Pərviz Şahbazov: "Neft bazarında tarazlığa yalnız bir ölkə nail ola bilməz"
12:39 – 20 Oktyabr, 2017

"Azərbaycan yalnız OPEC ilə deyil, bütün beynəlxalq öhdəliklərinə hər zaman çox ciddi yanaşır". APA TV-nin məlumatına görə, bunu Azərbaycanın yeni energetika naziri Pərviz Şahbazov jurnalistlərə ilk açıqlamasında bildirib.

 

O qeyd edib ki, ölkəmiz hər zaman olduğu kimi, neft bazarının stabilləşməsində maraqlıdır: "Bizdə olan məlumata görə, cari ilin noyabr ayına OPEC-də Nazirlər Şurası səviyyəsində növbəti iclasın keçirilməsi nəzərdə tutulur. Azərbaycan tərəfinə dəvət gəldiyi halda, müvafiq razılaşdırılmadan sonra bu tədbirdə iştirak edə bilərik. Sözsüz ki, neft bazarında tarazlığın əldə olunmasına yalnız bir ölkə nail ola bilməz. Bu baxımdan beynəlxalq formatda əməkdaşlığa ehtiyac var. Azərbaycan neft hasilatının azaldılmasına dair təşəbbüsə qoşulub. Düşünürük ki, bundan sonra da bu istiqamətdə addım ata bilərik. Ümumiyyətlə, son dövrlərin tendensiyası göstərir ki, atılan addımlar özünü doğruldur".

 

Nazir həmçinin hasilatçı ölkələr arasında yeni razılaşmanın əldə olunması məsələsinə də toxunub: "Bu gün biz deyə bilərik ki, neft bazarı nisbətən tarazdır, stabildir. Bu isə böyük nailiyyətdir. O ki qaldı yeni razılaşmaya, dediyim kimi, Nazirlər Şurasının iclasında müzakirələr aparılacaq, ötən dövr təhlil olunacaq və gələcək addımlar haqqında da düşünüləcək".

 

Qeyd edək ki, Energetika sahəsi işçilərinin peşə bayramı münasibətilə nazirliyin kollektivi Fəxri Xiyabanda Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin, oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsini yad edib, məzarlar önünə əklil və gül dəstələri düzülüb.

 

X

XƏBƏRLƏR
BÖYÜT