Tək əllə səs çıxaran adam - ONA LƏQƏB VERİLİB
15:05 – 12 Oktyabr, 2017

Mingəçevir şəhərində yaşayan və fiziki imkanları məhdud olan I qrup əlil Aydın Mustafayevi tanımayan yoxdur. O, bir qolunun olmasına baxmayaraq, hər gün şəhərin parklarında sevimli qarmonu ilə mahnılar ifa edir, orada istirahət edən insanların yardımı hesabına gündəlik tələbatını ödəyir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, tək əli ilə qarmonda şən və lirik mahnıları gözəl ifa etməklə hamının marağını cəlb edən Aydın Mustafayev elə bu mahir ifasına görə yerli sakinlər tərəfindən “Arif” ləqəbini alıb.

 

Aydın Mustafayev bir müddət öncə ən böyük arzusunun yeni qarmon əldə etməsi olduğunu bildirmişdi. Onun bu arzusunu Milli Məclisin Mingəçevirdən seçilmiş deputatı Aydın Mirzəzadə reallaşdırıb. Aydın Mirzəzadə Mingəçevirdə seçiciləri ilə görüşündən sonra Aydın Mustafayevin evinə gedib və yeni aldığı qarmonu ona təqdim edib.

 

Qeyd edək ki, 70 yaşlı Aydın Mustafayevin musiqi təhsili yoxdur, 7-8 yaşında olarkən qarmonda sərbəst, yəni heç kimdən dərs almadan ifa etməyi öyrənib. Onun sözlərinə görə, 6 yaşında olarkən yıxılaraq sağ qolunu möhkəm zədələyib. Həkimlər onun qolunu sağaltmaq üçün çox cəhd ediblər. Lakin müsbət nəticə olmayıb. Sonda həkimlər sağ qolumu amputasiya ediblər. Sonra o, bir əli ilə evdəki kiçik qarmonda mahnılar ifa etməyi öyrənib. Aydın Mustafayev uzun illərdir ki, Mingəçevirdə sevimli sənəti ilə məşğul olaraq, özünü və anasını dolandırır.

X

XƏBƏRLƏR
BÖYÜT