Bizimkilər xaricdə niyə uğur qazana bilmir? - MÜZAKİRƏ
14:11 – 27 Sentyabr, 2017

Vətənində uğur qazana bilməyən bəziləri xarici ölkələrə üz tutmalı olur. Səbəb olaraq da doğma vətəndə qiymətlərini almadıqlarını göstərirlər. Bəs onlar qürbət eldə uğur qazana bilirlərmi? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu məsələ ilə bağlı geniş müzakirə aparılıb.

 

Uzun illər Rusiyada çalışmış rejissor Kənan  Musayev deyib ki, Rusiyadakı mühiti özü üçün daha uyğun hesab edir: "Bəzi hallarda insan mentalitet deyilən anlamdan üstdə dayanır və ona görə də öz vətənində qəbul edilə bilmir. Biz bunu nə qədər gizlətsək də, Rusiyada olan mühit Azərbaycandan fərqlidir".  Bununla belə Kənan Musayev 6 ildir ki, Azərbaycanda çalışdığını və buna görə peşman olmadığını söyləyib.

 

Yazar Şəhriyar Del Geraninin sözlərinə görə Türkiyədəki nəşriyyatlardan birinin  nəşrləri 5.000 000-luq oxucu kütləsinə yetişir: "Bizdə elə bir nəşriyyat yoxdur ki, 5.000-lik oxucu kütləsi olsun. Ən uzağa hesablanmış 1.000 tirajdır".  Yazar hesab edir ki, dünya ədəbiyyatına çıxa bilməməyimizin səbəbini belə izah edib: "Əvvəlcə Azərbaycanda özbaşına gedib dünya ədəbiyyatına çıxanları əvvəlcə tutub bura gətirmək lazımdır. Ondan sonra buradan 5-10 müəllifi senzuradan keçirib, xaricə çıxıb-çıxa bilməyəcəklərini müəyyən etmək lazımdır". Yazarın sözlərinə görə Türkiyədə bizim 20-yə yaxın müəllifin kitabı çıxsa da, onların heç biri ciddi imza hesab edilmir.

 

Rejissor Kənan Musayev incəsənətdə hər hansı bir sərhədin olmadığı deyib: "Rusiya yayımı Elçin Səfərli kimi bir yazıçı verdi. Burada qalsaydı, bəlkə də elə uğur qazana bilməzdi. Ən çox satılan yazıçılardan biridir. Ən böyük problemimiz isə budur ki, biz orada azərbaycanlı kimi çıxış edə bilirikmi? Fransızlar üçün Azərbaycan kinosu, elə Azərbaycan kinosu olmasına görə maraqlı ola bilər?"

 

Şəhriyar Del Gerani isə Kənan Musayevin sözlərinə belə münasibət bildirib: "elçin Səfərli Azərbaycanda uğur qazanmaq ranqında olan yazıçı deyil. O tipdə Rusiyada da, Fransada da əsərləri yayımlanan yazıçı deyil. Çox satılmaq və uğur qazanmaq ayrı-ayrı şeylərdir". Yazar onu da əlavə edib ki, detektiv dünyada ciddi ədəbiyyat hesab edilmir.

 

Hazırda efirdə olmayan teleaparıcı Fizzə İsmayılova işə nə üçün götürülmədiyini anlamadığını deyib: "Hazırda daimi iş yerim var. Sadəcə efirlər mövsümi efirlərdir. İşə götürməməklə bağlı səbəb gətirmirlər. Deyirlər ki, get xəbər edəcəyik. "Efirim yoxdur" sözünü də demirəm, çünki məsələnin nə yerdə olduğu bəlli məsələdir". Fizzə İsmayılova hansısa xaricə ölkəyə gedib karyera qurmağı fikirləşmədiyini deyib.

 

Müğənni Afaq Aslan Türkiyədəki fəaliyyətini belə izah edib: "Orada pul önəmli deyil. Gərək onların diqqətini çəkəsən. Türkiyədən bir dəfə mənə serial təklifi gəlmişdi. Səhər oyanıb gördüm ki, bütün saytlar, internet kanalları bu barədə yazıb".

Fizzə İsmayılova çılpaq şəkillər çəkdirib tanınmağı uğur hesab etmədiyini deyib: "Bunu hamı tanıya bilər, balacadan tutmuş böyüyə qədər. Amma uğur qazanmaq tamam başqa bir şeydir. Onu normal düşüncəli insanlar tanısa, normal kütlə baxsa, bəlkə də o uğur qazana bilər".

 

Kənan Musayevin sözlərinə görə incəsənətdə əslində heç bir qadağa yoxdur: "Biz qadağaları özümüz uydururuq. İki ay bundan əvvəl ssenaristlə müzakirə edirdik. Ssenaridə suisidlə bağlı səhnə var idi. Ssenarist mənə dedi ki, intihar olmaz. Mən isə cavab verdim ki, əgər əsərin içində intihar varsa, niyə olmamalıdır? Əgər mən intiharı təbliğ edirəmsə, onda razıyam. Amma burada intihar faktdır". Kənan Musayev hesab edir ki, bizi sıxan mentalitetdir: "Əgər aktrisa filmdə bəzi səhnələrə çəkilmirsə, o ictimai qınaqdan qorxur".

 

Afaq Aslan hesab edir ki, uğurun məkanı yoxdur: "Mən elə bir təklif ala bilərəm ki, oradan da başqa ölkəyə gedə bilərəm".

 

Şəhriyar Del Gerani isə deyib ki, insan uğuru öz ölkəsində qazanmalı, onun uğuru xaricə getməlidir. 

       

     

X

XƏBƏRLƏR
BÖYÜT