Şiddətə məruz qalanlara hüquqi yardım necə göstərilir? - MÜZAKİRƏ
16:56 – 06 Oktyabr, 2017

APA TV-nin "Həyat dramı" layihəsinin sonuncu buraxılışı geniş müzakirəyə səbəb olduğundan "Bizim həftə" layihəsində həmin mövzuya toxunulub. Hadisənin təfərrüatına görə Kürdəmir rayon sakini  Fəryad Xəlilov naməlum şəxslər tərəfindən şiddətə məruz qalıb və nəticədə görmə qabiliyyətini itirib. Bəs şiddətə məruz qalmış, psixoloji, mənəvi, psixoloji təzyiqə məruz qalmış insanlara hüquqi yardım necə aparılır? Qanun çərçivəsində onların hüquqları necə qorunur? Necə olur ki, bəzən təqsirkar şəxslər qanundan və məsuliyyətdən kənarda qala bilirlər?

 

Zərərçəkmişin anası Nigar Rəhimova deyib ki, bu ilin fevral ayının 3-də axşam saat 10 radələrində oğlu Fəryadı həyətə çağırıblar: "Darvazanın arxasından çağırıb. Deyib ki, İlkinəm. Fəryad deyib ki, mənim İlkin adlı dostum yoxdur. Deyib qapını aç söhbət edək. Qapını açıb həyətə çıxıb. Deyir ki, həmin adam mənimlə 1 dəqiqə söhbət edib, amma kim olduğunu tanımadım. Sonra deyir kənardan kiminsə bizə yaxınlaşdığını gördüm. Yaxınlaşanda oğlandan soruşdu ki, siqaret yandırmağa alışqan var? O dedi ki, məndə yoxdur. Deyir başımı əyib alışqanı çıxaranda, nə isə atıldı sifətimə və həmin iki nəfərə də qaçdı".  

 

Millət vəkili Fazil Mustafa məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətsizliyin müşahidə edildiyini deyib: "Cinayət faktı üzrə cinayət işi qaldırılmalı idi. Dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət olunur, konkret bir reaksiya verilmir. Bunun kökünü araşdırmaq lazımdır. Bunların heç biri olmayıbsa, bu vəzifə səlahiyyətlərini səhlənkarlıqla icra etmək mənasını ifadə edir. Burada hansısa qurumların səhlənkarlığı, himayədarlığı varsa, bu aşkara çıxarılmalıdır".

 

"Təmiz dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın sözlərinə bu cür hallarda sübutların təqdim edilməsinə görə şübhəli məqamlar meydana çıxır: "Ola bilsin ki, qərəz olub. Amma istənilən halda kiçik bir söhbətlə orada hansısa məqamları araşdırmaq olar".

 

Verilişə telefon xətti ilə qoşulan APA TV-nin Mərkəzi Aran müxbiri istintaqa təqdim edilmiş foto şəkillə bağlı müstəntiqə sual verdiyini deyib: "Müstəntiq dedi ki, fotoşəkildəki şəxs tam aydın seçilmir. Bu təhlükəsizlik kameralarından götürülmüş fotoşəkildir. İstintaq davam edir, 26.1 maddəsi ilə cinayət işi başlanılıb".

 

Fazil Mustafa deyib ki, sübut toplamaq üçün istintaqın 100-lərlə üsulları var: "Çox təəssüf ki, bu istiqamətdə peşəkarcasına davranıldığını söyləmək olmaz. İnsanın həyatına qəsd edilir, amma bununla bağlı atılan addımlar bir qədər laqeyd təsir bağışlayır. Hadisənin motivi evlənmə hadisəsindən sonra başlanıb. Bunu araşdırmaq elə də çətin deyil". Millət vəkili hesab edir ki, Kürdəmir böyük şəhər olmadığından, foto-robot əsasında həmin şəxsi tapmaq heç də çətin deyil. 

 

Nigar Rəhimova istintaqdan heç nə gizlətmədiyini deyib: "Oğlumun iki gözü də görmür. Nə isə gizlətsəydim, bura çıxmazdım".  N.Rəhimovanın sözlərinə görə həmin adam toya gələrək, pul yazan adama zərf verib: "İçəri girməyib, gələndə kameraya düşüb".

 

Mehriban Zeynalova istintaqa kömək etməyin vacibliyini vurğulayıb.

 

Fazil Mustafanın sözlərinə Azərbaycanda qadının hüququnu qoruyan heç bir ciddi mexanizm yoxdur: "Xüsusilə rayon bölgələrində "adamın adı çıxınca, canı çıxsın" ifadəsi ilə yüzlərlə Azərbaycan qadınının həyatı məhv olub. Ola bilsin ki, orada hüquqi tədbirlər görülə bilər. Amma orada qadının yaşaması çətin olur. Müstəntiq və digərləri də bu amili anlayırlar. Çalışırlar ki, məsələ dərinləşməsin".

 

Mehriban Zeynalova da deyib ki, adətən qadın məsələlərində bu cür dərinləşdirilməmiş istintaq proseslərinə rast gəlinir: "Qadının keçmişdə qüsuru olubsa, istintaq bəzi hallarda buna ciddi yanaşmır. "Qadın həmişə günahkardır" düşüncəsinə görə istintaqda kifayət qədər sübutlar toplanmaya bilər. Məhkəmədə cinayət cəzası qala bilər".

 

Fazil Mustafa zərərçəkmişin ailəsinə təklif edib ki, onun adına məktub yazsınlar: "Mən onu Daxili İşlər Nazirliyinə və prokurorluğa deputat sorğusu kimi göndərərəm, xahiş edərəm ki, məsələni araşdırsınlar. Bu formada köməklik göstərmək olar. Bizim bu işə millət vəkili kimi qarışmaq səlahiyyətimiz yoxdur". 

 

X

XƏBƏRLƏR
BÖYÜT