Azərbaycan dərsliyində "Böyük Ermənistan" xəritəsi qalmaqalı
15:05 – 09 Oktyabr, 2017

Təhsillə bağlı istənilən müzakirə zamanı diqqət daha çox dərsliklərimizə yönəlir. Bu da təsadüfi deyil, çünki vaxtaşırı olaraq dərsliklərimizdə olan problemlərlə bağlı həm mətbuatda, həm də sosial şəbəkələrdə çox geniş şəkildə müzakirələr aparılır. Etiraf etməliyik ki, dərsliklərimizdəki problemlər hələ də qalmaqdadır. Bir neçə gün əvvəl yeni bir dərslik qalmaqalı ilə üz-üzə gəldik. Həmin dərslikdə "Böyük Ermənistan" xəritəsi cızılmışdı.  APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu mövzu kəskin müzakirələrlə müşahidə edilib.

 

Dərsliyin müəlliflərindən biri, təhsil üzrə ekspert Kamran Əsədov bunu səhv yox, anlaşılmazlıq kimi qiymətləndirib və buna görə hər kəsdən üzr istədiyini deyib: "Azərbaycan və gürcü dilində gedən dərslikdə Romanın sərhədləri daxilində həmin vaxtı tabe edilmiş ərazilər silinib. Rus bölməsi üçün olan hissədə Şərqi Anadoluda, Van gölü ətrafında yerləşən ərazinin üzərində Armenia yazılıb. Digər ərazilərdə Mesopotamiyada var, Assuriya da. Bu o demək deyil ki, xəritə "Böyük Ermənistan"ın xəritəsidir. Təəssüf ki, bir çoxları yalnız həmin xəritənin Armenia yazılan hissəsini çıxarırlar. Çünki 32-ci səhifədə, həm rus, həm Azərbaycan bölməsində şərti işarələr göstərilib. Burada qeyd olunan sərhədlər Roma dövrünün sərhədləridir. Kolizeyin divarında da bu xəritə var. Çünki bu xəritə Troyan və Adrianın dövrünə aiddir. Amma bu demək deyil ki, biz burada "Böyük Ermənistan"ı nəzərdə tutmuşuq".  K. Əsədov onu qeyd edib ki, qondarma "Böyük Ermənistan"ın xəritəsi "dənizdən dənizə" olsa da, burada xəritə "dənizdən dəniz"ə çatmır.  

 

Millət vəkili Fazil Mustafa deyib ki, burada yanlışlığa yol verilib: "Van gölü ətrafında Armenia adlanan dövlət yox, coğrafi ərazidən söhbət gedir. Burada səhv həmin ərazinin Xəzər dənizinə qədər uzadılması, orada yalnız Armenia sözünün yazılmasındadır. Momzenin xəritəsində birbaşa quzey Azərbaycana aid olan ərazi üçün Albaniya yazılır. Deməli bunun bizim ərazilərə aidiyyati yoxdur".  Millət vəkili onu da bildirib ki, qədim mənbələrdə qeyd edilən Armenia adının indiki Ermənistanla heç bir əlaqəsi yoxdur.

 

Tarixçi Kərəm Məmmədov deyib ki, Urartu ərazisi Əhəmənilərin hakimiyyəti dövründə Əhrəməniyyə adlandırılıb: "Yəni divlər yurdu, şər ocağı. Sonrakı dövrdə isə bu Avropa dillərinə Armenia kimi işlənməyə başladı. Yəni "Armenia" ilə "Hayastan" arasına bərabərlik işarəsi qoymaq ən azı savadsızlıqdır. Bir dəfə Moskvada konfrans keçirilirdi. Qumaşyan adlı erməni akademik ayağa qalxıb dedi ki, biz özümüzə hay dediyimiz halda, dünya bizi Armenia kimi tanıyır". Tarixçi hesab edir ki, dərslikdə Parfiya bölməsinin olmaması bir sıra anlaşılmazlıqları və yanlışlıqlara səbəb olur: "Əgər dərsliklərə Parfiya bölməsi salınsa idi və qeyd edilsə idi ki, Parfiya sülaləsi olaraq Tiqran və digərləri həmin ərazidə dövlət qurmuşdular, o zaman bu gün haylar qürurlanmazdılar".

 

Kitabın müəlliflərindən biri, tarix müəllifi Pərviz Ağalarovun sözlərinə görə problem vaxt azlığı səbəbindən dərsliyin rus variantının son nüsxəsinə baxa bilməməkdən irəli gəlib: "Təəssüf ki, kiçik bir diqqətsizlik ucbatından rus bölməsində belə bir səhv getmişdir. Bu bir vətəndaş tərəfindən aşkarlanıb və bizə də məlumat çatdırılıb. Nəşriyyatda həmin xəritənin üzərində yenidən işləmişik. Dərsliklər gecə ilə nəşr edilib, köhnə dərsliklər yığılıb". P. Ağalarov hesab edir ki, dərslikdəki xəritə ilə bağlı yayılan xəbərlər məqsədli xarakter daşıyırdı.

 

Fazil Mustafa hesab edir ki, ermənilərə uduzmağımızın səbəbini tarixlə deyil, daha çox özümüzlə əlaqələndirməliyik: "Bu gün hərbi cəhətdən hazır olmalıyıq ki, qalib gələk. Bir də savadlı olmalıyıq ki, hüquqi cəhətdən haqlı olduğumuzu sübut edək".

 

Kərəm Məmmədov iddia edir ki, Azərbaycanda tarixlə bağlı konsepsiya yoxdur: "Biz bilmirik kimə yaxşı deyək, kimə pis deyək. Ölkənin tarixi ölkə ərazisində yaşayan dominant etnosun tarixi üzərində qurulur. Bizim, Azərbaycan Respublikasının dominant etnosu kimdir? Türklərdir. Dərslik boyu nə yazılır? Sasanilər, Əhəmənilər, Qafqaz uğrunda Sasani-Bizans müharibələri... Məgər türk ölmüşdü ki, sasanilərlə Bizans bu ərazidə mübarizə aparırdı?"

 

Pərviz Ağalarov deyib ki, dərslik kurikulum standartları əsasında yazılıb: "Biz həmin dərslikdə bütün təklifləri dəyərləndirdik. Diqqətlə oxusalar, bu qədər zəhməti yerə vurmazlar".

     

Fazil Mustafa vahid tarix konsepsiyasının əleyhinə olduğunu deyib: "Biz bu gün imkan yaratmalıyıq ki, obyektiv tarixçilik üçün fərqli əsərlər ortaya qoyulsun. Erməni fobiyasından uzaq olan tarixçilər meydana gəlsin. Çünki biz vahid konsepsiya ortaya qoysaq, hər kəs vahid doktrinanı müdafiə etməyə başlayacaq".

 

Kamran Əsədov dərsliklərə müəlliflərini günahlandıranlara üzünü tutaraq belə deyib: "Siz zəhmət olmazsa hamınız kitabı oxuyun, paraqraf 17-də Şərqə doğru "Səlib yürüşləri. Avropa şəhərlərinin inkişafı" bölməsində görün nələr biz yazmışıq. Ermənilər bağlı faktların olduğu "Hamı tərəfindən nifrət edilən" adlı bölmə var. ".   

X

XƏBƏRLƏR
BÖYÜT