Atesitlərlə dindarlar niyə bir-birini təhqir edir?
16:48 – 05 Oktyabr, 2017

Texnologiyanın inkişafı, həm də sözün inkişafı deməkdir. Bu gün bir nəfər sosial şəbəkədə status yazır, minlərlə, milyonlarla insan o statusu oxuyur. Təbii ki, bu statusla razı olub-olmayanları görə bilərik. Bu gün sosial şəbəkələrdə çox geniş müzakirə olunan məsələlərdən biri də, ateistlərlə inanclı insanlar arasında olan mübahisələrdir. Bu mübahisə orta əsrlərdən üzü bəri həmişə olub. Bəs bu mübarizə maarifçiliyə xidmət edirmi? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsində bu məsələ qızğın müzakirəyə səbəb olub.

 

Jurnalist Vüsal Məmmədov iddia edir ki, dindarlar ateistləri daha çox təhqir edirlər: "Biz ateistlər kinayə edirik, amma imkan daxilində təhqirə getmirik. Mənim özümdə də elə hallar olub ki, yazdığım statusu silmişəm. Demişəm ki, məqsədim bu deyildi. Əks tərəfdən bizə olan münasibətə baxanda, təhqirlər, hədələr, söyüşlər aşıb-daşır". Jurnalist ətrafında dini simvolika, dini geyim görməyi xoşlamadığını, buna baxmayaraq heç vaxt onların şəxsi həyatına qarışmadığını bildirib: "Mənim mübarizəm fərdlərlə deyil, bu ideologiyanı beyinlərə yeridən teokratik sistemlədir".

 

İslam psixologiyası üzrə mütəxəssis Fazil Əhmədliyə görə inanclı insanla ateisti qarşı-qarşıya qoymaq nöqsandır: "Dini elmdən ayırırlar. Halbuki, elmin özünün içində cərəyanlar var. İslamı təmsil edən insan təhqiri qəbul etmir. Müqəddəsləri təhqir etmək, fərdləri təhqir etmək sayılır". Fazil Əhmədli deyib ki, son aşura gününə gələnlərin çoxu dindar olmayan müsəlmanlar idi, amma məhəbbətdən gəlirdilər.

 

Yazar Günay Arda deyib ki, VII əsrdən bəri İslam dini haqq din hesab olunduğu üçün heç bir islahata məruz qalmayıb: "Amma hər il Ramazan ayında qaydalar müzakirə olunur. İslam o qədər müqəddəsdirsə, onun müdafiəsinə ehtiyac olmamalıdır". Yazar iddia edir ki, sosial şəbəkədə qeyri-inanclı şəxslər, inanclı şəxsləri qətiyyən təhqir etmir.

 

Vüsal Məmmədov İsa peyğəmbərlə bağlı mövqeyini belə izah edib: "Məsələn Xristianlıqda, İslamda, Quranda da var ki, Məryəm İsanı müqəddəs ruhdan doğub. Yəni onun bədəninə ruh üfürülüb, qalan proseslər qadın  bədənində gedib və oğlan uşağı dünyaya gəlib. Qadın öz bədəninə kənardan hər hansı xromosom almadan dünyaya övlad gətirsə, o övlad ancaq qadın olacaq. Bir qadının kişi doğması üçün, ona kişi bədənindən x xromosom transfer olmalıdır. Mən soruşuram ki, Məryəmin bədəninə üfürülən müqəddəs ruhun içində x xromosomu olubmu? Olmayıbsa, o x xromosom hansı yolla onun bətninə düşə bilərdi ki, o kişi doğsun? Bu elmi sualdır". Jurnalist hesab edir ki, insanın meydana gəlməsi 5 milyon illik təkamül prosesinin nəticəsidir.

 

Fazil Əhmədli hesab edir ki, inanclı kəlməsinin işlədilməsi düzgün deyil: "İslam universitetlərindən Allahın varlığı ilə bağlı elmi sübutlarla bağlı dərslər keçirilir. İman kəlməsinin arxasında elm dayanır". F.Əhmədli hesab edir ki, müqəddəslərə kinayə etmək düzgün deyil.

Vüsal Məmmədov isə, Nuhun heyvanları gəmiyə yığması ilə bağlı milyonlarla karikaturalar çəkildiyini iddia edir: "Tısbağa gəmiyə qalxana qədər Nuhun səbi çatmır və ona "yeri" deyib, bir təpik vurur".

 

Günay Ardanın sözlərinə görə İslamı gözdən salmaq üçün ateistə ehtiyac yoxdur: "Onu müsəlmanlar özləri həll edirlər". Günay Arda ateist olmadığını deyib: "Amma qarşı çıxdığım məsələlər var. Bakı kəndlərində 8-9 yaşlarında qız uşaqları var ki, məktəbə getmir. Lənkəranda, Cənub bölgəsində və Aran rayonlarında məktəbə getməyən qız uşaqları var. Bu nə düşüncədir? Deməli sən 8-9 yaşlarında olan qıza seksual obyekt kimi baxırsan ki, öz qızını da bu qədər müdafiə etməyə ehtiyac görürsən".

 

Fazil Əhmədli deyib ki, əgər İslam dininə kamil şəkildə əməl olunmursa, onu müdafiə etmək zəruridir: "İslamda olmayan bir şey irəli sürülürsə, bir dindar kimi mənim borcumdur ki, onu müdafiə edim. İmam Hüseyn 6 aylıq körpəsini Kərbəlaya aparırsa, bunu hakimiyyət savaşı adlandırmaq olar? Yezid İslamı yer üzündən silməyə çalışırdı. Bütün İslam məzhəbləri İmam Hüseynə borcludurlar.

 

Vüsal Məmmədov isə hesab edir ki, Yezid mərkəzləşmiş ərəb xilafəti yaratdı.  

 

Fazil Məmmədli 9-14 yaşlı qızların valideynlərin təkidi ilə hicab taxması məsələsinə toxunub: "Deyirlər ki, uşaq hicabın mahiyyətini bilmir. Uşaq oxumağın da mahiyyətini də bilmir. Amma biz məcbur edirik ki, oxusunlar".

 

Bu fikirlə razı olmayan Vüsal Məmmədov deyib ki, 10-13 yaşlı bir qız uşağını guya naməhrəm kişinin şəhvət nəzərindən qoruyaraq, örtməklə, dərs oxumağı müqayisə etmək olmaz: "Manyak olmayan hər bir kişi ona uşaq kimi baxır".  

 

Məsələyə münasibət bildirən Günay Arda deyib: "Necə olur ki, Ağdamda Tərtərdə, Füzulidə başına gellə yağan qızlar 700 bal toplayıb ali məktəbə daxil olur, amma bayaq qeyd etdiyim bölgələrdən olan valideynlərin qızları bal toplayıb universitetə daxil ola bilmir, çünki məktəbə də getməyib". 

X

XƏBƏRLƏR
BÖYÜT