Las-Veqasda baş verənlər Amerikanın çöküşüdürmü? - MÜZAKİRƏ
14:31 – 04 Oktyabr, 2017

Oktyabrın 2-də ABŞ-ın Las-Veqas şəhərində atışma baş verdi. Təxminən 60-a yaxın insan həlak oldu, 500-ə yaxın insanın yaralandığı bildirildi. Hətta yaralananların arasında vəziyyəti kritik olanlar da bildirilir. Buna görə də ölü sayının artacağı şübhə doğurmur. Las-Veqasda baş verənlər terror aktı idimi? Bu hadisəni Amerikanın çökməsi kimi hesab etmək olarmı? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsində bu hadisənin məqamlarına aydınlıq gətirilib.

 

Politoloq Arzu Nağıyev Las-Veqasdakı kazinolarla bağlı maraqlı bir məlumat verib: "Las-Veqasda yerləşən kazinolar vergidən azad olmaq üçün hinduların adına qeydiyyatdan keçir. Onları işlədənlər isə başqalarıdır. Kazinoların olması həm yerli camaat üçün, həm də Amerika üçün lazımdır".  Politoloq hesab edir ki, 23 ədəd avtomatı iri otelə gətirmək, Amerika qanunlarındakı boşluqlardan xəbər verir: "İnandırıcı görünmür ki, burada birmənalı şəkildə terror hadisəsi baş verib. Yəni terrora uyğun gəlməyən detallar var. Sadəcə İŞİD öz varlığını ifadə etmək üçün bu addan istifadə edir".

 

Millət vəkili Sahib Alıyev Las-Veqasda baş verən hadisələri Amerikanın çökməsi hesab etmir: "Bəlkə də bu Amerikanın yüksəlişidir, bilmək olmaz. Ümumiyyətlə bu adam 23 silahla ora necə çıxır? Nə üçün çıxır? Bu suallar müəmma doğurur. Bu adam əgər yarım il bundan əvvəl müsəlmanlığı qəbul edibsə, onun törətdiyi terror aktı sayılmalıdır, yoxsa siyasi motiv daşımalıdır?".  Millət vəkili hesab edir ki, bu müsəlman cəmiyyətləri üçün son dərəcə ağrıdıcı bir haldır: "Bu proses başlanğıcdan xəbər verir, onun davamı gələ bilər. Törədilən terror aktlarından sonra Amerikadakı silah istehsalçıları qazanmağa başlayıblar. Bəlkə silah istehsalçılarının özləri bundan maraqlıdır?" Sahib Alıyev onu da deyib ki, İŞİD adına Qərbdə terror aktlarının törədilməsi istisna deyil.  

 

Azərbaycan Prezidenti yanında  Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Fuad Çıraqov deyib ki,  orta statistikaya görə hər gün ABŞ-da vətəndaşların əlində olan silahlardan bir nəfər öldürülür: "Uzun müddətdir ki, ABŞ-da silahın məhdudlaşdırılması ilə bağlı böyük mübarizə gedir. Əsasən Demokratlar partiyası qanun təklifləri üçün daim çıxış edirlər. Onlar deyir ki, şəxsi müdafiə üçün silah lazımdırsa, məhdudiyyət qoyulmalıdır. Əgər məişət zorakılığında bu adam iştirak edibsə, ona bu imkan verilməməlidir". Ekspert deyib ki, Amerika vətəndaşlarındakı silahlar dünyanın bir sıra ölkələrindən daha çoxdur.  

 

Sahib Alıyev hesab edir ki, hər bir fərd bəzən öz dövlətinə bənzəyir: "Neçə dəfə göydən Əfqanıstana bombalar yağdırılıb, deyiblər ki, bağışlayın yanlış oldu. O yanlışlıq nəticəsində nə qədər körpə, nə qədər yaşlı, nə qədər günahsız insanlar qətlə yetirilib. Elə bir yanlışlığı Amerikaya qarşı başqa bir insan etsə, nə baş verə bilər?"

 

Arzu Nağıyev deyib ki, heç bir dövlət terrordan sığortalanmayıb: "Bu Amerikanın çökməsi deyil, Amerika belə hadisələri çox görüb. Düşünmürəm ki, bu hadisə Amerikanın nüfuzuna, turizm sahəsinə təsir göstərəcək. Bunun turizmə yönəlməsi inandırıcı deyil. Respublikaçılarla demokratlar arasında gedən polemikalar burada özünü göstərməyə başlayıb. Cənab Trampın yanaşmasından da belə hiss olunur ki, bu Qanun dəyişdirilməyəcək və dəyişdirmək niyyətləri yoxdur".  

 

 

X

XƏBƏRLƏR
BÖYÜT