Aybəniz Haşımova və İlqar Xəyalın şəxsi həyatı barədə BİLMƏDİKLƏRİNİZ
17:18 – 10 Oktyabr, 2017

Müğənni üçün musiqi təhsili önəmlidirmi? İstedad vacibdir ya təhsil? Təhsil istedadlı ifaçıya nə verir?  APA TV-nin "Showtime" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.

 

Müğənni İlqar Xəyal deyib ki, bəzi verilişlərin aparıcılarının səviyyəsi onu qane etmir: "Hər dəfə verilişə gələndə hansısa problemlə qarşılaşıram. Ya adımı düz demirlər, ya soyadımı düz demirlər. Ya fəaliyyətini səhv deyirlər, kim iləsə səhv salırlar. Cibimdəki pulu yoxlayır, kiminsə şəxsi həyatına müdaxilə edən sual verirlər. Sözün açığı bununla əlaqədar qaçıram, efirlərdə müsahibələr vermirəm".

 

Əməkdar artist Aybəniz Haşımova hesab edir ki, istedad yoxdursa, ona heç bir təhsil kömək edə bilməz: "Amma istedadı daha da təkmilləşdirmək üçün təhsil vacibdir. Mən 3 təhsil almışam. Fortepianonu bitirmişəm, xanəndəliyi bitirmişəm və sonda da rejissorluğu bitirmişəm. Rejissorluğu öz istəyimlə oxudum. Niyə, çünki bu sənətin bir budağıdır. Mənim fortepiano müəlliməm Tamilla Rüstəmova olub. Filmlərdən onu yaxşı tanıyırsınız. "Ulduz" filmində Ulduz, "Böyük dayaq" filmində Maya rollarını ifa edib".

 

İlqar Xəyal musiqi təhsilindən savayı, texniki sahədə təhsil aldığını deyib: "Sovet vaxtı belə idi ki, hər bir sovet adamının köməkçi bir sənəti olmalı idi. "Bu səbəbdən mən Texniki Universitetə daxil oldum. 6 il sərasər universitetə gedib, dərs oxumuşam. Atam-anam mənə yardım edib, tapşırmayıb, gecə-gündüz layihələr çəkmişəm". Müğənni pedaqoji fəaliyyətlə məşğul olmaq üçün Mədəniyyət və İncəsənət Universitetinə daxil olduğunu deyib: "Konsert fəaliyyəti ilə əlaqədar təhsilimi müvəqqəti dayandırmışam. Ola bilsin ki, 3-cü təhsil kimi təhsilimi gələn ildən davam etdirim".

 

Aybəniz Haşımova keçmişi unuda bilmədiyini deyib: "Çox gözəl uşaqlığım var. Mən uşaq vaxtı ona görə xoşbəxt oldum ki, məni Azərbaycan incəsənətinə gətirdilər. Mən gəldim, əlçatmaz insanları gördüm. Əslində mən müğənni yox, prokuror olmaq istəyirdim. Niyə? "Qanun naminə" filmi var.  O filmdə Qaloş Mehmanı öldürür. Mən də Mehmanı çox sevirdim, Qaloşu tapıb onu cəzalandırmaq istəyirdim. Balaca yaşından bu arzu ilə böyüyürdüm".

 

Aybəniz Haşımovanın sözlərinə görə istedadlı insanlar var ki, maddi çatışmazlıq səbəbindən efirlərə çıxa bilmirlər.

 

İlqar Xəyal deyib ki, tarixi ağrılı olan xalqların musiqi mədəniyyəti çox zəngin olur: "Məsələn, Azərbaycan həmişə hansısa böyük dövlətlərin müstəmləkəsi olub, Bizim xalq həmişə kasıbçılıq içində yaşayıb və evində oturaraq, ah-zar etməyə, muğam oxumağa başlayıb".

 

Aybəniz Haşımova isə bu fikirlər razı deyil: "Kasıblıqdan səs olmaz, o Allah vergisidir. Azərbaycan öz istedadlı insanlarına sahib çıxa bilir".

 

İlqar Xəyalın sözlərinə görə, Aybəniz Haşımova bütün Azərbaycan gənclərinin kumiri olub.        

 

Sənətçi ilə ailə qurmaq məsələsinə toxunan Aybəniz Haşımova deyib ki, qızı Aynişanın musiqiçi olmasını istəmirmiş: "Çünki bu çox çətin sənətdir. Bu işin sahibi yalnız bu işlə məşğul olmalıdır. Mən konsertə getməzdən əvvəl bilmirdim uşağı kim saxlasın, kim yedizdirsin? İşləri qrafikə salmaqda çətinlik çəkirdim. Çalışırdım ki, evdə sənətə görə söz-söhbət olmasın. Bacım Şahnaz xanım mənə nümunə idi. Şahnaz xanım var-gücü ilə çalışırdı ki, onun həyat yoldaşı sənəti üzündən əsəb keçirməsin".

 

İlqar Xəyalın məsələyə münasibəti belə olub: "Sənətçi olaraq mənə hələ bir insan gəlib deyə bilməz ki, mən həyat yoldaşımın qarşısında hansısa nalayiq hərəkət etmişəm. Digər sənət sahibləri arasında nə çox  tərbiyəsiz insanlar var. Mənim oğlum Murad Adıgözəlzadənin sinfində oxuyur, klassik əsər pianoçusudur. O sabah gəlib desə ki, mən hansısa bir musiqiçi ilə ailə qurmaq istəyirəm, mən buna çox normal yanaşaram. Çünki onlar bir-birini daha yaxşı başa düşərlər".

X

XƏBƏRLƏR
BÖYÜT