Masallıda dağlıq ərazilərdə çay əkilir
13:56 – 12 Oktyabr, 2017

Masallıda qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə illərdir kol-kos basmış ərazilər təmizlənib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, indi həmin dağlıq ərazilərdə ilk dəfə olaraq yeni çay plantasiyaları salınır. Bu isə heç də təsadüfi deyil: "İki ildən sonra çayın bu yarpaqlarını dərərik çox gözəl tamı olacaq, ona görə gözəl olacaq ki, dənizdən 700-800 metr yüksəklikdədir".

 

Masallı rayonunda çay əkininə ötən əsrin 40-cı illərindən başlanılıb. 1990-cı illərə qədər təkcə Masallıda 4 min hektara yaxın sahədə çay əkilib. Əkilən sahələrdən ildə 11 min ton yaşıl çay yarpağı yığılıb. Sonradan baxımsızlıq səbəbindən bu çay sahələrinin demək olar ki, hamısı sıradan çıxıb. Aqrar sektorda əsas istiqamətlərdən biri də cənub bölgəsində çayçılığın əvvəlki şöhrətini özünə qaytarmaqdır. Hazırda Azərbaycanda çay əsasən Lənkəran, Astara, Masallı və Zaqatala rayonlarında yetişdirilir.

 

İndi Masallının  Kolatan kəndi ərazisində 100 hektar yeni çay plantasiyaları salınır. Əkilən yeni şitillər əsasən yerli sortlardır: "Sortların bir qismini Türkiyədən gətirmişik, bir qismi yerlidir. Gələcəkdə əkdikcə baxarıq, ola bilsin, başqa ölkələrdən də gətirdik. Amma əksər gücü yerli şitillərə veririk".

 

2014-cü ildə 40 hektar ərazi əkilib və nümunə üçün bu il buradan məhsul da toplanılıb. Sahibkarlar həm məhsul bolluğundan, həm də keyfiyyətindən razıdırlar: "Aşağıda əkilən çayla dağda əkilən çay fərqlənir. Dağda ağaclar olduğuna, torpaq münbit olduğuna, günəş şüalarından ağacların yanması ehtimalı az olduğuna görə. Aşağıda iyul-avqust ayında güclü istilər yarpaqlara təsir edir. Amma dağlıq ərazilərdə az təsir edir. Ona görə biz ağaclıqların arasında çay sahəsi salmışıq, bu da kölgədə onları qoruyur".

 

Burada su mənbəyi olmadığından, sahələr əsasən bulaq suları ilə suvarılır. Bunun üçün ərazidə süni göl də yaradılıb. Bu göl vasitəsilə ərazilər müasir üslubda, çiləmə sistemi ilə suvarılacaq: "1 milyon 200 mindən çox şitilimiz var, bir ay-ayyarım biz bu şitilləri əkərik. Dağda suvarma, gördüyünüz kimi, çiləmə üsulu ilədir. Dağlarda çayın tamı ona görə gözəl olar ki, dağ yeridir və bulaq suları ilə suvarılır".

 

Plantasiyaların Talış sıra dağlarının qoynunda salınmasının başlıca məqsədi buradan yığılan çay bitkisinin daha keyfiyyətli və məhsuldarlığı ilə bağlıdır. Çünki dağlıq ərazidə nəmişliyin çox olması məhsulun tez yetişməsinə səbəb olur. Buradan yığılan çayla düzən sahədən yığılan çayın tamı da fərqlidir.

X

XƏBƏRLƏR
BÖYÜT