Yaradılış: dinə, yoxsa elmə inanaq? - MÜZAKİRƏ
14:50 – 16 Oktyabr, 2017

Əsrlərdir ki, insanlar elm, yoxsa din mövzusunda mübahisə edirlər. Əslində bu mübahisənin səbəbi də var. Hər iki tərəf hesab edir ki, elm və din kainatın, həyatın yaradılışı ilə bağlı suallara konkret tutarlı cavab verə bilmir. Kainatın yaradılışında elmə, yoxsa dinə inanmaq lazımdır? Ümumiyyətlə elm ilə dinin sərhədi varmı? Bu iki məfhum bir-birinə haradasa qovuşurmu? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu məsələ qızğın şəkildə müzakirə müzakirə edilib.

 

İlahiyyatçı Elşad Miri deyib ki, elm inkişaf etdikcə, dünyanın yaradılması ilə bağlı rəqəmlərdə dəyişikliklər müşahidə edilir: "Bugünkü elmi özünü doğuran elə din oldu. Yaxın Şərqə - Xristianlığa və İslama baxdığımız zaman görürük ki, Allah yer üzündə gəzmək-dolaşmaq dedikdə, yaradılışın necə formalaşdığını istəyir".

 

Jurnalist Vüsal Məmmədovun sözlərinə görə hansısa bir fikrin elmi sayılması üçün onun əksini nəzəri cəhətdən təkzib etmək nəzəri cəhətdən mümkün olmalıdır: "Mənim dediyim fikrin yalan olduğunu sübut etmək, nəzəri cəhətdən mümkün deyil. Əgər belədirsə, mənim fikrim elmi deyil. Din ilə elmin kəsişmədiyi yer budur. Dinin dediyi fikirlər elə fikirlərdir ki, onun əksini sübut etmək nəzəri cəhətdən mümkün deyil. Ona görə də biz dini elmi saymırıq. din bizdən inanmağı tələb edir, din isə bilməyi tələb edir. Bilmək olan yerdə inanmağa ehtiyac qalmır".

 

İlahiyyatçı Fazil Əhmədlinin sözlərinə görə islam ilahiyyatçıları elmlə dini qarşı-qarşıya qoyduqları zaman İslamdan qabaqkı dini nəzərdə tutmurlar: "Biz heç vaxt elmlə islamdan qabaqkı dinləri ona görə müzakirə edə bilmərik ki, islamdan qabaqkı dinlər təhrif olunub. İslamdan qabaqkı dinlərdə miflər və nağıllar var. Din və elmi müqayisə edərkən təhrifə məruz qalmayan islamı nəzərdə tuturuq". Fazil Əhmədli onu da deyib ki, Qurani-Kərimdə inam kəlməsi yoxdur, iman kəlməsi işlənib. İlahiyyatçı onu da əlavə edib ki, dünyada bütün müsəlmanların əlindəki Quran eynidir.

 

"Elm ilə din arasında uçurum qədər fərq var. Elmin təməl aldığı şübhədir. Şübhə olmazsa, elm ola bilməz. Elmdə əsas struktur yanlışlanmaqdır. Elmdə mütləq həqiqət anlayışı yoxdur, amma dində mütləq həqiqət anlayışı var" - gənc bloqqer Taryel Abdullayev belə deyib. Onun sözlərinə görə bir kitabdan sitat gətirmək xətadır.          

 

Fizika-riyaziyyat elmləri namizədi, dosent Naqif Nəbiyev hesab edir ki, din insanın dəyərlərinin çox böyük bir hissəsidir: "Dini ictimia və təbiət elmləri tərəfindən qiymətləndirilməsi var. Təbiət elmi ilə məşğul olan bir alim belə ateist deyil. İnsanın özünə inandığı nöqtəsi olmalıdır. Mən fikirləşirəm ki, elmlə dinin qarşı-qarşıya qoyulması artıq geridə qalıb. Dinin gətirdiyi sistemləşdirmə, ona yox deməkdən daha çox xeyirdir".

 

İlahiyyatçı Elşad Miri deyib ki, Allah bizdən araşdıraraq öyrənməyi tələb edir: "İbrahim peyğəmbər Tanrı məsələsini belə araşdırır. Elm dediyimiz anlayış bir-birinin üstünə kərpic qoya-qoya bu günə gəlib çıxıb".  Elşad Miri əlavə edib ki, təkamül nəzəriyyəsini qəbul etmək, yaxud qəbul etməmək heç bir zaman nə deistlərin, nə teistlərin və yaxud ateistlərin məsələsi deyil: "Təkamül nəzəriyyəsini qəbul etmək adamın ateist olduğuna dəlalət etmir".

 

Taryel Abdullayev deyib ki, insanla şimpanzenin DNT-si arasında 98% eynilik olduğu məlum olub: "Bu o deməkdir ki, şimpanze ilə insan meydana gəlməyi daha yaxın zamanlarda, pələnglərdə isə daha uzaq zamanlarda olub".

 

Fazil Əhmədli deyib ki, almanın yerə düşməsi cəzb etmədirsə, bu cəzb etmə qanununu kim yaradıb: "İslamın istənilən iddiasının arxasında elmi dəlil dayanır. Allahın varlığına dair elmi dəlillər var".

 

Vüsal Məmmədovun sözlərinə görə dinin təbiət elmləri içərisində sübutu yoxdur: "Təkamül nəzəriyyəsi yanlışdırsa, düzgün nəzəriyyənizi ortaya qoyun ki, insan necə yaranıb".

 

Elşad Miri deyib ki, Quranın heç bir yerində Allaha inanmaqla bağlı ayə yoxdur: "Peyğəmbərlər ateist deyil, dindar cəmiyyətə gəlmişdilər".  

 

Vüsal Məmmədov hesab edir ki, din və elm təfəkkürün ayrı-ayrı formalarında bir-biri ilə qətiyyən kəsişmirlər və uzlaşmırlar: "Elm insanın kainatı dərk etməsi üçündür. Din isə səmavidir, guya Allahdan gəlib".        

X

XƏBƏRLƏR
BÖYÜT