Suriyalı nazir: "Bərzani referendumu" Suriya kürdlərini də həvəsləndirib"
12:39 – 12 Oktyabr, 2017

Suriya paytaxtında silsilə terror aktları törədilib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, partlayışlar Dəməşqin iki müxtəlif ərazisində qeydə alınıb. Nəticədə iki dinc sakin ölüb, 6 yaralı var.

İlk partlayış şəhər polis idarəsinin yaxınlığında törədilib, terrorçu-kamikadze özünü partladıb. İkinci hadisə isə "Dəməşq bazarı"nın çıxışında baş verib. Burda da naməlum şəxs üzərinə bağladığı partlayıcı qurğunu işə salıb.

İŞİD hər iki hadisəyə görə məsuliyyəti üzərinə götürüb. Bu Dəməşqdə son bir ayda törədilən ikinci terror aktıdır.

Ölkənin şərqində isə ant-terror əməliyyatları davam edir. Rəqqa ətrafında 400 İŞİD-nin mühasirəyə düşdüyü bildirilir. Həmin ərazidə terrorçulara qarşı ABŞ-ın dəstəklədiyi "Demokratik Suriya Qüvvələri" daha fəaldır.

Rusiyanın dəstəklədiyi Əsəd qüvvələri isə Deyr-əz-Zor əyalətində terror qruplaşmasına ciddi zərbələr vurub. İŞİD-in müqavimət göstərdiyi bölgədən 27 min dinc sakin Əl-Hasaki yaşayış məntəqəsi yaxınlığında salınan düşərgəyə pənah gətirib. Düşərgədə sıxlıq yaşanır.

Bu arada Moskvada səfərdə olan Suriya XİN rəhbəri Valid Muallim ABŞ liderliyində olan beynəlxalq koalisiya qüvvələrinin ölkədən çıxarılması uğrunda sona qədər mübarizə aparacaqlarını deyib. İddia edib ki, adı çəkilən qüvvələr ölkədə İŞİD-in nəzarətində olan ərazilərdən başqa hər yerə zərbələr endirir. Diplomat ABŞ-ın kürdlərdən ibarət silahlı qruplaşmalara yardımından da narahatlıq keçirdiklərini əlavə edib:

"Bu yardımlar kürdləri sərxoş edib, amma başa düşmürlər ki, məqsədli dəstək əbədi olmayacaq. Kürd problemi illərdir davam edir, lakin onlar bu illər ərzində etibarlı müttəfiq tapa bilməyib. Böyük güclər isə ümumiyyətlə güvəniləcək tərəf deyil".

Nazir onu da vurğulayıb ki, İraqın şimalında keçirilən "müstəqillik referendum"u Suriyadakı kürdləri də həvəsləndirib:

"Onlar ölkədəki neft yataqlarına nəzarət etmək üçün Dəməşqlə rəqabətə girməyə can atır" - deyə, Valid Muallim əlavə edib.

X

XƏBƏRLƏR
BÖYÜT