Kərbəla hadisəsinin kökündə nə dayanır? - MÜZAKİRƏ
16:25 – 02 Oktyabr, 2017

Dünən Azərbaycanda Aşura günü keçirildi. Dünən elin dilindən desək, "qətl sınan gün" idi. Hər il olduğu kimi bu ildə istər sosial şəbəkələrdə, istərsə də mətbuatda müxtəlif müzakirələrin şahidi olduq. Aşura günü mifdir, yoxsa həqiqət? APA Tv-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu suala aydınlıq gətirilib.

 

İlahiyyatçı Elşad Miri hesab edir ki, burada nə İmam Hüseynə ağlamaq, nə də Yezidə tərif tutmaq məsələsi mümkün deyil: "Məsələyə Yezid tərəfindən baxdığımız zaman görürük ki, din məsələsi olmayıb. Yezid oğlunu hakimiyyətə gətirməklə xilafət deyil, imamət deyil, səltənət anlayışı ortaya çıxırdı. Buna görə də Yezid hakimiyyətə gələndə, dövrün nüfuzlu şəxslərindən beyət almaq, yəni onları özünə tabe etdirmək məsələsini qoyur. Yəni Yezid tərəfdən baxdığımız zaman görürük ki, bu savaş tamamilə siyasi bir məsələdir".  

 

Aktyor-parodist İlham Əzizin sözlərinə görə əvvəlki aşura mərasimləri ilə indiki aşura mərasimləri arasında fərq var: "İndiki aşura açıq-aşkardır. Hadisə var ki, bir ay əvvəl baş verir və unudulur. Yəqin ki, Allah bunu beynimizə yeridib ki, unutmayaq".

 

Yazar Mirmehdi Ağaoğlunun deyib ki, gözünü açandan evlərində aşura mərasiminin qeyd olunduğunu görüb: "Mənim babam evini tikəndə niyyət edib ki, hər il burada aşura mərasimi keçirsin. Amma mən orada nə zəncir vurmaq, nə də baş yarmaq görmüşəm". Yazar, Kərbəla hadisəsi haqqında çolu sayda zəngin ədəbiyyatın olduğunu qeyd edib: "Son dövrlərə gəldikdə Mir Cəlalın mərsiyəsi var, Vahidin mərsiyəsi var. Dağıstandanda yaşamış Qumri bu mövzuya müraciət edib və əsərləri yazıb. Məhərrəmlikdə yığışan adamlar bu şerləri, mərsiyələri oxuyurlar. Üzeyir Hacıbəyovun özü aşura günü musiqiləri nota köçürərək, Leyli və Məcnunda istifadə etmişdi".

 

Elşad Miri deyib ki, kufəlilər İmam Hüseyni çağırsa da, sonralar ölüm qorxusuna görə ondan imtina etmişdilər: "İmam Hüseynlə gələn insanların bir çox geri qayıtmaq məcburiyyətində qaldı. Çünki bilirdilər ki, bunun axırı yoxdur". İlahiyyatçının sözlərinə görə bu gün "20 dəfə Həccə getmək, bir dəfə Kərbəlaya getməyə bərabərdir" kimi uydurma iddialar var. "Bu gün Məhərrəmlik girəndə 2 ay yas saxlayırıqsa, Xocalı baş verənlərlə bağlı niyə bircə ay yas saxlamırıq? Niyə 20 yanvarda bunu etmirik" - Elşad Miri belə deyib.

 

Mirmehdi Ağaoğlu aşura mərasiminin şiələrə arasında artıq bir kulta çevrildiyini söyləyib: " Əlbəttə istəyirsən zəncir vur, istəyirsən başqa iş gör, onun İmam Hüseynə heç bir dəxli yoxdur. Adamlar öz içindəki ahı onunla çıxarırlar. Adamın içində bir mazaxizm var, özünə əzab verməklə, yüngülləşmək istəyir". Yazar hesab edir ki, Kərbəla faciəsi Yezidin qisas almaq üçün həyata keçirmiş olduğu bir addım idi: "İmam Hüseyn son saniyəsinə qədər mübarizə apardı, ailəsini belə qurban verdi, amma əqidəsindən geri çəkilmədi".

 

Elşad Miri deyib ki, peyğəmbər övladı olmaq, heç kimə üstünlük vermir: "AQllah Qurani-Kərimdə deyir ki, peyğəmbərlər arasında üstünlükdən söhbət gedə bilməz".

 

İlham Əziz aşura mərasimi günü zəncir vurmağı, baş yarmağı hər bir insanın şəxsi məsələsi kimi qiymətləndirib.  

 

Mirmehdi Ağaoğlu şahidi olduğu aşura günü ilə bağlı fikirlərini bölüşüb: "Biz tasura gecəsi deyilən vaxt reportaja getmişdik. Yolboyu şüar, mərsiyə deyən yürüşçüləri gördük. Yürüşçülərə su, çay verirdilər. Onun üzərindən əgər matəm pərdəsini götürsək, adamlarda qəribə bir bayram əhval-ruhiyyəsinin şahidi olarıq".

 

Elşad Miri həqiqəti dərk etmək üçün Kərbəla hadisəsinin kükündə nəyin dayandığını bilmək lazımdır: "İmam Əli öldürülmədimi? İmam Həsən öldürülmədimi? Digərləri öldürülmədimi? Niyə məhz İmam Hüseynin nəslindən gələnlər seyid adlandırılır? İmam Həsənin nəslindən gələnlər adlandırılmır. İmam Hüseynin xanımlarından biri, İran Sasani İmperiyasının axırıncı hökmdarı III Yəzdəgerdin qızı Şəhrübanidir. Sasani hökmdarında olan mənəvi ruh keçir onun övladına və övladı vasitəsilə bu davam edir. İran bunu ictimailəşdirib, siyasiləşdirib təbliğ etməyi bacardı". 

 

İlham Əziz deyib ki, Kərbəla hadisəsi ədalətin haqsızlığa qarşı mübarizəsidir: "İmam Hüseyn bizim ədalət bayrağımızdır".    

X

XƏBƏRLƏR
BÖYÜT