Şou-biznesin gizli tərəfləri...
13:53 – 21 Sentyabr, 2017

Azərbaycan şou-biznesində ittihamlar və qalmaqallar səngimək bilmir. Bəs şou-biznesin gizli, bilinməyən tərəfləri varmı?  APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu suala aydınlıq gətirilib, ittihamlar səslənib.

 

Teleaparıcı Kamran Həsənli iddia edir ki, Azərbaycanda şou-biznes yoxdur, sıfır səviyyəsindədir: "Düzdür 2000-ci ildən 2005-ci ilə qədər bir yarandı. Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Faiq Ağayev, Rüfət Mehdiyev, Samira və digərləri. Şou-biznes yaranmışdı, bu insanlar toya getməklə yox, konsert verməklə, tədbirlərdə iştirak etməklə pul qazanırdılar. Bəstəkarlar meydana gəldi, kliplər çəkildi. Amma şou-biznes məfhumunu bizim televiziya məhv elədi. Şou-biznes adlandırdığımız sahədə rüşvət, korrupsiya yarandı".

 

Teleaparcı hesab edir ki, Azərbaycan tamaşaçısının musiqi zövqü aşağıdır: "Biz mədəniyyətə 2-ci, 3-cü toplum kimi baxırıq. Rüşvətdən danışdıq. Tutalım mən veriliş aparırdım, amma onlardan efirə çıxmaq üçün pul almırdım".

 

"Bizim ermənilərlə yemək, balaban davamız var. Çox primitivdir" - Teleaparıcı belə deyib. Onun sözlərinə görə son on ildə şou-biznesdəki rüşvətin, korrupsiya səbəbindən qarşı tərəfdən məğlubiyyətə uğrayırıq. Kamran Həsənli istedadı olmayan müğənniləri efirə çıxaran bəzi şəxslərə ismarıc da verib: "Bizim musiqimiz bu gün tənəzzüldədir. Onlara efirdən müraciət də edə bilərəm. Qardaş, öz sevgililərinizi oxuyan eləməyin".

 

Prodüser Təranə Səmədova isə deyib ki, pulu olan efirdə aparıcılıq, müğənnilik edir, yaxşı və keyfiyyətli müğənnilər isə inciyirlər: "Onun nəticəsində biz inciməməliyik ki, Özcan Dəniz bədxahların hansısa musiqisini ifa edir. Bundan ağıllı bir çıxış yolu düşünməliyik". Təranə Səmədovanın sözlərinə görə ona müraciət edən istedadlı gənc müğənnilərin heç birini təmənnasız kanala çıxara bilmir.

 

Əməkdar artist Cavanşir Məmmədovun şou-biznesdə insan alverinin olması ilə bağlı mediada səsləndirdiyi fikrə münasibət bildirən Təranə Səmədova belə deyib: "Mən buna çox əsəbiləşdim. Ona o vaxt halal olsun deyərdim ki, ad çəkərdi. Jurnalistlər bir neçə insanın fikrini öyrənib. Saytın biri təkcə mənim rəyimi yazıb. Mən jurnalistə özüm zəng vurmamışam ki, açıqlama verim". T.Səmədova hesab edir ki, bu fikri səsləndirən sənətçinin başı əgər toylarına yetərincə qarışsaydı, danışmağa vaxtı belə olmazdı: "Bu insan artıq tükənməz səviyyədədir. O oxuyanda istedadına valeh olub, dinləmirəm. Sadəcə bu insan toy bazarına düşdü. Bunu şou-biznes müğənnisinin müzakirə etməsi düzgün deyil. Bununla məşğul olan orqanlar var. Əgər nə isə bilirsə, oxu atıb, yayı gizlətməsin, davamını gətirsin".  Prodüser onu da iddia edir ki, şou-biznesdə bu cür bəzi insanlar var.

 

Hüquqşünas Günel Səfərovanın sözlərinə görə istər şou-biznesdə, istərsə də camaat arasında insan alveri düşüncəsi nədənsə cinsi istismarla məhdudlaşır: "Burada köləliyə məcbur etmə, məcburi əmək və s. kimi hallar  təsbit olunur. Əgər kimdəsə belə bir fakt varsa, Daxili İşlər Nazirliyinin 152 qaynar xəttinə zəng vurub məlumat vermək olar. Hüquqda təqsirsizlik prezumpsiyası deyilən bir anlayış var. Əgər siz kimisə günahlandırırsınızsa və bununla bağlı məhkəmənin qərarı yoxdursa, o insan günahkar hesab edilmir. Bu məsələdə çox ehtiyatlı olmalıyıq. Efirlərdə, sosial şəbəkələrdə kimlərisə günahlandıra bilərik, amma onların hər biri məhkəmə predmetidir".

 

Kamran Həsənlinin sözlərinə görə Azərbaycan şou-biznes deyil, toy biznesi var: "İnsan kimi çox görürsə, onu da toya çağırır. Çox təəssüf ki, televiziya aparıcısının qazancı toydandır".

 

Toy biznesinə toxunan Günel Səfərova deyib ki, Azərbaycanda toy böyük bir biznesdir: “Toy sahibləri nə şadlıq sarayları, nə də müğənnilərlə müqavilə bağlamırlar. Bunun heç bir sənədləşməsi olmadığına görə tələb edə bilmirik. İstənilən halda konsertdən, toydan əldə edilən gəlirdən hər kəs vergi verib, məsuliyyətini dərk etməlidir”.  

 

X

XƏBƏRLƏR
BÖYÜT