Şəhriyar Del Gerani: "Səməd Vurğunun "Azərbaycan" şeri ciddi poeziya nümunəsi deyil"
17:44 – 13 Oktyabr, 2017

APA TV-nin yeni layihəsi olan "2+2"-nin ilk buraxılışında ədəbiyyatda nə vaxtsa olmuş, sonralar isə itib getmiş janrdan - mədhiyyədən danışılıb. Bəs mədhiyyə yaltaqlığa gətirib çıxara bilərmi? Ümumiyyətlə, tərif yazan qələm əhlinə cəmiyyətdə münasibət necə olur? Sifarişlə şer yazmaq olurmu? Verilişdə bu suallara aydınlıq ətraflı şəkildə gətirilib.

 

Şair-publisist Zahir Əzəmət deyib ki, məzmun etibarilə mədhiyyə özünə yeni formalar tapıb: "Mədhiyyənin uğurlu olması üçün qarşı tərəfin mədh edilmək baxımında uğurlu olmaq kriteriyası var. Eləcə də müəllifin kifayət qədər sevgisi, səmimiyyəti olmalıdır. Əgər orada içdən gələn sevgi və içdən gələn səmimiyyət bir arada deyilsə, bu ya uğursuz bir şey olacaq, ya da yaltaqlığa çevriləcək".

 

Yazıçı Fəxri Uğurlunun sözlərinə görə klassik dövrdə şairin dolanmağa başqa yolu olmadığından bu janra üz tuturlar:  "Saray ədəbiyyatın da yiyəsi idi. Burada hər şey o qədər açıq idi ki, heç kim heç kəsi günahlandırmırdı".

 

 

Zahir Əzəmət deyib ki, klassik dövrdə iki tip şairlər var idi. Bir tip şairlər mədhiyyə ilə məşğul idisə, digər tip şairlər həcvlə məşğul idi: "Nizami və digərləri iri əsərlərini Allahın və Peyğəmbərin tərifi ilə başlayırdılar. Həm mənəvi, həm də praktiki baxımından ədəbiyyatın sahibi saray idi. Dövrün ən yaxşı şairləri sarayda yaşayıb və təmsil olunublar".

 

Fəxri Uğurlunun sözlərinə görə hökmdarlar şairlərə əsərin yalnız mövzusunu sifariş verirdilər.

 

Zahir Əzəmət hesab edir ki, sovet dövrünü tərifləyən şairlərimizin əsərlərindən bu gün də səmimiyyət hiss olunmaqdadır: "Səməd Vurğuna qədər Azərbaycan şerinin dili duru idimi?"

 

Şair Şəhriyar Del Gerani hesab edir ki, Səməd Vurğunun "26-lar" poeması meyxananı xatırladır. Şair müasir Azərbaycan poeziyasında yaltaqlıq probleminə də toxunub: "Məddahllığı gənc şairlərə yox, orta nəslə aid edərdim. Çünki mən gənc şairlərdə yaltaqlıq görmədim". 

 

Fəxri Uğurlu deyib ki, Səməd Vurğunun "Mən tələsmirəm" şeri dünya poeziyasının nadir nümunələrindən biridir. Yazıçı hesab edir ki, mədhiyyəyə qarşı aqressiv münasibət, onun leqal olmamasından irəli gəlir: "Mədhiyyəni janr kimi bərpa etsələr, hər kəs öz istəyini bildirər".

 

Zahir Əzəmətin sözlərinə görə Azərbaycanın qəhrəmanlarına saysız hesabsız əsərlər yazılsa da, bunların içində parlaq nümunə yoxdur: "Bütün hallarda ortada səmimiyyət faktoru yoxdursa, bu alınmır". Şair-publisist yazarı yaltaq hesab etmir: "Ya uğurlu mətndir, ya da uğursuzdur. Onsuz da beş ildən sonra unudulub gedəcək. Yaltaqlıqla məddahlığın sərhədini hər kəs fərdi şəkildə müəyyənləşdirə bilər".  Şair-publisist iddia edir ki, bu gün məddahlıqdan daha çox yaltaqlıq var.

 

Şəhriyar Del Geraninin hesab edir ki, Səməd Vurğunun "Azərbaycan" şeri bir zamanlar dillər əzbəri olsa da, şer deyil: "Azərbaycanı vitrinə çıxarmaq üçündür. Namiq Qaraçuxurlunun rəvayəti 15 il bundan əvvəl daha çox dillər əzbəri idi. Amma ciddi poeziya nümunəsi deyil".   

X

XƏBƏRLƏR
BÖYÜT