Araz Qurbanov: "Ermənistan Suriyadan şiə erməniləri Qarabağa köçürmək istəyir"
18:07 – 12 Oktyabr, 2017

Azərbaycan Respublikasının Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzində qurumun aparıcı elmi işçisi Araz Qurbanovun «Müsəlman ermənilər». Regionda geosiyasi oyunların yeni iştirakçıları» kitabının təqdimat mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, kitabda Ermənistanın Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı ərazi iddialarında, qondarma «erməni soyqırımı» tələblərində, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan - müsəlman ermənilərdən, və «erməni» kimi təqdim etdikləri həmşinlilərdən istifadə cəhdlərindən bəhs olunur.

 

Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Ermənistanın qonşu dövlətlərə ərazi iddialarını əsaslandırmaq üçün genişmiqyaslı plan həyata keçirdiyini bildirib. Bu planda müsəlman ermənilərə xüsusi yer ayrılıb.

 

SAM-ın aparıcı elmi işçisi Məsiağa Məhəmmədi kitabda çox ciddi problemlərə diqqət çəkildiyini deyib.

 

Məsiağa Məhəmmədi bildirib ki, müəllif yazıçı Əkrəm Əylisinin "Daş yuxular" əsərinin təsadüfən meydana çıxmadığına diqqət çəkir.

 

Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Ərəstu Həbibbəyli əsərdə müsəlman ermənilər məsələsində Ermənistan rəhbərliyi və erməni diasporun siyasətinin dəyişdiyini bildirib.

 

AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Musa Qasımlı I Dünya Müharibəsi vaxtı Osmanlıda 400 min erməninin islamı qəbul etdiyi faktını önə çəkib.

 

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizədə elmi araşdırmalara əsaslanmağın zəruriliyini bildirib.

 

Müzakirələrdə iştirak edən dövlət qurumlarının təmsilçiləri, araşdırmaçılar, tarixçilər "Müsəlman ermənilər" kitabının nəşrinin əhəmiyyətindən danışıb, kitabın xarici dillərə tərcümə olunmasının vacibliyini vurğulayıblar.

 

Kitabın müəllifi Araz Qurbanov deyir ki, Ermənistan müsəlman ermənilər faktorundan işğal olunmuş Azərbaycan ərazilərini məskunlaşdırmaq üçün istifadə etməyə çalışırlar:

 

"Biz Strateji Araşdırmalar Mərkəzi olaraq Azərbaycan üçün, region üçün, regionda sabitlik üçün, Azərbaycanın milli təhlükəsizlik maraqları üçün aktual olan mövzuları, ictimaiyyətin gündəminə gətirməklə də məşğuluq. Son addımlarımızdan biri də müsəlman ermənilər amilindən Ermənistanın və onları himayə edən bəzi dövlətlərin Azərbaycan əleyhinə, Türkiyə əleyhinə, eləcə də Gürcüstan əleyhinə istifadə etmək səylərinə həsr olunub. Ermənistanın "Kimliyə dönüş" və "Qarabağa dönüş" planları mövcuddur və bu planlar çərçivəsində Azərbaycan və Türkiyənin ərazi bütövlüyünə qarşı fəaliyyətlərini açıb göstərməyə və ictimaiyyətə çatdırmağa çalışmışıq. Ermənistan Dövlət Universitetinin müəllimi, həmin universitetdə Azərbaycan dili və Azərbaycanda gedən proseslərdən dərs deyən Qayane Çobanyanın statistik hesablamalarına görə, Suriyada yüz min nəfərə yaxın müsəlman erməni var. Bu ermənilərin 80 mini şiədir. Qarabağa qayıdış planı məhz həmin şiə ermənilərin Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi məqsədi daşıyır. Düzdür bu plan bəzən bəzən intensivləşir, bəzən sükunət halında olur, amma həmişə gündəmdədir. Ermənistanın məqsədi burada Dağlıq Qarabağ münaqişəsinə yeni iştirakçıların, aktorların cəlb olunması, Dağlıq Qarabağ əhalisinin artırılması, Ermənistan-Azərbaycan münaqişəsinə "müsəlman-müsəlman münaqişəsi" donu geyindirməkdir. Eyni zamanda həmin müsəlman ermənilərin vasitəsilə islam ölkələri ilə əlaqələr qurmağı hədəfləyirlər. Kitabda bu və ya digər məsələlər öz əksini tapıb. Son söz isə oxucuların olacaq". 

X

XƏBƏRLƏR
BÖYÜT