Narkomana qız verirlər, fiziki məhdudiyyətli adama qız vermirlər - MÜZAKİRƏ
16:06 – 22 Sentyabr, 2017

Fiziki məhdudiyyətli insanlar cəmiyyət ayrılmaz parçasıdır. Onlar ictimai fəaliyyətlə fəal şəkildə məşğul olur,  dünyanın nüfuzlu idman yarışlarında birincilik əldə edirlər. Bəs bu cür insanların ailə qurmasında hansı problemlər var? Evlənmək istəyən əlillər hansı anlaşılmazlıqlarla üzləşirlər?  APA TV-nin "Bizim həftə" layihəsinin növbəti buraxılışında bu məsələ geniş müzakirə olunub.

 

Musiqişünas Ağasəlim Pühnanoğlu deyib ki, fiziki məhdudiyyətli insanların ailə qurması bağlı başlanğıcdan maarifləndirmə aparılmalıdır: "Birinci problem qızın tapılmasındadır. Onun razı olub, olmamasındadır. Ya valideyni, ya qardaşı, ya başqa qohumları tərəfindən maneələr olur. Başlanğıca bu hal normal qəbul olunanda qız da anlayır. Çox görmüşük, qızı narkomana verirlər, fiziki məsuliyyətli adama vermirlər".

 

Musiqiçi Humay Qədimova isə fiziki məhdudiyyət anlayışına belə münasibət bildirib: "Mənim üçün insanın fiziki qüsurlu olması onun əqlində, düşüncəsindədir. əsas düşüncə fiziki məhdudiyyətli olmasın. Bu Allahın münasibətidir, ona pis baxmaq olmaz". Müəllimlik fəaliyyəti ilə məşğul olan musiqiçi onu da deyib ki, tələbələrinin arasında fiziki məhdudiyyətli olan yoxdur: "Olsa idi belə çox böyük səbirlə ona elmi başqa uşaqlardan da yüksək səviyyədə tədris edərdim".

 

Psixoloq Səbinə Bayramovanın sözlərinə görə fiziki məhdudiyyətli insanlar psixoloji baxımından fərqli olur: "Görmə və eşitmə qabiliyyətini itirən insanlarda psixoloji problem yolu keçərkən, yaxud kimlərinsə onlardan saat soruşduqları zaman baş verir. Ortopedik problemi olan insanlarda isə problem daha ağırdır. Bu cür uşaqlar dünyaya gələndə valideynlər onları reabilitasiya, psixoloji dəstək mərkəzlərinə yönəltməlidirlər. Onların psixikası, sağlam insanların psixikası kimi formalaşmalıdır. Bu onlara qazandırılmırsa, həmin insanlar ağır psixoloji dönəm keçirir".  

 

Ağasəlim Pünhanoğlu hesab edir ki, əlillik probleminin olmaması həm də insanların özündən asılır: "Diqqətli olmaq lazımdır. Qohum evlilikləri gətirib buna çıxarır. Cəmiyyət bu baxımdan da maariflənməlidir".

 

Humay Qədimova deyib ki, fiziki məhdudiyyəti olan insanlara təəccüblə baxmaq olmaz, onlara son dərəcə həssas yanaşmaq lazımdır: "Mənim üçün o insanlar çox qiymətlidirlər".

 

Səbinə Bayramova bəzi valideynlərin övladlarına fiziki məhdudiyyətli insanlar barədə düzgün məlumat vermədiklərini qeyd edib: "Uşaqlar onlarla bağlı maraqlanır, öyrənmək istəyir, valideyn isə deyir ki, o anasının sözünə qulaq asmadığı üçün Allah tərəfindən cəzalandırıldı. Bununla da o uşağın gözündə zəif bir insan kimi təqdim olunur. Ən zəif maarifləndirmə valideynlərdə görünür". Psixoloq fiziki məhdudiyyətli insanların ailə qurması məsələsinə də toxunub: "Bəzən insanlar evliliyə kiminsə həyatını qurtarmaq, yaxud dinin inancının xətrinə qərar verirlər. Bunu özlərinə mükafat kimi qəbul edib, addım atırlar. Amma sən atdığın addımla həmin adamın həyatını məhv edə bilərsən. Sonra isə səbirsizləşib, daha ağır reaksiya verə bilərsən".          

 

Humay Qədimova da hesab edir ki, hər kəs öz təbəqəsi ilə ailə qursa, daha yaxşı olar: "Mərhəmətdən evlənmək yanlış bir şeydir". 

 

Ağasəlim Pünhanoğlu fiziki məhdudiyyətli insanların bəzən mediada düzgün təqdim edilmədiklərini söyləyib: "Demirəm ki, fiziki məhdudiyyət gizlədilsin. Hərdən elə yazılara yanlış adlar qoyurlar. Məsələn 25 yaşlı gözdən əlil skripka çalan. Bu maarifləndirməni korlayır".    

 

Səbinə Bayramovanın sözlərinə görə anadangəlmə fiziki məhdudiyyətlə sonradan qazanılan problem arasındakı birinci fərq, həmin insanların fərqli psixikaya malik olmalarındadır: "Anadangəlmə fiziki məhdudiyyəti olanlar yavaş-yavaş öyrəşirlər". 

 

X

XƏBƏRLƏR
BÖYÜT