Teleməkanda aparıcılar necə danışır? - MÜZAKİRƏ
15:41 – 11 Oktyabr, 2017

Azərbaycan televiziya və radio aparıcılarının nitqində qüsurlar var.  Aparıcılar fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. Bu mövzu, bu müzakirə mütəmadi olaraq davam edir. Bir sıra dövlət rəsmiləri, uyğun qurumlar tərəfindən bu problemlər etiraf olunur. Sosial şəbəkələrdə də son günlər televiziya aparıcılarının qüsurları ilə bağlı müzakirələr aparılır. Amma sosial şəbəkə iştirakçıları arasında başqa bir mövzu da bölüşdürülür. Bu da Nizami Gəncəvinin fars şairi olması ilə bağlı yayılmış səs-küydür. APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsində bu iki mövzu paralel şəkildə müzakirə edilib.

 

Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov deyib ki, hər bir dövrün öz dili olub: "Sirr deyil ki, Nizami Gəncəvi də fars dilində yazıb. Çünki o dövrün yazı dili fars dili idi. Amma bəzi dedi-qoduçular bundan istifadə edib deyirlər ki, guya Nizami fars şairidir. Təbii ki, Nizami fars dilində yazmaqla, həmin dilin zənginləşməsinə xidmət etmişdi. Bu mənada Nizami Gəncəvi fars-epik ədəbiyyatına zənginləşmə gətiribsə, bu demək deyil ki, fars şairidir". Professor hesab edir ki, Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi qədər türkçülüyü təbliğ edən ikinci şair yoxdur: "Nizami Gəncəvi türk sözünün 20-dən çox mənasını verib".

 

Yazıçı Fəxri Uğurlu deyib ki, Nizami Gəncəvi dünya miqyaslı filosof, mütəfəkkir, hətta peyğəmbər, hətta dünyanın ən ali zəkalı şəxslərindən biridir: "Sətri tərcüməni oxuyanda Nizaminin böyüklüyünü, hətta poetik ustalıqlarını da görmək olur. Məsələn Nizaminin müasiri olan Əmir Xosrov farsca yazıb, amma hind musiqisinin banisi hesab olunur. İndi hansı millət bunun üstündə dava etməlidir?"   

 

Yazar Aysel Əlizadə hesab edir ki, hər hansı qələm sahibinə bir neçə ölkə sahib çıxmaq istəyirsə, bu əslində qürur mənbəyidir: "Bunun öz sərhədlərindən kənara qoymamaq nə deməkdir? Bəlkə biz ona görə sərhəddən kənara çıxa bilmirik. Nizami Gəncəvinin türk mədəniyyətini təbliğ etməsi ilə bağlı fikirlərlə razı deyiləm". Yazar hesab edir ki, Nizami Gəncəvini uşaqlara dərsliklər vasitəsilə sevdirmək olar.

 

Buludxan Xəlilovun sözlərinə görə Nizami Gəncəvinin "Xəmsə"sində, onun türk olmaması ilə bağlı heç bir fakt yoxdur: "Mən xahiş edirəm, bu söhbəti yaradanlar Nizami Gəncəvinin "Xəmsə"sini oxuyub, sonra danışsınlar".  Professor hesab edir ki, Nizami Gəncəvinin milli mənsubluğu müzakirə mövzusu ola bilməz: "dedi-qodu yaratmaq üçün sosial şəbəkələrin təsiri altına düşməməliyik".

 

Yazar Şəhriyar Del Gerani deyib ki, Nizami Gəncəvi tarixi abidədir: "Mahiyyətcə Nizami Gəncəvi türkdür. Həmin vaxtda fars poeziyası simvolikanın əlində qalmışdı. Nizami Gəncəvi fars poeziyasını reallığa gətirib çıxardı. "Xəmsə" bütövlükdə bir romandır. Amma bu fars təfəkkürü deyil. Nizami Gəncəvi zaman-zaman kimlərisə narahat edib. Burada gizli bir əl var".    

 

Televiziya və radio aparıcılarının nitq qabiliyyətinə toxunan Şəhriyar Del Gerani hesab edir ki, radio aparıcıların səviyyəsinə nəzarət yoxdur: "Adam danışa bilmir, mübtəda ilə xəbərin yerini bilmir".

 

Aysel Əlizadə hesab edir ki, aparıcılar üçün televiziya və radio məktəbi yaradıla bilər: "Biz qılınc-qalxanla aparıcıların üstünə gedə bilmərik. Mən bunu özümə layiq bilmirəm".

 

Buludxan Xəlilov deyib ki, əgər bu gün aparıcılar dil qaydalarını pozursa, deməli boşluqlar var: "Azərbaycan dilini bilməyən, onun qaydalarına əməl etməyən aparıcı olur. Fikirlərini dolaşıq ifadə edirlər, təfəkkür yoxdur. Yüzlərlə qurum yarada bilərik, amma bu effekt verməyəcək. Məsələni kökündən həll etmək lazımdır. Aparıcılar teleməkana keyfiyyətsiz gəlirlər".

 

"25 yaşlı bir gənci necə günahlandırmaq olar ki, sən aparıcısan? Ona bu vəzifəni veriblər. Amma onu yaxşı aparıcı kimi hazırlamaq olar" - Aysel Əlizadə belə deyib.    

X

XƏBƏRLƏR
BÖYÜT