Bərzani sözündən dönmədi, Türkiyə İraqın şimalına qoşun yeridəcəkmi?
15:15 – 25 Sentyabr, 2017

Məsud Bərzani sözündən dönmədi, bu gün İraqın şimalında etnik əsaslı “dövlətin” yaradılması üçün referendum keçirilir. Region ölkələri və regionda marağı olan aparıcı dövlətlər Bərzanini  referendum qərarında çəkindirməyə çalışsalar da, bu cəhdlər fayda vermədi. Növbə region ölkələrinindir. İran və Türkiyə artıq Bərzani bölgəsi ilə sərhədləri bağladığını elan edib, Habur sərhəd keçid məntəqəsi qarşısında Türkiyə Silahlı Qüvvələri irimiqyaslı təlimlərə başlayıb. Artıq “referendum baş tutacaqmı” sualı gündəm deyil, gündəm Türkiyə İraqın şimalına hərbi müdaxilə edəcəkmi sualıdır. APA TV-nin "Panoram" layihəsinin növbəti buraxılışında bu suallarla bağlı fikir mübadiləsi aparılıb.   

 

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin həmsədri, siyasət üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib ki, Türkiyə Şimali İraqda PKK ilə mübarizə çərçivəsində mövcuddur: "Dolayısı yolla hərbi baxımdan Türkiyə Şimali İraqda var". Politoloq hesab edir ki, Türkiyənin istifadə edəcəyi bütün imkanlarla bağlı mesajları görmək mümkündür: "Türkiyə televiziyalarını, hakimiyyət mənsublarının açıqlamalarını izlədiyimiz zaman, hərbi gücdən istifadənin istisna edilmədiyini görürük".

 

Nazim Cəfərsoy hesab edir ki, Baş nazir Binəli Yıldırımın sonuncu açıqlaması, məsələ ilə bağlı yaranmış geniş imkanı məhdudlaşdırdı. Lozanna müqaviləsinə toxunan politoloq deyib ki, referendum keçirilərsə, İraqla Türkiyə arasındakı sərhədlər aradan qalxmış olur: "Bu Türkiyəyə müəyyən hüquqlar vermiş olur. Türkiyə Mosul və Kərkükə ərazi iddiası irəli sürməyə başlaya bilər. Binəli Yıldırımın bu iddiaları irəli sürməsi riskli mənzərə təqdim edirdi. Binəli Yıldırımın bugünkü açıqlaması isə həmin mövqe baxımdan daha yumşaq görünür".

 

Politoloqun sözlərinə görə əgər referendumun qarşısı alınacaq idisə, bunu 3 ay bundan əvvəl etmək lazım idi: "Birinci halda Bərzani bu təzyiqlər nəticəsində referendumdan vaz keçə bilərdi. İkinci halda Bərzaninin arxalandığı xalq vəziyyəti görüb, "hə" cavabı verməkdən geri çəkilə bilərdi. Bütün bunlar sual doğrurur. Türkiyə bir tərəfdən Bərzaniyə qarşı çıxır, o biri tərəfdən Bərzaninin teleproqramı TÜRKSAT-dan yayımlanır".

 

Nazim Cəfərsoy deyib ki, onsuz da Bərzaninin hədəfi başlanğıcdan Kürdüstan dövləti qurmaq idi.  Politoloq hesab edir ki, bu gün baş verən proseslərin səbəbi həm də Türkiyənin son 15 ildəki siyasətindən irəli gəlir: "Əslində bunu Amerikanın İraqa birinci hərbi müdaxiləsindən sonra baş verən hadisələrin məntiqi davamı kimi görürlər. Bu məsələdə eyni zamanda Türkiyənin Kərkük neftindən iqtisadi mənfəət əldə etmək marağı da var. Lakin ümumi mənzərə belədir ki, Türkiyə hazırda bu prosesin qurbanına çevrilməkdədir". Politoloq onu da qeyd edib ki, referendum Türkiyə başda olmaqla regionun digər ölkələrinə mənfi təsir göstərəcək. Politoloq Türkiyənin hərbi müdaxiləsi məsələsinə də münasibət bildirib: "Təbii ki, hərbi müdaxilə burada bütün imkanların sonuncusudur, bunun beynəlxalq statusu ilə bağlı səbəblər olmalıdır". Politoloq onu da əlavə edib ki, referendumun qarşısı İraq mərkəzi hakimiyyəti tərəfindən alınmalıdır: "Əslində mərkəzi hakimiyyət bununla bağlı bəzi addımlar atdı. Referendumu tanımayacağı, neft məsələsi, bəzi hava limanları üzərində nəzarət edəcəyi ilə bağlı açıqlama verdi". Politoloq Türkiyənin əraziyə birbaşa müdaxiləsini beynəlxalq müstəvi çərçivəsində mümkün hesab etmir. 

 

Nazim Cəfərsoy deyib ki, Türkiyə indiyə qədər Bərzaninin addımlarına göz yumsa da, hazırda bu mövqeyini dəyişə bilər: "Türkiyə həmin əraziyə terrorla mübarizədə yeni güc transformasiya edə bilər".   

 

Politoloq onu da vurğulayıb ki, Bərzaninin özü belə müstəqillik referendumunun kürdlərin müstəqilliyinə gətirib çıxarmayacağını etiraf edib. 

 

 

 

 

  

 

X

XƏBƏRLƏR
BÖYÜT