Yağışlar başlayır, yollarda yenə də problem yaranacaqmı? - ANAR NƏCƏFLİ
17:51 – 10 Oktyabr, 2017

Prezident İlham Əliyevin imzaladığı milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında fərmanında 2025-ci ilədək ölkənin magistral yollarının birinci texniki dərəcəyə, daxili yolların isə müasir tələblərə uyğun yenidən qurulması əsas hədəflərdən biri kimi müəyyən olunub. Hazırda ölkənin əksər avtomobil yollarında əsaslı yenidənqurma işləri gedir. Hazırda 48 rayon və şəhər ərazisində 3,2 milyon nəfər əhalinin yaşadığı 761 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 1816 kilometr olan avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinə başlanılıb. Ölkədə mütəmadi olaraq yolların təmir edilməsi və yenidən qurulması işləri aparılır. Bununla belə, təəssüf ki, bəzi hallarda təmirdən çıxmış yolların yenidən qazılmasının, bəzi hallarda isə çökmə hadisələrinin şahidi oluruq. Məhz bu səbəbdən sosial şəbəkələrdə yenicə təmirdən çıxmış yolların, küçə və prospektlərin qısa müddətdən sonra qazılması, ərazidə hansısa bərpa işləri adı altında yolun yararsız hala salınması zaman-zaman ciddi müzakirə mövzusuna çevrilir.  Azərbaycanda bəzən yeni təmir olunmuş yollarda aparılan qazıntı işləri nə ilə bağlı olur? Azərbaycanda hansı yolların əsaslı təmirinə ehtiyac var? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib,  avtomobil yollarında aparılan təmir və yenidən qurma işləri barədə danışılıb.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, "Azəravtoyol" ASC  hər hansı yolun təmirinə başlamazdan əvvəl aidiyyati qurumlara müraciət edir ki, yeraltı kommunikasiya xətlərinin çəkilməsini həyata keçirsinlər: "Məsələn, Binəqədi-Novxanı-Corat yolu yenidən qurularkən müraciət etdik və orada kommunikasiya xətləri çəkildi. Sonra biz orada bərpa işlərini həyata keçirdik".  Qurum rəsminin sözlərinə görə yolun qurulmasından sonra kommunikasiya problemindən irəli gələn hallara görə "Azəravtoyol" məsuliyyət daşımır.  

Anar Nəcəfli hesab edir ki, yolların müəyyən hissəsində baş verən çökmə hallarını normal qarşılamaq lazımdır: "Belə hallardan heç bir dövlət, heç bir qurum sığortalanmayıb. Təəssüf ki, bizdə bunu qeyri-normal qəbul edirlər".

Qurum rəsmisi asfalt örtüyünün keyfiyyətsiz olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib: "Kimdə şübhə varsa ki, hər hansı yolun asfalt örtüyü standartlara uyğun çəkilmir, buyurub gəlib bunun şahidi ola bilər. Azərbaycan Respublikasının avtomobil yollarının tikintisi üzrə standartlar var. Bütün yollar bu standartlara uyğun olaraq inşa olunur. Yollarda asfalt örtüyünün keyfiyyətini, torpaq örtüyünün keyfiyyətini yerindəcə yoxlayırlar. Asfalt örtüyündə, torpaq yatağında problem varsa, həmin problem tərəfimizdən qısa vaxtda aradan qaldırılır. Mən deyərdim ki, standartlardan kənar hər hansı bir yol çəkilməyib".   

Anar Nəcəflinin sözlərinə görə Binəqədi şosesinin yenidən qurulması üzrə işlərə yaxın vaxtlarda başlanacaq: "Binəqədi şosesindən istifadə etməklə həm Mehdiabad istiqamətində, həm də Binəqədinin özündən keçməklə Novxanı yolundan istifadə edərək Sumqayıta, həmçinin Bakının şimal-şərq istiqamətindəki qəsəbələrinə, eləcə də hava limanına getmək mümkün olacaq. Buna alternativ olaraq Sumqayıt və Şamaxı yoluna birləşən Biləcəri-Binəqədi yolu da var ki, onun da yenidən qurması aparılır".

Qurum rəsmisi deyib ki, intensiv yağışlar zamanı yollarda yığılıb qalan sular müəyyənləşdirildi və imkanlar daxilində yağış-kanalizasiya qurulub: "Ötən il həmin bu nöqtələrdə problem yaşanırdısa, bu il həmin nöqtələrdə problem müşahidə edilmir". Anar Nəcəflinin sözlərinə görə hazırda 12 layihənin icrası həyata keçirilir.

"Hal-hazırda Xırdalan-Binəqədi-Balaxanı yolunun da təmirinə başlamışıq. Artıq Balaxanı istiqamətindən Mehdiabad qəsəbəsinə qədər olan hissədə təmir işləri yekunlaşdırılıb. "Azərsu" ASC tərəfindən orada yeni su və kanalizasiya xətləri çəkilir. Ona görə də hələ işləri dayandırmışıq".

Anar Nəcəfli Salyan-Şirvan yolu ilə bağlı məsələyə də aydınlıq gətirib: "Salyan-Şirvan yolu çox güman ki, gələn ilin Dövlət investisiya proqramına  salınıb və işlərə start veriləcək"

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT