Rövnəq Abdullayev: "Azəri-Çıraq-Günəşli" yatağında 550 mln. tondan artıq neft ehtiyatı var"
16:19 – 12 Oktyabr, 2017

Bakıda "Argus Media" beynəlxalq neft sammiti işinə başlayıb. Sammit Xəzər regionunda əsas görüşlərdən biri sayılır və beynəlxalq neft, nəqliyyat, ticarət şirkətlərinin, habelə nazirliklərin 250-dən çox rəhbər şəxsini bir araya gətirib.

 

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, hazırda "Azəri-Çıraq-Günəşli" yatağında 550 mln. tondan artıq neft ehtiyatının olduğu müəyyən edilib. Hazırda "Şahdəniz" yatağında illik təbii qaz hasilatı 9 mlrd. kubmetrə çatır: "Yatağın işlənməsinin ikinci mərhələsində isə qaz hasilatı 16 mlrd. kubmetrə çatdırılacaq. Bu qazın 6 mlrd. kubmetri Türkiyəyə, digər 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. Hazırda bu yatağın işlənməyə hazır olması ilə bağlı işlər uğurla və vaxtlı-vaxtında yerinə yetirilir".


Energetika nazirinin müavini Natiq Abbasovun sözlərinə görə, OPEC üzvləri və kartelə daxil olmayan ölkələr sazişin müddətini 2018-ci ilin birinci rübün sonunadək uzadaraq neftin bahalaşmasına növbəti dəstəyi verəcək: "OPEC və kartelə daxil olmayan ölkələr üzərlərinə götürdüyü öhdəliklər, bu öhdəliklərin yüksək səviyyədə yerinə yetirilməsi və yanvar ayından, yəni əldə olunmuş razılığın qüvvəyə mindiyi tarixdən neftin qiymətində müşahidə olunan artım tendensiyası "qara qızıl"ın ədalətli qiymətə çatdırılması istiqamətində addımların doğru olduğunu göstərir".

 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz 2006-cı ilin iyun ayından bu ilin analoji ayının sonuna kimi Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Qazaxıstan və Türkmənistandan da gələn həcmlər daxil olmaqla ümumilikdə təxminən 2,7 mlrd. barel, yəni 365 mln. tondan artıq xam neft ixrac olunduğunu deyib. O,  Azərbaycanın gələcəkdə regional enerji mərkəzi kimi inkişaf edərək böyümək potensialına malik olduğunu deyib. 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT