İlahiyyatçı: "Kişiyə qızıl, ipək haram deyil. Dindar gecə klubuna gedə bilər"
18:20 – 28 Sentyabr, 2017

Ramiq Vəliyev: “İslamda musiqi, heykəlpəraşlıq, rəsm, insanı təsvir etmək, əylənmək qadağan deyil”

 

“ “Qurani-Kərim”də  müsəlmanlara müasirləşməyi  qadağan edən, inkişafa mane olan hökm yoxdur. İslamın müasirliyə zidd olduğunu düşünmək tamamilə yanlışdır”.

 

Bunu ilahiyyatçı Ramiq Vəliyev “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, müsəlmanın bütün dövrlərdə örnəyi Allah rəsuludur: “ Dini qaynaqlara görə, Məhəmməd peyğəmbər öz dövrünün ən müasiri olub və dəblə geyinib. Biz də peyğəmbəri özümüzə nümunə götürərək, müasirlikdən geri qalmamalı, daim inkişafa can atmalı və zamanla ayaqlaşmağı bacarmalıyıq. Bildiyiniz kimi ənənəvi dini düşüncəyə görə müsəlman kişiyə ipək və qızıl haramdır. Amma bu səhv fikirdir. İslam nə ipəyi, nə də qızılı qadağan etməyib. Bu əslində tarixlə bağlı məsələdir. Məlumdur ki, peyğəmbər və səhabələri bir müddət blokada şəraitində yaşayıb. O müddətdə müsəlmanlar çox maddi sıxıntı ilə üzləşib.  İpək və qızıl bahalı olduğu üçün Allah rəsulu blokadada yaşadıqları zaman çərçivəsində qadağan edib. Amma problem həll olduqdan sonra bu qadağa aradan qalxıb , qızıl və  ipək haram sayılmayıb.  Hz.Əlinin ipək geyinməsi ilə bağlı məlumatlar var. Peyğəmbərimiz deyib ki, mən elmin şəhəri, Əli isə onun qapısıdır. İslam tarixinin böyük şəxsiyyətlərindən olan Hz. Əli harama əl atardımı? Əsla! Əgər o ipək geyinirdisə, deməli haram olmayıb”.

 

R.Vəliyevin sözlərinə görə, yanlış təbliğat nəticəsində islam barədə səhv təsəvvür formalaşıb: “ Müsəlman deyəndə çoxlarının zehnində ac, yoxsul, əzik, zəif, gücsüz insan canlanır. Hətta dəblə geyinən, bahalı maşın sürən, müasir həyat tərzi yaşanan dindarları görəndə etiraz edirlər. Sanki müsəlman yaxşı yaşaya bilməz. Bu səhv qənaətdir. Müsəlman sosial rihafı üçün də çalışmalı, maddi təminatına da önəm verməli, güclü olmalıdır. Bu dinə zidd deyil. Önəmli olan halal-haram prinsipləridir. Halal qazancla yaxşı yaşamaq müsəlmanın da haqqıdır”.

 

İlahiyyatçı qeyd edib ki, islam hər zaman inkişafı dəstəkləyir: “Bu gün müsəlman dünyası geri qalırsa, bunun səbəbi din deyil, xurafatdır. Bizim əsas dini qaynağımız  “Qurani-Kərim”dir. Müsəlmanın inkişafına mane olan bir ayə belə tapa bilməzsiniz. Dindar istər elmdə, təhsildə, istərdə də digər sahələrdə  dövrünün ən müasiri olmalıdır. İslamın görmək istədiyi müasir müsəlman obrazı budur”.

 

X

XƏBƏRLƏR
BÖYÜT