səddam Hüseyn rejimi devriləndən sonra türkmanlar daha çox ziyan görməyə başladı: "Səddam zalım idi, türkmanları öldürürdü. Səddam gedəndən sonra düşündük ki, rahat yaşayacağıq. Amma bu heç də belə olmadı. 2003-cü ildən sonra kürdlər türkmanları yıxdılar. Kərkükü səssiz kürdləşdirməyə başladılar. Bütün vəzifələrə kürdləri təyin etdilər".

Y.Ə.Mehdi onu da əlavə edib ki, Kərkükdə türkmanlara qarşı təzyiqlər artmaqdadır.      

 

Şərqşünas Oğuz Məmmədli deyib ki, kürdlər daha qədim zamanlarda həmin torpaqlarda yaşamayıblar: "Sultan Alp Arslan Anadolunun qapılarını açdıqdan sonra bir sıra kürd tayfaları köç etməyə başladı. Daha sonra Sultan Səlimlə Şah İsmayılın savaşı əsnasında şafi - sünni olması səbəbindən ora kürdlərin kütləvi şəkildə köçürülməsi başlandı. Bərzani Qərbi Azərbaycan Ostanında doğulmuş bir şəxsdir". O.Məmmədlinin sözlərinə görə kürdlərin heç vaxt özlərinə xas olan dövləti olmayıb: "Ermənilərin 100 il bundan əvvəl keçdikləri yolu, kürdlər bu gün keçir".

 

Yəhya Əl Mehdi Kərkükdə Türk dilində təhsil almalarına baxmayaraq, bunun çox çətin şərtlər hesabına ərsəyə gəldiyini vurğulayıb: "Bu gün Kərkükdə hər kəs öz gücünü göstərir".

 

Oğuz Məmmədli hesab edir ki, bu gün Kərkükdə baş verən hadisələri media qurumları sükutla qarşılayırlar: "Bərzaninin "Rojova" televiziya proqramının hava proqnozunda Naxçıvan ərazisi də göstərilir. Problemin qarşısını almaqda bu gün Naxçıvan bizim üçün Kərkükdür. Bu gün Kərkükü qoruya bilmiriksə, sabah iddia olunan əraziləri qoruya bilməyəcəyik. Eyni zamanda Türkiyə üçün. Əgər bu gün Türkiyə Diyarbəkiri qoruya bilmirsə, 50 ildən sonra Kərkükü qoruya bilməyəcək. Orta Şərqin, ən əsası Türklərin taleyi Kərkükdə həll olunur". 

 

Yəhya Əl Mehdi iddia edir ki, bu gün Kərkükdəki türkmanlar təkcə Kərkükü deyil, Türkiyəni, eyni zamanda Azərbaycanı müdafiə edirlər: "Türkiyə Cümhuriyyəti, Azərbaycan hökuməti həqiqətləri bilməlidir. İraq türkmanları həmişə sülh içində yaşamaq istəyiblər".       

 

Oğuz Məmmədli Kərkük bölgəsində din məzhəb məsələsinə fikir ayrılığının olmadığını deyib.   

 

Yəhya Əl Mehdi isə deyib ki, biz Kərkükdə kürdə qarşı deyilik, sadəcə tədricən bizi kürdləşdirməyə çalışırlar: "Kərkükün Məclis başqanı türkman idi, getdi. Kərkük İlçə Məclisinin başqanı türkman idi. Getdi və sonra onun yerinə türkman təyin etmədilər". Kərküklü siyasi fəal referendum məsələsi ilə bağlı mövqeyini belə ifadə edib: "Kərkükün 100-də 40%-i İŞİD terror təşkilatının nəzarətindədir. Terror təşkilatı olan yerdə referendum keçirilə bilərmi?" Onun sözlərinə görə Kərkükdə yaşayan kürdlər belə referendumun əleyhinədir.  

 

 

X

XƏBƏRLƏR
BÖYÜT