Danışanlardan kim cəzalanacaq: sürücü, yoxsa sərnişin? - MÜZAKİRƏ
14:53 – 23 Oktyabr, 2017

Son vaxtlar sosial şəbəkələrdə müzakirə edilən məsələlərdən biri də,  sükan arxasında olan sürücü, yaxud sərnişinin danışdıqları halda yol polisi tərəfindən cərimə ediləcəkləri ilə bağlıdır. Sükan arxasında danışan sürücülərin 40 manat məbləğində cərimə ediləcəkləri doğrudurmu? APA TV-nin "Bizim həftə" layihəsinin növbəti buraxılışında bu məsələyə aydınlıq gətirilib.

 

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun sözlərinə görə bu məsələ ilə bağlı məlumatlar mətbuatda və sosial şəbəkələrdə təhrif edilmiş formada təqdim edilib: "Söhbət vətəndaşların cərimə olunmasından getmir, biz hamımız çalışırıq ki, yol nəqliyyat hadisələri baş verməsin".

 

Hüquqşünas Ərşad Hüseynov deyib ki, bu qaydanın tətbiqi təcrübəsi sıfıra bərabərdir: "Bizim yanaşmağımız belə olmalıdır: sürücü sükan arxasında diqqəti yayındıracaq heç nə ilə məşğul olmamalıdır. Yola nəzarət etməlidir".  Hüquqşünas hesab edir ki, heç bundan narahat olmamalıdır: "Elə cərimələr var ki, yol polisi onu tətbiq etmir, çünki onların arxasında sosial dəyər yoxdur. Sükan arxasında danışmaq da, söhbət etmək də olar, sadəcə normadan artıq olmamalı, diqqəti yayındırmamalıdır".

 

Müğənni Roza Zərgərli 13 yaşından maşın sürməyi öyrəndiyini və sükan arxasında olduğu müddətdə qayda pozuntusuna yol vermədiyini iddia edir. 

 

"Bizim həftə" verilişini tam olaraq www.apa.tv saytında izləyə bilərsiniz.  

X

XƏBƏRLƏR
BÖYÜT