“Trampın və Sevincin Amerikası” - "YENİ MÜSAVAT"DA KİTAB TƏQDİMATI
17:29 – 12 Oktyabr, 2017

Donald Tramp ABŞ-ın prezidenti seçiləndən sonra yeddi müsəlman ölkəsinə viza qadağası qoydu. Bu qadağa azərbaycanlı mühacirlərin durumuna necə təsir edəcəkdi?

 

APA TV-nin məlumatına görə, məhz bu suala cavab tapmaq üçün "Yeni Müsavat" qəzetinin əməkdaşı  Sevinc Telmanqızı okeanın o tayına yola düşdü. Bununla da böyük bir layihənin əsası qoyuldu. Nəticədə isə “Trampın və Sevincin Amerikası” kitabı ərsəyə gəldi.

 

Nəşr Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Amerika Birləşmiş Ştatlarında yeni nəsil Azərbaycan diasporu" layihəsi çərçivəsində Qadın Haqları və Gender Bərabərliyi İctimai Birliyinin dəstəyi ilə işıq üzü görüb. Təqdimat mərasimində "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, millət vəkilləri Çingiz Qənizadə , Fazil Mustafa, "APA Holding"in prezidenti Vüsalə Mahirqızı, Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlu və digərləri çıxış edərək, yeni nəşr barədə fikirlərini bölüşüblər.

 

Araşdırma zamanı jurnalist 40-dan çox müsahiblə həmsöhbət olub. Onlardan hər birinin ayrıca hekayəsi var. Təqdim olunan nəşrdə məhz bu hekayələr yer alıb: “Amerika yeni dünyadır. Deyildiyi qədər varmış. İnsana mühacir olduğunu, ya da qeyri-mühacir olduğunu hiss etdirmirlər. Amerika hamıya qucaq açır. Amerikadakı mühacirlər mənə daha mübariz göründülər”.

 

"Yeni Müsavat" qəzetinin baş redaktoru, eyni zamanda ön sözün müəllifi Rauf Arifoğlu bildirib ki, bu kitab tarix üçün yazılıb. O, nəşrin Tramp Amerikası haqqında təsəvvür yaratmaq baxımından faydalı olduğunu dilə gətirib: “Sevinc xanım elə detallardan yazmışdı ki, mən bir neçə ay əvvəl Amerikada olsam da, onları görməmişdim. Jurnalist gözü tamam başqadır. Hesab edirəm ki, Azərbaycan oxucusu bu rakursdan yararlana biləcək. Amerikadakı azərbaycanlılar tamam başqa imişlər. Avropanı və Amerikanı araşdırdıq. Hazırda ən mühüm əmək mühacirəti dalğası olan Rusiyanı hədəf kimi götürmüşük”.

 

Tədbirdə həmçinin Sevinc Telmanqızının Avropada yaşayan azərbaycanlı mühacirlərin problemlərini əks etdirən “Xatirələrin işgəncəyə döndüyü yer” kitabının da təqdimatı olub.

 

Çıxış edənlər nəşrlərin azərbaycanlı mühacirlərin həyatına nəzər salmaq baxımından faydalı olduğunu vurğulayıblar.

 

X

XƏBƏRLƏR
BÖYÜT