Arzuları böyüməyən yeniyetmə: “Yaşamaq istəyirəm” – HƏYAT DRAMI
12:09 – 25 Sentyabr, 2017

Bu dərdlə mübarizə aparmaq üçün onun yaşı çox azdır. Cəmi 16 yaşı var, hələ gələcək üçün arzuları - diləkləri də kök salmayıb ürəyində. Bu yaşında bütün fikri yalnız sağlam olmaq istəyinə yönəldib. Sağlam həyat yaşamaq istəyir sadəcə... 16 yaşlı, həyatı yalnız xəyal qurmaqla keçən Tacirdir qəhrəmanımız. Əhmədov Tacir Ərəstun oğlu 2001-ci ildə Tərtərin Qaradağlı kəndində dünyaya göz açıb. Tacir ailənin böyük oğludur. 3-cü sinifdən məktəbi buraxmaq məcburiyyətində qalıb bu oğul bala, gələcəyin Vətən, torpaq keşikçisi. Valideynlərinin ən böyük dərdi Tacirin xəstə olmasıdır. Onun bu gözəl yaşında ən böyük arzusu sağlam olmaqdır: “Uşaqlar kimi gəzmək, əsgər getmək istəyirəm. Atamın, anamın göz yaşını görmək istəmirəm. Bir sözlə yaşamaq istəyirəm”.

Həyatı hələ qarşıda olan Tacir balanın yaşamaq istəyirəm - deməsini sakit, üzülmədən dinləmək mümkünsüzdür. O, xəstəliyini, həmyaşıdları kimi sağlam olmadığını tam dərk edir. Böyük insanların çətinliklə mübarizə apardığı bir xəstəliklə çarpışır bu igid bala. 2011-ci ildə cərrahi əməliyyatla sol böyrəyi çıxarılıb Tacirin. Bir müddət sonra ikinci - sağ böyrək sıradan çıxıb. 4 ildir dializ aparatına bağlı yaşayır. Həyatının ən gözəl yaş dövründə Allahdan sağalmasını istəyir. Həyatdan bezdiyi anlar da olur 16 yaşlı Tacirin.

Təhsil almaq arzusu da var bu balanın, əsgər getmək də istəyir. İncidir onu yaşıdlarından fərqliliyi. Deyir, dostları var və dost əhatəsini özü seçir. Siqaret çəkmək və digər pis vərdişləri olanlarla dostluq etmir. Xoşlamır belələrini. İnsansevər, ağır xəstəliklə mübarizə aparmasına baxmayaraq qürurlu olmağa çalışan bu balaya kömək etmək çox böyük savab olardı. Tacir deyir əgər sağlam olsaydı, işləməyən yaşıdlarından fərqli olaraq işləyərdi, valideynlərinə kömək edərdi hər necəsə. Sağlam canla evdə oturan, ata-ana hesabına yaşayan həmyaşıdlarını qınayır Tacir. Onlara işləməyi, həyat dolu və zəhmətkeş olmağı məsləhət görür. Elə özünə də bunu diləyir Tacir, amma sağlam olduqdan sonra...

Tacirin atası Ərəstun bəy 1968-ci il təvəllüdlüdür. Keçmiş Ağdərə rayonunun Qızıloba  kəndindəndir. 1993-cü ildən məcburi köçkün həyatı yaşayır. 1999-cu ildə ailə qurub. Keçmiş döyüşçü, müharibə veteranıdır. Müharibədə yaxınlarını, dostlarını itirən Ərəstun bəy, oğlunu bu vəziyyətdə görməkdən əsəblərinin korladığını deyir. Məskunlaşdığı Qaradağlı kəndi cəbhə xəttinə yaxın yerləşir. Ermənilər  ailənin yaşadığı evi tez-tez atəşə tuturlar. Bu səbəbdən də qazanc üçün kənar şəhər və rayonlara işləməyə gedə bilmir. Hazırda Telekommunikasiya İdarəsində elektrik çalışır, aylıq əmək haqqı 164 manatdır: “Mənim marağım yoxdur ki, kimsə mənə maddi tərəfdən kömək eləsin. Döyüş bölgəsi olduğu üçün əziyyət çəkirik, bu səbəbdən mal-qara saxlaya bilmirik. Göydə Allaha, yerdə başda oturanlaradır ümidim”.

Ərəstun bəy, aparata qoşulmaq üçün həftədə 3-4 dəfə Bərdəyə xəstəxanaya aparır oğlunu. Bütün qazancı Tacirin sağlamlığına xərclənir. O, deyir ki, oğluna təcili orqan köçürülməlidir. Ata oğlunun sağalması, ailəsinin dolanışığı üçün hər işdə çalışmağa razıdır. Amma xəstə oğlunu qoyub kənara gedə bilmir, deyir onun üçün çətindir.

Ata oğlunun sağalması və ailənin bu dərddən qurtulması üçün öz böyrəyini ona verməyə hazırdır. Deyir Tacirin normal yaşaması, həyatın sağlam davam etməsi və gələcəyini daha gözəl qurması üçün hər şey etməyə razıdır, yetər ki, bir ümid olsun. Ata əlini Allaha açıb kömək istəyir, bir də dövlətdən yardım gözləyir ki, balası sağalsın: “Mən heç kimə gedib deyə bilmərəm ki, qardaş mənə kömək elə. Amma dövlətimizdən istəyərəm əlbəttə ki, kömək olunsun. Sabah o uşaq sağalar, ayaq üstə dayana bilər və kimsə üzünə deyər ki, mən sənə kömək elədim, 1 manat verdim. Mən buna dözə bilmərəm. Əgər kimsə könüllü edə bilərsə, sonradan başqaxıncı olmayacaqsa, balam yaşayacaqsa, mən ömürlük onun qulu olaram, balam bilməz bunu”.

Tacirin anası Şamama Əhmədova evdar qadındır. Bütün günü iki balasına qulluq edir. Tacirin vəziyyəti, onu göz yaşlarında boğur. Çarəsizdir bu ana, balasının əziyyət çəkməsinə dözə bilmir. Oğlunun əziyyətinə son vermək üçün ana da böyrəyini ona bağışlamaq qərarına gəlib. Müvafiq qurumların dəstəyindən sonra ana və oğul xəstəxanaya yatırılıb, analizlər götürülüb. Müayinələr üçün lazım olan 3500 manat dövlət tərəfindən ödənilib. Lakin qadının böyrəyinin biri sağlam olmadığı üçün ata bu əməliyyata razılıq verməyib. Nə az, nə çox, düz  15 ildir sərasər həkimlərdədir bu ailə. Düz 15 il... İllərin necə sürətlə keçdiyinə inana bilmir, günlərini, anlarını dərdsiz, fikirsiz yaşaya bilmir bu ana - ata. Valideyn üçün dözülməz olan ən ağır həyatı yaşadıqlarını deyir Ərəstun və Şamama Əhmədovlar. Sağlam övladlarına görə Tanrıya şükür etməyi bacarmayan valideynlər var. Laqeydliyi, məsuliyyətsizliyi ilə öz övladını məhvə aparan valideynlər də az deyil bu dünyada. Şamama xanım belələrinin nə düşündüyünü, necə yaşadıqlarını anlamır. Deyir adamın balası sağlam olar, ona yaxşı təhsil, uğurlu gələcək, bir sözlə, yaxşı bəxt arzulayarsan və bunların gerçəkləşməsi üçün çalışarsan. Amma hələ ki, bu qadının yeganə arzusu bütün başqa arzuların doğulmasına əngəl olan problemin aradan qalxmasıdır. Ana sadəcə Tacir balasını ayaq üstə, sağlam görmək istəyir... “Deyirəm Tacir sənə böyrək qoyulsun evləndirim, gəlin gətirim. Bircə o günü görəydim. Deyir dializ sümüklərimi yeyir, buna hansı ana dözər. Dövlətimizdən xahiş edirəm, balama kömək olsun”.

Ərəstun Əhmədov hazırda astma xəstəliyindən əziyyət çəkir. Buna baxmayaraq həkimlər məsləhət bilsə, böyrəyini oğluna verməyi düşünür. Amma müayinə üçün ödəniləcək 3500 manat pulu yoxdur. Biz hər gün övladlarının əziyyət çəkdiyini görüb üzülən, bəzən hətta özlərinə ölüm arzulayacaq qədər həyatdan bezən ata və ananın dərdini-fəryadını sizlərə çatdırırıq, dəyərli tamaşaçılar. Hələ ki, bu ailənin dərdini ovutmaq, Tacirə sağlam gələcək bəxş etmək mümkündür... Hələ ki...

Qeyd: Ailəylə əlaqə nömrələri

Ata Ərəstun Əhmədov 0504859768

Xəstə Tacir Əhmədov 0504517962

X

XƏBƏRLƏR
BÖYÜT