Azərbaycanda ilin sonuna qədər mənzillər bahalaşacaqmı? - EKSPERT
16:51 – 13 Oktyabr, 2017

Son bir ildə Bakıda evlərin satışında yeni tendensiya müşahidə olunur. Belə ki, daşınmaz əmlak bazarında əşyaları ilə birlikdə satışa çıxarılan mənzillərin sayı artıb. Ümumiyyətlə son 2-3 ayda evlərin satışı çox aşağı düşüb. Hazırda elan vasitəsilə satışa çıxarılan evlərin cəmi 5-10% satılır. Daşınmaz əmlak bazarında həm qiymətlərdə, həm də satışın həcmində ciddi dəyişiklik gözlənilirmi? Yeni binalarda mənzillərin qiymətində ucuzlaşma baş verə bilərmi? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.

Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov  deyib ki, son aylarda təkrar mənzil, kirayə, torpaq bazarında, eləcə də qeyri-yaşayış sahələrində qiymət artımı müşahidə edilməkdədir: "Təkrar mənzil bazarında qiymət artımı 3,25% təşkil edib. Torpaq bazarında 1,61% artım olub. Kommersiya obyektləri bazarında bu rəqəm 1,5 faizə çatıb".  Nüsrət İbrahimovun sözlərinə görə ötən illə müqayisədə bu il əqdlərin sayında da artım müşahidə edilməkdədir.

Ekspert onu da qeyd edib ki, bu gün insanlar əllərindəki vəsaitləri daha çox tikinti sektoru, eləcə də mənzil bazarına yönəltməyə üstünlük verirlər. 

Ekspert deyib ki, bazarın qiymətləri adətən kirayə və icarə qiymətləri ilə təhlil olunur: "Bunların qiymətlərində artım varsa, deməli insanların ödəmə imkanlarında artım var: "Məsələn kirayə bazarında sentyabr ayında avqust ayındakı təklifdən xeyli azalma var. Bu fərq artıq kirayə verilib və bazardan çıxıb. Avqust ayında bir otaqlı mənzilin qiyməti 329 manat olubsa, sentyabr ayında bu rəqəm 338 manat təşkil edib". 

Nüsrət İbrahimovun sözlərinə görə ilkin mənzil bazarına marağın artması, insanların daha çox sənədli mənzillər alması, risklərdən uzaq olması səbəbindən irəli gəlir: "Tikinti şirkətləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin təklif etdiyi imkanlardan maksimum yararlansın".

Ekspert daşınmaz bazarının ekspozisiya müddətinə də toxunub: "Əvvəl elə əmlak olurdu ki, bazara çıxaran kimi satılırdı. 2015-ci ilin ikinci yarısı, 2016-cı ildə ekspozisiya müddəti 300 günü keçmişdi. Bu gün bu rəqəm əmlak bazarında azala-azala gedir".

Ekspert deyib ki, sovet dövründə formalaşan ənənələrdən biri mənzil satılarkən, aksesuarları və məişət əşyalarının çıxarılması idi: "Biz başa düşmürdük ki, bu daşınmaz əmlakın bərkidilmiş elementləridir. İnsanın rahatlığı üçün nə lazımdır? Əl-üz yuyan, duş, mətbəx, paltar yığmaq üçün şifoner. Xaricdə bunu belə başa düşürlər. Bizdə bu ənənə indi formalaşır".

N. İbrahimov deyib ki, mənzil bazarına həm də beynəlxalq bazarın vəziyyəti təsir edir: "Dollarla götürəndə bizdə mənzillərin qiymətləri ucuzdur. Manatla ifadə də alıcılıq qabiliyyətimizə baha gəlir. Amma bilməliyik ki, biz dünyadan təcrid yaşamırıq". 

 

X

XƏBƏRLƏR
BÖYÜT