Görmə əngəlli uşaqlar: "Müəllim olmaq istəyirik" - REPORTAJ
15:05 – 13 Oktyabr, 2017

Sevincin səkkiz yaşı var. Dünyaya sağlam gözlə baxmaq balaca adaşımın ən böyük arzusudur. Deyir ki, anadangəlmə göz qüsuru ilə doğulsa da, valideynlərinin səyi nəticəsində bu gün təhsil alır, dərslərini sevə-sevə öyrənir: "Ailədə iki uşağıq. Amma mən çox zəif görürəm. Anam kömək etməsə, mənə çətin olar. Dərslərimi yaxşı oxuyuram, tərbiyəçilərimi sevirəm. Valideynlərim deyir ki, mən çox şirin, həm də çalışqan qızam. Arzum böyüyəndə müəllim olmaqdır. Onun üçün çalışıram".

 

Hüseyn isə sevincdən üç yaş böyükdür. Görmə əngəlli olsa da, dərslərini yaxşı oxuyur: "Gözlərim demək olar ki, görmür. Həkimlər deyib ki, 15 yaşımda məni əməliyyat edəcəklər. Ondan sonra gözlərimiz görəcək. Mən də o günü səbirsizliklə gözləyirəm. Dərslərimi də yaxşı oxuyuram. Müəllim olacağam. Bütün fənləri sevirəm. Ən böyük arzum sağlamlığıma qovuşmaqdır".

 

Dünya Səhiyyə Təşkilatının (DST) təşəbbüsü ilə oktyabr ayının ikinci cümə axşamı hər il Dünya Görmə günü (World Sight Day) kimi qeyd edilir.

 

Bu tarix korluq problemləri, görmə qabiliyyətinin pisləşməsi və göz pozğunluğu olan insanların reabilitasiyası kimi məsələlərə qlobal diqqətin çəkilməsi üçün təqvimə salınıb.

 

Beynəlxalq Korluğun Profilaktikası Agentliyinin məlumatına görə, dünyada təxminən görmə problemi olan 300 milyon adamın 40 milyonu korluqdan əziyyət çəkir. Korluqdan əziyyət çəkən insanların 82%-i yaşı 50-dən yuxarı olanlardır.

 

Görmə problemləri olan insanların 19 milyonu uşaqlardır, onlardan 1,5 milyon uşaq tam korluqdan əziyyət çəkir.

 

Dünya Görmə Günü çərçivəsində göz xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş maarifləndirmə və profilaktika tədbirləri aparılır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kollektivi həm Bakıda, həm də bölgələrdə göz xəstəlikləri ilə bağlı əhali arasında geniş maarifləndirmə tədbirləri aparır, oftalmoloji xəstələrin müayinəsini və müalicəsini həyata keçirir. Milli Oftalmologiya Mərkəzinin əməkdaşı Yazgül Abdıyeva belə deyir: "Korluğun qarşısının alınması üzrə Beynəlxalq Agentliyin məlumatına görə, hazırda dünyada təqribən 300 milyona qədər insanın gözlə bağlı problemləri vardır. Onların 40  milyonu görmə qabiliyyətini tamamilə itirib. 19 milyondan çox uşaq göz xəstəliklərinə mübtəla olur".

 

Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmiyar Abdullayev deyir ki, bu gün Azərbaycanda 40 minə yaxın gözdən əlil var: "Bunun 8 minə yaxını uşaqdır. Əsas məqsəd sağlam nəslin formalaşmasıdır. İstərdik ki, ölkədə əlilliyin sayı daha da az olsun".

 

Dünyada görmə problemləri olan insanların sayı 45 min nəfər artır. Mütəxəssislərin rəyinə görə, vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80%-nin qarşısını almaq mümkündür.

X

XƏBƏRLƏR
BÖYÜT