Maqnit qasırğası başlayır, necə qorunmalıyıq?
18:17 – 11 Oktyabr, 2017

Günəş küləyinin yeni həddə çatması oktyabrın 11-dən 15-dək maqnit qasırğasına səbəb olacaq. Mütəxəssislər bu günlərdə meteohəssas insanlarda narahatlıq hissi yaranacağı barədə xəbərdarlıq ediblər. Qeyd edək ki, Günəşdə baş verən ardıcıl partlayışlar, geomaqnit qasırğalarının orqanizmə bir çox mənfi təsirləri var. Geomaqnit qasırğaları risk qrupuna daxil olan xəstələr, meteohəssas insanlar üçün xüsusi ilə təhlükəlidir. Elə bu səbəbdəndir ki, son günlər yorğunluq, halsızlıq hallarından, kəskin yuxusuzluqdan şikayət edənlər çoxalıb. Bəs, maqnit qasırğasının insanların orqanizminə mənfi təsirləri nədən ibarətdir? Bu günlərdə sağlamlığı qorumaq üçün nə etmək lazımdır? APA TV-nin “Sosium” layihəsinin növbəti buraxılışında bu mövzu ətraflı şəkildə müzakirə edilib.

Həkim-fitoterapevt Elnur Rəhimov deyib ki, geomaqnit qasırğası daha çox xroniki xəstəliklərdən əziyyət çəkən, eləcə də meteohəssas insanlara öz təsirini göstərir: "Meteohəssas o deməkdir ki, orqanizmin damar və sinir sistemi buna cavab vermir. Bu məsələlərdə qanın qatılığının dəyişməsi və stress hormonu olan kartezolu göstərə bilərik. Maqnit qasırğası günlərində stress hormonunun orqanizmə birbaşa təsiri baş verə bilir".  

Elnur Rəhimovun sözlərinə görə bu dövrdə xəstəliyi olmayan, amma psixo-emosional sferasında dəyişikliklər yaranan insanlara da rast gəlmək mümkündür: "Bu baş verərsə, yuxuya da təsir göstərə bilir".

Alkoqol qəbulunun zərərli olduğunu deyən həkim-fitoterapevt, buna baxmayaraq, alkoqolun maqnit qasırğası ilə bağlı olmadığını deyib: "Amma xroniki xəstəliyi varsa, bu dövrlərdə alkoqoldan istifadə məsləhət deyil".

Geomaqnit qasırğasının daha çox kimlərə təsir göstərdiyini izah edən Elnur Rəhimovun sözlərinə görə, bu dövrdə yaxşı 48-dən yuxarı olan insanlar, eyni zamanda qadınlar əziyyət çəkir. "Günəş partlayışlarının olması, risk faktorları olan xəstəliklərə,  o cümlədən insulta daha çox təsir göstərir" - həkim-fitoterapevt belə deyib.

Elnur Rəhimov geomaqnit qasırğası günlərində qida ilə bağlı tövsiyələr də verib: ""Xoşbəxtlik hormonu" yaradan qidalara üstünlük versələr yaxşı olar. Xəmir xörəklərindən istifadə etmək, birmənalı şəkildə məsləhət deyil". Həkim-fitoterapevtin sözlərinə görə bu günlərdə açıq havalarda bir saatdan artıq qalmaq məsləhət deyil: "Eyni zamanda kompüter arxasında 40 dəqiqədən artıq əyləşməyi məsləhət görmürük. Maqnitdən danışdığımıza görə kompüter sistemi ilə işləyən insanlara birbaşa təsir göstərir".    

X

XƏBƏRLƏR
BÖYÜT