Bakıda ictimai nəqliyyatda peşəkar sürücü çatışmazlığı var
18:23 – 19 Sentyabr, 2017

Azərbaycanda əhalinin böyük əksəriyyəti hər gün ictimai nəqliyyatdan istifadə edir. İctimai nəqliyyatın işinin səmərəli təşkili, xidmət səviyyəsinin yaxşılaşdırılması istiqamətində son dövrlərdə sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Məhz bu səbəbdən də avtobus sürücülərin bir çox qaydalara riayət etməmələri, sərnişinlərlə kobud rəftarları, dayanacaqdan kənarda saxlamaları və digər neqativ halların sayının azalmasının şahidi oluruq. Bununla belə, hələ də bəzi hallarda Bakıda sürücü və sərnişinlər arasında insidentin, xüsusi ilə də sürücülərin sərnişinlər tərəfindən döyülməsinin şahidi oluruq. Son zamanlar sürücü ilə sərnişin arasındakı  artan gərginliyin səbəbi nədir? Kimdir, müqəssir? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyib ki, əsasən kart sisteminə keçən avtobusların sürücüləri sərnişinlərin təzyiqinə məruz qalırlar: "Dayanacaqdan kənar saxlamağı tələb edirlər, və yaxud nağd şəklində ödəmə etmək istədikləri üçün sürücülər buna haqlı olaraq iradlarını bildirirlər".  Mais Ağayevin sözlərinə görə son 2 ay ərzində sərnişinlər tərəfindən 5 belə hal müşahidə edilib. Bununla belə qurum rəsmisi bütün təqsirlərin sərnişinlərin üzərində olmaıldığını da deyib. M.Ağayev onu da əlavə edib ki, kamera quraşdırılmayan avtobuslarda da bu kimi kifayət qədər hallar mövcuddur: "Lakin bu avtobuslarda zərərçəkən tərəf sərnişinlər olur. 141-ə daxil olan zənglərdən də görünür ki, daha çox sərnişinlər sürücülərdən naraqılıq edir. Sürücülərin məsuliyyətsizliyi səbəbindən baş verən halların statistikası daha çoxdur".     

Qurum rəsmisinin sözlərinə görə bu gün sürücülərin maarifləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir: "Ən mühüm addımlardan biri Sürücü Təlim Mərkəzinin yaradılması oldu. Əvvəl İslam oyunlarında iştirak edən sürücülər təlimlərdən keçirdi. Artıq bu marşrut şəbəkəsində çalışan bütün sürücüləri əhatə edəcək. Bununla bağlı daşıyıcılara məktub göndərilib. Hal-hazırda təlimlər davam etməkdədir". Qurum rəsmisi onu da əlavə edib ki, təlim mərkəzində sürücülərə sərnişin-sürücü münasibətləri də öyrədilir: "Qiymətləndirmə nəticəsində sertifikat ala bilməyən sürücülər ictimai nəqliyyatda, sükan arxasında əyləşə bilməyəcəklər. Ola bilsin ki, həmin şəxsin sürücülük vəsiqəsində D kateqoriyası var, amma onun təcrübəsi yoxdursa, onun təcrübəsi ictimai nəqliyyatda avtobus idarə etməyə, həmin sürücü ilə vidalaşacağıq. Buyurub, gəlib növbəti təlimlərdə iştirak edə bilər".  M.Ağayevin sözlərinə görə hazırda məlumat bazasında 3000 nəfərdən artıq sürücünün məlumatları qeydə alınıb.

Mais Ağayev qəza törədərək insan ölümünə səbəb olan marşrut xətləri və onların sahiblərində danışıb. Daşıyıcılara Bakı Nəqliyyat Agentliyi tərəfindən güzəştlər edilyini söyləyən Mais Ağayev, işinə məsuliyyətsiz yanaşan sahibkarlarla müqaviləyə xitam veriləcəyini qeyd edib: "39 nömrəli avtobusun daşıyıcısının istismarında olan digər xətlərin də yaxın vaxtlarda həmin daşıyıcılardan alınmasına dair işlərə başlanılıb". 

Qurum rəsmisi deyib ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən ictimai nəqliyyatda etik davranışla bağlı kitabça hazırlanıb: "Qeyd edim ki, həmin kitabçanın paylanılması təmənnasız olaraq orta məktəblərdə həyata keçirilir". Mais Ağayevin sözlərinə görə bu gün Bakının ictimai nəqliyyatında peşəkar sürücü çatışmalığı mövcud olmaqdadır.  

X

XƏBƏRLƏR
BÖYÜT