Avqustda qadını evində döyüb çoxlu pulunu, qızılını aparanlar tutuldu
23:43 – 12 Oktyabr, 2017

Kürdəmirdə iki ay əvvəl törədilən cinayətin üstü açılıb. APATV-nin yerli bürosunun xəbərinə görə, bu ilin avqust ayının 23-də gecə saatlarında iki maskalı şəxs rayonun Yenikənd kəndinin sakini, 43 yaşlı İsmayılova Afət Gəray qızının mənzilinə daxil olaraq ev sahibini döyüb və oradan 5500 manat, 9200 ABŞ dolları və 20 min manat dəyərində qızıl əşyaları aparıb.

Bu barədə zərərçəkmiş hüquq-mühafizə orqanlarına məlumat versə də, quldurluq faktını törədənlərin izinə düşən polis onları bugünlərdə ələ keçirə bilib. DİN-in Baş Cinayət Axtarış İdarəsi və Kürdəmir RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən və əvvəllər məhkum olunmuş Səfail Yunusov saxlanılıb. İlkin dindirmə zamanı cinayəti tamah məqsədi ilə törətdiyini deyən S.Yunusovun yaşadığı evin həyətinə baxış keçirilən zaman, oradan bankada torpağa basdırdığı qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb.

Araşdırma zamanı onun quldurluq hadisəsini həmyerlisi Rahim Mirzəyevlə birgə törətdiyi və əldə etdikləri pulu və əşyaları aralarında böldükləri müəyyənləşib. Məlum olub ki, R.Mirzəyev əvvəllər oğurluğa, qəsdən sağlamlığa ağır zərərvurmaya görə üç dəfə məhkumluq həyatı yaşayıb. Bu il martın 22-də Kürdəmir rayonunun Yenikənd kənd sakini Namiq Qubatovu qətlə yetirdiyinə görə avqustun 26-da polis əməkdaşları tərəfindən saxlanılıb, cinayətin aləti olan silah isə yaşadığı evin həyətində aşkar edilərək maddi sübut kimi götürülüb.

Hər iki şəxs cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. R.Mirzəyevə quldurluq cinayəti ilə yanaşı qəsdən adam öldürmə (120.1) maddəsilə də ittiham irəli sürülüb. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

X

XƏBƏRLƏR
BÖYÜT