Azərbaycanda müasir dövrdə uşaq ədəbiyyatı varmı? - MÜZAKİRƏ
13:44 – 25 Sentyabr, 2017

Uşaqların savad almasında, dünya görüşünün formalaşmasında uşaq ədəbiyyatının rolu əvəzsizdir. Təbii ki, bu baxımdan uşaq ədəbiyyatı yaranmalı, inkişaf etməli və uşaqlar üçün müxtəlif yaş qruplarına aid kitablar çap olunmalıdır. Bəs Azərbaycanda bununla bağlı vəziyyət necədir? Uşaqlara lazımi ədəbiyyatı təhvil verə bilirikmi? Ümumiyyətlə müasir dövrdə Azərbaycanda uşaq ədəbiyyatı varmı? 

APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında Azərbaycanda uşaq ədəbiyyatı müzakirə edilib.

 

Uşaq yazıçısı Reyhan Yusif qızı deyib ki, Azərbaycanda uşaq ədəbiyyatı olsa da, çox deyil, barmaqla sayılası qədərdir: "Kifayət qədər ağıllı uşaqlarımız var. Amma əgər onlar haradasa, nədəsə geri qalırlarsa, deməli biz onlara bu mühiti yarada bilməmişik. Uşaqların dünya görüşünün formalaşmasında kaş ki, bədii ədəbiyyatın nə qədər vacib olduğunu kaş ki başa düşərdik".

 

"Üç alma" uşaq nəşriyyatının baş redaktoru Fatimə Hüseynova deyib ki, indiki uşaqların tələbləri və dünyagörüşü bizdən çox fərqlənir: "İnformasiya onlar üçün çox əlçatandır. Onlar informasiyanı asanlıqla əldə edə bilirlər. Eyni zamanda qlobal dünyaya da nəzər salmaq lazımdır ki, nə oxuyurlar. Müasir dünyada bestseller əsərlər hazırda fentezi janrındadır. Amma bu heç də primitiv fantastika deyil, böyükləri də ovsunlaya biləcək fantastika janrıdır". F. Hüseynova hesab edir ki, müasir uşaqların tələbləri böyüklərin tələbindən qat-qat çoxdur. Uşaq ədəbiyyatının dilinə toxunan Fatimə Hüseynovanın sözlərinə görə bu böyüklər üçün yazılan ədəbiyyatdan qat-qat çətindir.

 

Yazar Cəlil Cavanşir hesab edir ki, ilkin bazası nağıllar olmayan bir adamın formalaşması qeyri-mümkün məsələdir: "Balans budur ki, təməl mütləq milli nağıllar olmalıdır. Dünya nağılları da ola bilər, amma dünya görüşünün formalaşması, ilkin ədəbiyyatla tanış olmaq üçün milli nağıllar vacibdir". Yazar deyib ki, uşağı dəhşətə gətirəcək yazılar yox, sevgi aşılayacaq, hisslər yaradacaq əsərlər yazmaq lazımdır.  Yazıçı hesab edir ki, uşağı öyüd nəsihətlə böyütmək düzgün deyil: "Ona sadəcə nümunələr vermək lazımdır ki, özü seçsin".

 

TEAS Press Nəşriyyatının illüstratoru Ruhulla Həsənzadənin sözlərinə görə uşağı ələ almaq üçün ilk növbədə uşaq kimi fikirləşmək lazımdır: "İllüstrasiyalarda sevgini göstərmək istəyirsənsə, deməli uğurlu alınıb. Kvadrat, yumru formada çəkirsən. Əsas odur mənanı göstərəsən. Uşaq orada xırda detallara fikir verir".

 

Fatimə Hüseynova deyib ki, uşaqlar hekayəni məzmununa, annotasiyasına, yazıçının adına görə almırlar: "Onlar ilk növbədə üz qabığına baxacaqlar, açıb vərəqləyəcəklər. İllüstrasiya yazar qədər vacibdir. Çünki obraz haqqında təsəvvürü istiqamətləndiririk. İllüstrasiyanın bir cəhəti də budur ki, onun dili yoxdur. İllüstrasiyanın dili vahiddir".  F.Hüseynova hesab edir ki, uşaq ədəbiyyatında illüstratorun işi yazıçının gördüyü işlə eynidir.      

 

Reyhan Yusif qızı müəllifi olduğu "Dostum Mimi" kitabındakı professor personajını Lütfi Zadəni düşünərək yaratdığını deyib: "Professor oyuncaq siçana beyin düzəldir, süni intellekt yaradır və onu danışdırır. Professor qocadır, siçanı yaddan çıxıb. Günlərin bir günü siçan küçəyə çıxır və bir qızla tanış olur. Bütün hadisələr bundan sonra başlayır".

 

Fatimə Hüseynova hesab edir ki, əslində uşaq ədəbiyyatı böyük ədəbiyyatının bünövrəsidir: "Bunun bazar tərəfi də var. Uşaq ədəbiyyatı daha çox satılır. Elə bir uşaq yoxdur ki, uşaq ədəbiyyatı mağazasına girsin və kitab almadan çıxsın. Azərbaycanda "Üç alma" nəşriyyatı yeganə nəşriyyatdır ki, yalnız uşaq ədəbiyyatı üzrə ixtisaslaşıb". Baş redaktor daha çox müasir yazıçıların əsərlərinə üstünlük verdiklərini söyləyib: "Hətta jurnalda da çalışırıq ki, yalnız müasir yazarların əsərləri olsun. Tanınsınlar və həvəslənsinlər, eyni zamanda bu sahə inkişaf etsin".

 

Cəlil Cavanşir hesab edir ki, hazırda məktəbdə oxuyan uşaqlar ədəbiyyatla maraqlanmağa vaxt tapa bilmirlər: "Dərsliklərə salınan hekayələrin bir qismi keyfiyyətsizdir. Onları hansı üsulla seçmələri bəlli deyil".

 

Reyhan Yusif qızı deyib ki, illüstrasiyalar qəhrəmanların xarakterlərini ortaya qoymalıdır.   

 

Fatimə Hüseynovanın sözlərinə görə müasir uşaqlara informasiyanı ancaq əyləncə yolu ilə çatdırmaq mümkündür.

 

Cəlil Cavanşir uşaqlarda mütaliəyə həvəs oyatmaqdan danışıb: "Hazırda bu qədər oyun və əyləncələrin olduğu bir vaxtda uşağa kitabı sevdirmək çox çətin bir məsələdir".

 

 

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT