"İstintaq" filmindəki musiqi plagiatdırmı? - MÜZAKİRƏ
16:49 – 29 Sentyabr, 2017

Son günlər xəbər saytlarının birində, daha sonra isə xəbər saytlarında yayılan məlumatlardan biri, tamaşaçıların həmişə sevə-sevə dinlədikləri, bəstəkar Emin Sabitoğlunun "İstintaq" bədii filmi üçün bəstələdiyi musiqinin plagiat olması iddiasıdır. Orijinal olaraq göstərilmişdi ki, bu musiqi əslində Rare Bird qrupunun 1970-ci ildə bəstələdiyi musiqidir. Məlumatın təsdiqlənməsi üçün hər iki musiqi xəbərdə yerləşdirilmişdi.   Amma musiqinin ən geniş yayılmış variantı sonralar bəstəkar Pol Marianın orkestr üçün işlədiyi versiya olub. Bəs iki əsərin bir-birinə bənzəməsi plagiat hesab edilirmi? Və ümumiyyətlə Azərbaycanda və dünyada müəllif hüquqları necə qorunur? APA TV-nin "Bizim həftə" layihəsinin növbəti buraxılışında bu məsələ geniş şəkildə müzakirə edilib.

 

Bəstəkar İsa Məlikov deyib ki, filmdəki musiqini, 1970-ci ildə çıxmış musiqi ilə müqayisə etmək daha düzgün olardı: "Mən ümumiyyətlə bu barədə danışmağa utanıram. Emin Sabitoğlu Azərbaycan musiqisi üçün böyük işlər görüb. Əgər musiqi əsərində tam olaraq hansısa bəstəkarın əsəri dəyişdirilmədən istifadə olunursa, buna səhv etmirəmsə buna sitat deyirlər. Bəstəkarın adı mütləq yazılmalıdır. Bu müəllif hüquqlarının tələbidir".

 

Flora Kərimova isə hesab edir ki, bu həm də rejissordan asılıdır: "Söhbət Emin Sabitoğludan getmir. Mən bizimkilərdən çox inciyirəm ki, bunu niyə belə şişirdirlər? İnformasiya dostumdan da, düşmənimdən də gələ bilər. Bu informasiya musiqi düşmənimdən gələ bilər". F.Kərimova hesab edir ki, bu faktın ortaya çıxarılması təkcə Emin Sabitoğlunun deyil, Azərbaycan musiqisinin üzərinə qoyulan ləkədir: "Mən düşünürəm ki, o musiqini götürüb və istifadə edib. Oxşayır demək olmaz. Emindən başqa heç kimə düzgün cavab verə bilməz".   

 

Müəllif Hüquqları Agentliyinin sədr müavini Natiq İsayevin sözlərinə görə məhkəmə qərarı olmadan hər hansı bir əsəri plagiat adlandırmaq olmaz: "Ona görə də jurnalistlər bunu yazanda düşünməlidirlər. Plagiat şübhəsi yarandıqda, bununla bağlı plagiat ehtimalı olan əsərin sahibi məsələ qaldırmalı, şikayət etməlidir. Oxşarlıq heç vaxt plagiat deyil". 

 

Natiq İsayev Azərbaycanın müəllif hüquqları ilə bağlı bir sıra vacib konvensiyalara qoşulduğunu deyib: "Hər bir konvensiyanın üzvü olan ölkə üzərinə götürür ki, digər üzv ölkələrin vətəndaşlarının əsərlərindən istifadə edərkən beynəlxalq qanunvericiliyə əməl edəcək. O ki qaldı bizim müzakirə etdiyimiz mövzuya, mənə elə gəlir ki, burada müzakirənin predmeti yoxdur. Məsələnin predmeti, hansısa hüquq sahibinin bunu qaldırdığı zaman yaranardı".

 

Ekspert deyib ki, plagiat hər zaman mədəniyyətin inkişafına zərər vuran bir amil kimi çıxış edib: "Bu gün elmin, texnikanın, texnologiyanın inkişafı plagiata da geniş imkanlar yaradıb. Çünki indi əksər əsərlərin elektron versiyaları yaradılır, internet resurslarda yerləşdirilir". Qurum rəsmisi onu da bildirib ki, bu gün plagiatlığa qarşı mübarizə çərçivəsində dünya miqyasında antiplagiat axtarış sistemi hazırlanır.

Musiqilər arasında oxşarlığın olduğunu deyən Flora Kərimovaya görə hər iki əcnəbi ifası eyni zamanda Emin Sabitoğlunun yaddaşına borcludur: "Həmin musiqini bizimkilər o dövrdə eşitməsələr də, bu dövrdə eşidib sevdilər. Mən Ceyranın (E.Sabitoğlunun qızı- red.) yerində olsaydım, bu söhbəti açanı məhkəməyə verərdim".

 

İsa Məlikov isə münasibətini belə bildirib: "Musiqilər arasında oxşarlıq demək düzgün deyil. Sadəcə həmin əsərdən istifadə edilməsi filmdə göstərilməli idi".     

X

XƏBƏRLƏR
BÖYÜT