Ucarda narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib
19:03 – 12 Oktyabr, 2017

Ucarda "Narkomanlığın cəmiyyətə, insanların sağlamlığına zərəri və doğurduğu təhdidlər" mövzusunda tədbir keçirilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomaniya qarşı mübarizə dair 2013-2018 illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının əməkdaşlarının, orta məktəb şagirdlərinin və yerli icra hakimiyyətin nümayəndələrinin iştirakı ilə "Narkomanlığın cəmiyyətə, insanların sağlamlığına zərəri və doğurduğu təhdidlər"in müzakirəsi məqsədi ilə tədbir keçirilib.

 

Tədbiri Ucar Rayon Polis Şöbəsinin rəis müavini Elçin Fərhadov açıq elan edərək onun əhəmiyyətindən danışıb. Bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd əsasən gənclər və yeniyetmələr arasında maarifləndirmə və təbliğat işinin aparılması və onların gələcəkdə bu bəlalara düçar olmamasıdır.

 

Digər natiqlər qeyd ediblər ki, narkomaniya və narkobiznes təkcə insanların salamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, mütəşəkkil cinayətkar qrupların yaradılması və silah alverinin güclənməsi sahəsində mühüm rol oynayır. Ən acınacaqlısı budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir.

 

Ucar Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis mayoru Elnur Mayılov mütəmadi olaraq gənclər və yeniyetmələr arasında bu cür tədbirlərin keçiriləcəyini bildirib.

X

XƏBƏRLƏR
BÖYÜT