8 klubla milli çempionat keçirmək olmaz - MÜZAKİRƏ
14:12 – 28 Sentyabr, 2017

Dünən "Qarabağ" futbol klubu Çempionlar Liqasının növbəti mərhələsində Bakıda növbəti oyununu keçirdi. Bu oyun 2:1 hesabı ilə "Roma"nın xeyrinə bitsə də, ümumi rəy bundan ibarətdir ki, "Qarabağ" əslində çox gözəl bir oyun nümayiş etdirdi. APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında həm "Qarabağ" futbol klubunun oyunu, həm də futbol fanatları müzakirə edilib. Futbol fanatları öz komandalarına sadiqdirlərmi? Həmişə qələbəni alqışlayırlar, yoxsa məğlubiyyətdə də komandalarının yanındadırlar?

 

"Neftçi PFK" baş məşqçisi Tərlan Əhmədov "Qarabağ"ın oyunu müqayisə edərək deyib ki, klubun xal qazanmaq, rəqiblərlə baş-başa oynamaq istəyi hiss olunurdu: ""Roma"-nın hücum xəttindəki futbolçular bizim futbol xəttindən nə qədər sürətli olduqlarını göstərdilər. Təzyiqi artıran kimi iki ardıcıl qol vurdular. Avropa ilə uyğunlaşmaq üçün bizə illər lazımdır".

 

"Qol.az" saytının baş redaktoru Aydın Bağırov beynəlxalq klubların maliyyə vəziyyətindən danışıb: "Dünən "Qarabağ"a qol vuran Edin Cekonun qiyməti səhv etmirəmsə 24.000 0000 avrodur. Onun elə qiyməti, "Qarabağ"ın 3-4 illik büdcəsi deməkdir. Arada böyük bir səviyyə fərqi var. Komandanın gərginlikdə olduğunu dünən də gördük. Amma hər bir oyun "Qarabağ" üçün təcrübə, dərsdir. Dünən biz ilk qolumuzu vurduq, amma növbəti hədəf artıq xal olmalıdır. Eyni zamanda komandada səhvlər də var idi. Çempionlar Liqası elə bir yerdir ki, orada uşaq səhvlərinə yol vermək olmaz".

 

Yazar Səbuhi Məmmədli prinsip etibarilə "Qarabağ"ın "Roma" ilə normal oyun nümayiş etdirdiyini deyib: "Amma gələn il Çempionlar Liqasına düşmək çox ağır olacaq. Nəzərə alın ki, artıq 2 ildir ki, Azərbaycanda 8 komanda ilə çempionat keçirilir. Püşk atılmazdan öncə hamı bilir ki, favorit kimdir. San-Marino Biləcəridən balacadır, 10 komandası var".

 

Aydən Bağırovun sözlərinə görə bu gün Azərbaycan futbolunda ciddi kadr problemi var: "Görünən budur ki, bizdə aşağı yaş qrupları üzrə ciddi problemlər var. Nəticələr çox bərbad vəziyyətdədir".

 

Tərlan Əhmədov uşaq futbolu ilə bağlı AFFA-ya, Məşqçilər Komitəsinə bir neçə dəfə təkliflər verdiyini desə də, onlar tərəfindən heç bir addım atılmadığını bildirib: "Rəşad Sadıqovun alternativini görürsünüzmü? Azərbaycanda sırf hücumçu var? Yoxdur". Baş məşqçi hesab edir ki, Azərbaycan futbolunda kadr potensialı tükənmək üzrədir.

 

Aydın Bağırovun sözlərinə görə təşkilatçılıqla bağlı problemlər mövcud idi: "Oyundan çıxandan sonra nə taksi, nə də avtobus tapmaq olurdu. Hamımız yağışın altında qalmışdıq".

 

Məsələyə münasibət bildirən Tərlan Əhmədov isə deyib ki, əgər tamaşaçı belə oyunlara gəlirsə, onları qorumaq lazımdır: "Əgər burada problem yaşayırlarsa, deməli Azərbaycan çempionatına da hər halda küsülü gələcəklər".

 

Verilişə telefon xətti ilə qoşulan Bakı Nəqliyyat Agentliyi mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə ayrılan 400 nəqliyyat vasitəsi Bakı Olimpiya Stadionun ictimai nəqliyyat terminalından hərəkət edirdi: "Lakin çox təəssüf ki, tamaşaçılar, xüsusilə media mənsublarımız stadionun metro istiqamətinə olan çıxışına doğru hərəkət edirdilər. Həmin ərazidə olan təhlükəsizlik xidmətinin əməkdaşları, digər təşkilatçılar çox təəssüf ki, insanları metro tərəfə istiqamətləndirirdilər. Əslində xətt avtobusları ictimai nəqliyyat terminalında 23:30-dək fəaliyyət göstərib".

 

Aydən Bağırov deyib ki, yerli çempionatın səviyyəsi sürətlə aşağı düşməkdədir: "Bölgələrdə futbol batıb gedir. Oyunların hamısı Bakıdadır, maraq və rəqabət aşağı düşüb".

 

Tərlan Əhmədov isə azarkeş və tamaşaçı fərqli anlayışlar olduğunu deyib.

 

  

X

XƏBƏRLƏR
BÖYÜT