Özəl Kredit Bürosunun faydası nə olacaq? - EKSPERT RƏYİ
17:56 – 26 Sentyabr, 2017

Gələn ay “Kredit büroları haqqında” qanunun qəbulunun bir ili tamam olur. Bu ilin aprelin 19-da Bakıda ilk özəl kredit bürosunun təsis sənədləri imzalansa da bu müddət ərzində hələ də kredit bürosu yaradılmayıb. Kredit bürosunun yaradılması niyə gecikir? Özəl kredit bürosunun müştərilər və banklar üçün hansı faydaları var? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.

“Sosium” proqramının qonağı, iqtisadçı ekspert Samir Əliyev deyib ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılması, bir neçə bankdan kredit götürmək işini çətinləşdirdi: "Əgər gəliriniz var idisə, bu problem deyildi. Yox əgər gəliriniz yox idisə, bu digər banka müraciət edəndə risklər yaradırdı. Mərkəzləşdirilmiş Kredit Xidməti əvvəl məhdud bir xidmət idi". İqtisadçı ekspert açıqlamasında deyib ki, Özəl Kredit Bürosu hər hansı dövlət qurumunun tərkibində fəaliyyət göstərməyəcək.

Samir Əliyevin sözlərinə görə Azərbaycanın aldığı aşağı qiymətləndirmədən biri də kreditin əldə edilməsidir: "2010-cu ildə 15-ci yerdə idiksə, 2015-ci ildə 118-ci yerə düşdük".  İqtisadçı ekspert artıq Özəl Kredit Bürosunun hüquqi bazasının yaradıldığını deyib: "Strukturun yaradılması isə çox təəssüf ki, hələ baş verməyib. Kredit Bürosunun fəaliyyətə başlamasına çox böyük ehtiyac var. Bu gün bankların əlində müəyyən qədər pul formalaşıb. Son il yarımla müqayisədə artıq banklar müəyyən qədər pul əldə ediblər və bu pulu kredit şəklində yönəltmək istəyirlər. Amma müştəri tapa bilmirlər". Etibarlı müştəri anlayışının dəyişdiyini izah edən Samir Əliyev, bu gün yüksək və rəsmi maaşın etibarlılıq göstəricisi olmadığını söyləyib: "Etibarlı müştəri, fors-major baş verməszə, pulu vaxtlı-vaxtında ödəyən müştəridir".

İqtisadçı ekspert Azərbaycan üçün hələ ki bir Özəl Kredit Bürosunun olmasını daha münasib hesab edir: "Kredit büroları maliyyə sektoruna aid olduğundan, onun yaranmasında daha çox banklar, sığorta şirkətləri iştirak edir. Mən burada ən azı 20 bankın iştirakını məqbul hesab edirəm və düşünürəm ki, onların iştirakı hər bir halda təmsilçiliyi təmin edə bilər". 

Samir Əliyev hesab edir ki, böyük ehtimalla Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumatları Özəl Kredit Bürosuna ötürüləcək: "Digər ödənişlər də Mərkəzi Bank tərəfindən tənzimləndiyinə görə, həmin məlumatlar problem yaratmayacaq".

Kredit bürolarının xüsusiyyətindən danışan iqtisadçı ekspert deyib ki, ildə iki dəfə müraciət edərək özümüz haqqında məlumat ala bilərik: "Bu kommersiya qurumları tərəfindən yaradılmış bir qurumdur. Bu isə o deməkdir ki, burada asılılıq olmayacaq, xidmətlər kommersiya məqsədləri üçün nəzərdə tutulacaq".

Özəl Kredit Bürosunun problemi kreditlərə necə təsir göstərəcəyinə toxunan Samir Əliyev, bunu bankların risk faktoru ilə əlaqələndirib: "Bank əlində olan pulu elə verməlidir ki, az pulu elə verməlidir ki, həmin pul yüz faiz geri qayıtsın". İqtidasçı ekspert deyib ki, yeni sistemə görə bankların etibarlı müştəriyə güzəştli kredit verməsi mümkündür.        

     

 

X

XƏBƏRLƏR
BÖYÜT