ABŞ-Türkiyə gərginliyi, Səudiyyə-Rusiya yaxınlaşması: səbəb İrandır?
15:22 – 09 Oktyabr, 2017

Beynəlxalq gündəmin ən maraqlı mövzuları ilə qarşınızdayıq. Birləşmiş Ştatlar  və Türkiyə qarşılıqlı viza qadağaları tətbiq ediblər. Yəni artıq türklər Amerikaya, Birləşmiş Ştatların vətəndaşları isə Türkiyəyə gələ bilməyəcəklər. Birləşmiş Ştatlar bu addımı ölkənin İstanbuldakı konsulluğunda çalışan Mətin Topuzun FETÖ istintaqı çərçivəsində həbsindən sonra atıb. ABŞ-ın viza qadağasının Türkiyənin İdlib əməliyyatına başlamasından sonra tətbiq etməsi də maraq doğurur. Türkiyənin dəstək verdiyi Azad Suriya Ordusu İdlibi terrorçulardan təmizləmək üçün əməliyyat keçirir. Əməliyyat başa çatdıqdan sonra Türkiyə İqlib şəhərini daxildən, Rusiya isə xaricdən mühafizə edəcək. Əməliyyatın Rusiya ilə razılaşdırılması nəzərdən qaçmamalıdır. Ötən həftə dünyanın gözü Rusiyada olub, Səudiyyə kralı ölkə tarixində ilk dəfə Moskvaya səfər edib. Səfərin nəticələri hər kəs üçün gözlənilməzdir, milyardlarla dollarlıq investisiya müqavilələri, silah satışına dair razılaşmalar, əməkdaşlıq bəyannamələri və daha nələr…  APA TV-nin "Panoram" layihəsinin növbəti buraxılışında bu mövzular ətrafında müzakirələr aparılır. 

 

 “Trend” İnformasiya Agentliyinin təmsilçisi, siyasi ekspert Rufiz Hafizoğlu deyib ki,  ABŞ və Türkiyə arasında mövcud olan gərginliyin səbəblərindən biri FETÖ ilə bağlıdır: "Lakin bu məsələnin sadəcə görünən və bilinən tərəfidir. ABŞ-Türkiyə münasibətlərindən yaranan son durumu məhz FETÖ-yə bağlamaq gülməli olardı. Bölgədə İran, Rusiya və Türkiyə yaxınlaşması var. Bütün bunların fonunda gərginliyin olması gözlənilən idi".

 

 Siyasi ekspert deyir ki, Suriyada münaqişənin davam etməsinin səbəblərindən biri də ölkənin etnik tərkibinin müxtəlifliyi ilə bağlıdır: "Suriyada münaqişənin davam etməsində başlıca qüvvələrdən biri də qərbdir. Müttəfiqlərin arasında ciddi bir anlaşılmazlıq var idi. Çünki bu dövlətlərin heç biri Suriyanın gələcəyi məsələsində orta mövqedə deyildilər".  Ekspertin sözlərinə görə İran və Rusiya Suriyada daha dolğun və stabil siyasət yürütdülər: "Səhv ondan ibarət idi ki, Bəşər Əsədə alternativ yetişdirə bilmədilər. O ki qaldı Suriya münaqişəsində İran, Türkiyə və Rusiyanın orta addım atmasının başlıca səbəblərdən biri keçirilən kürd referendumudur".

 

Rufiz Hafizoğlunun sözlərinə görə bu gün Türkiyə təəssüf olsun ki, Bərzani müttəfiqliyini itirməkdədir: "Bərzani ilə eyni zamanda Türkiyə İraqın şimalındakı investisiyalarını itirməkdədir. Bu da Türkiyə üçün təhlükəlidir".         

 

İdlib əməliyyatına münasibət bildirən ekspert hesab edir ki, Ərbilin, eyni zamanda İranın və İraqın da gələcəyi də Suriyada keçirilən İdlib əməliyyatından asılıdır: "Hələbin kapitulyasiya zamanı silahlı qruplaşmaların İdlibə çəkilməsi düşünülmüş, planlaşdırılmış addım idi. Məqsəd o idi ki, ABŞ-ın dəstəklədiyi PYD və YPG İdlib üzərinə hərbi əməliyyat keçirsinlər. Türkiyə İdlibə, ABŞ ora müdaxilə etməzdən əvvəl daxil olmalıdır".

 

Siyasi ekspert regionda Səudiyyə Ərəbistanının mövqeyinə də toxunub: "Qətər böhranı Səudiyyə Ərəbistanına heç nə vermədi. ABŞ bu məsələdə sadəcə öz maraqlarını qorudu. Səudiyyə Ərəbistanı sözün əsl mənasında bölgədə fakt qarşısında qaldı. S4 raketlərinin Səudiyyə Ərəbistanına təhvil verilməsi üçün müqavilə imzalandı. Bu isə o deməkdir ki, Səudiyyə Ərəbistanı artıq silahlanmaya doğru gedir. Bütün bu silahlar isə əslində bir potensial düşmənə - İrana qarşı nəzərdə tutulub".

 

Rufiz Hafizoğlunun sözlərinə görə Səudiyyə Ərəbistanı və İranın sikkənin fərqli tərəfləridir: "Təəssüf ki, hər iki dövlət İslamı öz siyasi maraqları naminə istifadə edir. Bölgədə şiə-sünni qarşıdurması yoxdur. Sadəcə İran və Səudiyyə Ərəbistanının siyasəti bunu qarşıdurmaya gətirib çıxardı". 

 

Siyasi ekspert hesab edir ki, Səudiyyə Ərəbistanı və Rusiya münasibətlərinin təkcə iqtisadiyyat üzərində qurulmayacağı qənaətindədir. Ekspert onu da əlavə edib ki, Səudiyyə Ərəbistanının rəhbərliyi son çıxışlarında turizmə maraq göstərsə də, bu ölkə əcnəbi turistlər üçün əslində cəlbedici deyil: "Bu o deməkdir ki, Səudiyyə Ərəbistanı İslam, yaxud özlərinin iddia etdiyi kimi Peyğəmbərin sünnəti üzərində qurulan siyasətdən vaz keçmək məcburiyyətində qalacaq".  

X

XƏBƏRLƏR
BÖYÜT